2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
Kotirovka sorğusu elanı
14 Saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi əsas vəsaitlərə, elektrotexniki avadanlıqlara texniki baxışın keçirilməsi və yararlı olub-olmaması barədə müvafiq rəyin verilməsi xidmətinin göstərilməsi ilə bağlı kotirovka sorğusu elan edir.
Təkliflər 27 noyabr 2020-ci il saat 12:00-dək qəbul olunur.
Təklif zərfləri 1 dekabr 2020-ci il saat 16:00-da açılacaq.
Əlaqələndirici şəxslər: Ağayev Şahməddin - tel: +994702205600
Əliyev Dilqəm - tel: +994519481949
Ünvan:14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin inzibati binası, Masallı şəhəri H.Əliyev pros.83
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə dair sual-cavab
2020-2021-ci dərs ili üçün məktəbəhazırlıqla bağlı ən çox verilən suallar və onların cavabları
Sual: Elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına sənəd qəbulu hansı rayon və şəhərləri əhatə edir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edir.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu necə həyata keçirilir?
Cavab: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.
Sual: Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
Cavab: Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2015-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu hansı müddətlərdə həyata keçirilir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı avqustun 18-dən, məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılır və proses sentyabrın 14-də yekunlaşır.
Sual: Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün hər hansı bir məhdudiyyət varmı?
Cavab: Xeyr, məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu həyata keçirilən rayon və şəhərlərdə ərazi prinsipinin tətbiqi gözlənilirmi?
Cavab: Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur.Yerli şagirdlərin qəbuluna icazə verilməyən məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul edilir.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Cavab:
• Azərbaycan Respublikasının vətəndaşları üçün – valideynin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;
• Xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
• Digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
• Uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
• Valideynin (qanuni nümayəndənin) https://mektebeqebul.edu.az/az/ saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Sual: Elektron ərizənin qeydiyyatı kim tərəfindən aparıla bilər?
Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (https://mektebeqebul.edu.az/az/ ) və ya şəhər və rayonlar üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş Alternativ Qeydiyyat mərkəzlərində aparıla bilər.
Sual: Elektron sistemdən istifadə ödənişlidirmi?
Cavab: Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur.
Sual: Məktəbəhazırlıq qruplarında təhsil ödənişlidirmi?
Cavab:Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Sual: Elektron sistemdə qeydiyyat zamanı istifadəçi hansı əlaqə vasitələrindən istifadə edə bilər?
Cavab: Mobil telefon və ya elektron poçt ünvanı.
Sual: Məktəblərin seçimi hansı qaydada aparılır?
Cavab: Valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir.
Sual: Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu hansı prioritetlər nəzərə alınmaqla aparılır?
Cavab: Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:
• Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;
• Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
• Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.
Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda isə
• Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
• Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.
Sual: Digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu necə həyata keçirilir?
Cavab: 2020-2021-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına sənəd qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni seçdiyi zaman uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsinə ehtiyac yaranmır.
Sual: Məktəbəhazırlığa sənəd qəbulu zamanı müsahibə önəm daşımır. Bəs, bu proses 1-ci sinfə qəbul zamanı prioritet xarakter daşıyacaqmı?
Cavab: Bəli, uşağın məktəbəhazırlıq qruplarında təhsil almasından asılı olmayaraq 1-ci sinfə qəbul zamanı həmin uşaq üçün digər dildə tədris aparılan bölmə seçilərsə, uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirakı mütləqdir.
Sual: İşğal altında olan rayon məktəblərini necə seçmək olar?
Cavab: İşğal altında olan rayon məktəblərini seçən zaman yaşayış ünvanına uyğun rayon (şəhər) təhsil şöbəsini (idarəsini) seçib qeydiyyatdan keçmək lazımdır.
Sual: Məcburi köçkün ailəsindən olan vətəndaşa dair məlumatlar tapılmırsa, nə etmək lazımdır?
Cavab: Seçilmiş uşağın məlumatları "Vahid Aylıq Müavinətlə Bağlı Elektron İnformasiya Sistemi"ndə tapılmırsa, vətəndaş məcburi köçkün vəsiqəsi ilə birlikdə Alternativ Qeydiyyat mərkəzlərinə müraciət etməlidir.
Sual: Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşlar uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirə bilərlər?
Cavab: Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Sual: Elektron qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?
Cavab: Xeyr. Valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.
Sual: Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?
Cavab: Valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.
Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilməz?
Cavab: Valideyn məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.
Sual: Qeydiyyatdan keçdikdən sonra uşaqların məktəblərdə müsahibəyə cəlb olunması və ya onların ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı?
Cavab: Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün uşağın mübadilə vərəqini (sağlamlığı haqqında tibbi arayışı (forma 26U)) məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.
Sual: Uşaq hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər?
Cavab: İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.
Sual: Məşğələlərin müddəti necə müəyyən olunur?
Cavab:
• Həftədə 4 gün olmaqla, 12 məşğələ;
• Bir gün ərzində 3 məşğələ;
• Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə;
• Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
Sual: Məktəbəhazırlıq qruplarında hansı dərs məşğələləri tədris olunacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.
Sual: Məktəbəhazırlıq qruplarında məktəbli forması tətbiq edilirmi?
Cavab: Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.
Sual: Məktəbəhazırlıq qrupları bütün şəhər və rayonlarda fəaliyyət göstərəcək?
Cavab: Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.
Sual: Məktəbəhazırlıq qruplarına qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar?
Cavab:
• Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzlərinə;
• Bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına;
• Həmçinin, Rayon (Şəhər) Təhsil İdarələrinin (Şöbələrinin) telefon nömrələrinə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə suallara aydınlıq gətirmək mümkündür.
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi zamanı ən çox verilən suallar
Sual: Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi qaydaları kimlərə şamil olunur?
Cavab: Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.
Sual: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi hansı qaydada həyata keçirilir?
Cavab: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Sual: Azərbaycanın ali məktəblərində tələbələrin bir ali məktəbdən digər ali məktəbə və ya bir ixtisasdan digər ixtisasa köçürülməsi (daxili köçürülmə) hansı hallarda baş verə bilər?
Cavab: Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
Sual: Magistratura səviyyəsində təhsil alan tələbənin köçürülməsi hansı qaydada aparılır?
Cavab: Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.
Sual: Əgər tələbə dövlət hesabına təhsil alırsa köçürüldükdən sonra o hansı formada təhsilini davam etdirir?
Cavab: Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Sual: Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?
Cavab: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.
Sual: Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər hansılardır?
Cavab:
- Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;
- Tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması;
- DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); qənaətbəxş akademik göstəriciləri; köçürülmə səbəbləri; təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;
- DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri.
Sual: Köçürülmək istəyən tələbə hansı sənədləri toplamalıdır?
Cavab:
- tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd - akademik transkript (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş);
- təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport);
- köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən);
- beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, IELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);
- təhsil haqqı borcunun olmamasına dair arayış.
Sual: Tələbənin köçürülmə əmri verildikdən sonra köçürülmədən imtina edə bilərmi?
Cavab: Xeyr, imtina edə bilməz. Tələbə yenidən qış və ya yay tətili dövründə transfer.edu.az elektron portalına müraciət edə bilər.
Sual: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ varmı?
Cavab: İştirak edə bilər.
Sual: Bir semestr ərzində tələbə transfer.edu.az saytında neçə dəfə qeydiyyatdan keçə bilər?
Cavab: Tələbə yalnız bir dəfə qeydiyyatdan keçə bilər.
Sual: Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi hansı qaydada aparılır?
Cavab: Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi məsələsinə qış və yay tətili müddətində onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda müraciətləri əsasında baxılır.
Sual: Əgər tələbə bakalavriat səviyyəsində dövlət hesabına təhsil alırsa orta ixtisas təhsili müəssisəsinə köçürüldükdən sonra o hansı formada təhsilini davam etdirir?
Cavab: Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər və köçürülən şəxs həmin təhsil müəssisəsində köçürüldüyü ixtisas üzrə təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.
Sual: Tələbə hansı halda köçürülmədə iştirak edə bilməz?
Cavab: Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.
2020-2021-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə test imtahanı ilə bağlı ən çox verilən suallar və onların cavabları
Sual: Müəllimlərin işə qəbulu imtahanları nə zaman başlanılacaq?
Cavab: Müəllimlərin işə qəbulu imtahanlarına 14 avqust tarixindən başlanılacaq və imtahanın keçiriləcəyi tarix, saat və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə hissə-hissə göndəriləcək.
Sual: İşə qəbul imtahanları harada təşkil ediləcək?
Cavab: İmtahanlar namizədlərin yaşayış bölgələri (Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa, Tovuz) üzrə təşkil olunacaq 32 regional mərkəzdə həyata keçiriləcək.
Sual: Namizədlər imtahanda hansı qaydada iştirak edəcəklər?
Cavab: Namizəd imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidir. İmtahan binasına daxil olan namizədin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılacaq və zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılacaq.
Sual: İmtahana gələn namizədlər özləri ilə hansı sənədləri gətirməlidirlər?
Cavab: Azərbaycan Respublikasının vətəndaşları: Şəxsiyyəti təsdiq edən sənədin əsli və şəxsi səhifədən çıxarış;
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər: Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsinin əsli və şəxsi səhifədən çıxarış.
Sual: Test imtahanında namizədlərə hansı bölmələr üzrə test tapşırıqları təqdim olunacaq?
Cavab: Test imtahanında hər bir namizədə 40 ixtisas, 20 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunacaq.
Sual: İmtahan müddəti nə qədərdir?
Cavab: İmtahan müddəti 90 dəqiqədir. İmtahan keçiriləcək bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində cavabları təfsilatlı görmək imkanı yaradılacaq.
Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi ilə bağlı suallar və onların cavabları
Sual: Formal, informal və qeyri-formal təhsil arasında fərqlər nələrdir?
Cavab: Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.
İnformal təhsil dedikdə özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması başa düşülür. Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.
Sual: Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi hansı qaydalarla tənzimlənir?
Cavab: Bu proses Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli qərarı ilə təsdiqlənmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” əsasında həyata keçiriləcək.
Sual: Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün kimlər müraciət edə bilər?
Cavab: Ümumi orta təhsili səviyyəsini ən az 4 (dörd) il əvvəl və ya tam orta təhsil səviyyəsini ən az 2 (iki) il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 (iki) il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün müraciət edə bilər.
Sual: Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması vətəndaşlara hansı hüquqları verəcək?
Cavab: Prosesin yekununda verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”na uyğun olaraq, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.
Sual: Vətəndaşlar peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün nə etməlidirlər?
Cavab: Peşə təhsili üzrə qeyri-formal və informal formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət olunmalıdır. Ərizələrin qəbulu yalnız elektron qaydada www.tkta.edu.az internet səhifəsi vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, pandemiya ilə əlaqədar mövcud karantin rejimini nəzərə alınmaqla, proses üzrə müvafiq mexanizmlər və prosedur qaydaları hazırlanacaq və bu barədə Agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Sual: Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün hansı sənədlər tələb olunur?
Cavab: Bu barədə “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nın “Sənədlərin qəbulu və ilkin baxışının aparılması” adlı 4-cü bölməsi vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.
Müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları
Sual: Müəllimlərin işə qəbulu prosesi necə həyata keçirilir?
Cavab: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
Sual: Müsabiqə hansı mərhələlərdən ibarətdir?
Cavab: Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.
Sual: Builki müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?
Cavab: Builki müsabiqədə hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim vəzifəsində çalışmayan, ali təhsil və orta ixtisas müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.
Sual: Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?
Cavab: Müsabiqədə iştirak etmək istəyən namizədlər 16-25 iyul tarixlərində miq.edu.az saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçməlidirlər.
Sual: miq.edu.az saytından qeydiyyatdan keçərkən nəyə xüsusi diqqət yetirmək lazımdır?
Cavab: Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etdikdən sonra səhifədə iş nömrəsi görünəcək. Namizəd həmin iş nömrəsini yadda saxlamalıdır. Daha sonra yenidən şəxsi səhifəyə daxil olmaq üçün həmin iş nömrəsi tələb ediləcək.
Sual: Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul necə həyata keçirilir?
Cavab: Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
Sual: Test imtahanı necə və harada təşkil olunacaq?
Cavab: Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 20 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur. İmtahanlar namizədlərin yaşayış bölgələri üzrə təşkil olunacaq regional mərkəzlərdə Təhsil Nazirliyi tərəfindın əvvəlcədən elan edəcəyi qrafika uyğun cari ilin avqust ayında həyata keçiriləcək.
Sual: Müəllimlərin işə qəbulu zamanı namizədlər vakant yerləri nə zaman seçirlər?
Cavab: Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
Sual: Yerdəyişmə və daimiləşmə müsabiqəsində uğur qazanmış şəxslər builki müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərmi?
Cavab: Hazırda ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında çalışan müəllimlər builki müsabiqədə iştirak edə bilməzlər. Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı təqdim ediləcək.
Sual: Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələr müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınacaqmı?
Cavab: Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.
Sual: Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?
Cavab: Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.
Sual: Qeydiyyatdan keçdikdən sonra əmək müqaviləsi bildirişinə görə imtina verilərsə, namizəd nə etməlidir?
Cavab: Əgər qeydiyyatdan keçdikdən sonra əmək müqaviləsinin müddətsiz olmasına görə imtina verilibsə, bu zaman ümumi təhsil müəssisəsinin direktoruna müraciət olunmalı, əmək müqaviləsinin elektron bildirişində müvafiq düzəliş edilməsi tələb olunmalıdır.
Sual: Ötən tədris ilində müddətli müqavilə əsasında çalışıb hazırda işləməyən şəxslər bu müsabiqədə iştirak edə bilərlərmi?
Cavab: Bəli, əmək müqaviləsi ləğv edildiyi üçün həmin şəxslər də müsabiqədə iştirak edə bilərlər.
Sual: Builki müsabiqənin müsahibə mərhələsi nə zaman və necə keçiriləcək?
Cavab: Müsabiqənin müsahibə mərhələsi Təhsil Nazirliyinin elan edəcəyi qrafika uyğun olaraq onlayn formada keçiriləcək.
Sual: Builki test imtahanlarının təşkili zamanı təhlükəsizlik qaydaları necə təmin ediləcək?
Cavab: Builki müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində, bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində eyni zamanda imtahanda iştirak edəcək namizədlərin və təşkil ediləcək imtahan sessiyaların sayına məhdudiyyət tətbiq ediləcək. İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin ediləcək.
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi ilə bağlı ən çox verilən suallar və cavabları
Sual: Müsabiqədə kimlər iştirak edə bilər?
Cavab: Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlər bu müsabiqədə iştirak edə bilərlər.
Sual: Müəllimlərin iş yeri nəyə əsasən dəyişdirilir?
Cavab: Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul müsabiqəsində iştirak etdiyi ixtisas və müvafiq imtahan nəticəsinə əsasən dəyişdirilir.
Sual: İş yerini dəyişmək istəyən müəllimlərlə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulub?
Cavab: Xeyr, bu müsabiqə bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla elektron qaydada həyata keçiriləcək.
Sual: Müsabiqə iştirakçılarının imtahan ballarının artım əmsalı ilə hesablanması necə həyata keçiriləcək?
Cavab: Qeydiyyat başa çatdıqdan sonra elektron yerləşdirmə zamanı mövcud qaydalarda nəzərdə tutulan sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.
Sual: Müsabiqəyə çıxarılan vakant yerlərlə necə tanış olmaq olar?
Cavab: Namizəd elektron qeydiyyatdan keçərkən yalnız öz ixtisasına uyğun olaraq vakansiyalarla tanış olub 4 vakant yer seçim edə biləcək.
Sual: İki ixtisaslı müəllim cari işlədiyi ixtisas üzrə deyil, ikinci ixtisası üzrə iş yerini dəyişə bilərmi?
Cavab: Müsabiqədə iştirak edən müəllim diaqnostik qiymətləndirmə və ya işə qəbul imtahanı nəticəsi olduğu halda ikinci ixtisası üzrə iş yerini dəyişə bilər.
Sual: Elektron ərizəni təsdiq etdikdən sonra vakansiya seçimini dəyişmək olarmı?
Cavab: Xeyr, elektron ərizəni təsdiq etdikdən sonra namizədə elektron ərizəni dəyişmək hüququ verilmir.
Sual: Daimiləşmə müsabiqəsində uğur qazanmış namizədlər bu müsabiqədə iştirak edə bilərmi?
Cavab: Daimiləşmə müsabiqəsində uğur qazanmış müəllimlərlə 2020-2021-ci tədris ilində müddətsiz əmək müqaviləsi bağlanacaq. Bu səbəbdən həmin şəxslərin cari müsabiqədə iştirakı imkan xaricindədir.
Sual: Yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlər cari ildə keçiriləcək işə qəbul müsabiqəsində iştirak edə bilərmi?
Cavab: Bəli, iş yerini dəyişən müəllimlərə işə qəbul müsabiqəsində iştirak etmək imkanı yaradılacaq.
I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab
2020-2021-ci dərs ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair
SUAL-CAVAB
Sual: Ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu necə həyata keçirilir? Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir?
Cavab: I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sistem vasitəsilə ərizələrin onlayn qeydiyyatı ölkənin bütün ümumi təhsil müəssisələrini, lisey və gimnaziyalarını əhatə edir.
Sual: 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin I sinfinə şagird qəbulu hansı qaydada həyata keçirilir?
Cavab: 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədrisi digər dillərdə aparılan bölmələrə isə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi (müsahibə) yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbləri istisna olmaqla).
Sual: Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər?
Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər.
Sual: Tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün təşkil edilmiş müsahibələrdə iştirak edə bilməyən uşaqların 1-ci sinfə qəbulu hansı qaydada həyata keçirilir?
Cavab: Həmin uşaqların növbəti tədris ili üzrə 1-ci sinfə qəbulu aşağıdakı mərhələlərdən ibarətdir:
• Valideyn (qanuni nümayəndə) may ayının 18-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir;
• Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları mayın 20-dən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək;
• Onlayn müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistemdə həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək;
• Canlı müsahibə üçün müraciət edən vətəndaşlar verilmiş siyahıdan müsahibənin keçiriləcəyi mərkəz məktəbi seçdikdən sonra iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetdə bildiriş formasında öz əksini tapacaq;
• Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək;
• Canlı müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə 1-ci sinfə avtomatik sorğu yerləşdiriləcək;
• Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq.
Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə 1-ci sinfə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?
Cavab: Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir.
Sual: 2020-2021-ci dərs ili üçün tədris digər dildə aparılan bölmə üzrə müraciət etmiş uşaqların 1-ci sinfə qəbulu hansı qaydada həyata keçirilir?
Cavab:
• Valideyn (qanuni nümayəndə) iyunun 1-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir;
• Onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları iyunun 3-dən etibarən təşkil olunacaq onlayn müsahibədə iştirak edəcək;
• Canlı müsahibə üçün müraciət edən vətəndaşlar verilmiş siyahıdan yaşayış ünvanına uyğun müsahibənin keçiriləcəyi mərkəz məktəbi seçdikdən sonra iyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq;
• Qrafikə uyğun olaraq uşaqlar canlı müsahibədə iştirak edəcək;
• Müsahibə (canlı və ya onlayn) nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə eyni vaxtda məktəb seçimi imkanı yaradılacaq;
• Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq.
Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat valideynə nə zaman və necə bildiriləcək?
Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.
Sual: Müsahibə zamanı uşaqlara hansı meyarlar üzrə suallar verilir?
Cavab: Digər dildə tədris aparılan bölmə üzrə I siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş Müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) yoxlanılır.
Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibədə iştirak zamanı hansı sənədlər tələb olunur?
Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibədə valideyn və uşağın şəxsiyyətini təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunur.
Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hara müraciət edə bilər?
Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə, iyun ayı ərzində rayon (şəhər) təhsil şöbələrində (idarələrində) növbəyə yazılaraq, müəyyən edilmiş vaxtda Apelyasiya komissiyasına müraciət etmək mümkündür.
Sual: Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qeydiyyat necə aparılır?
Cavab: Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Bunun üçün valideyn (qanuni nümayəndə) mayın 20-dən etibarən şəxsi kabinetinə daxil olmalı və öz istəyinə uyğun olaraq təşkil ediləcək müsahibənin formasını (canlı və ya onlayn) seçməlidir. Övladı müsahibədən uğur qazanmış valideyn “Ərazi üzrə” bölməsini seçib müvafiq liseyə sorğu yerləşdirə bilər. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələrin iyun ayı ərzində keçirilməsi planlaşdırılır.
Sual: Lisey və ya gimnaziyaların müəyyənləşdirilmiş mikroərazisində qeydiyyatlı yaşamayan valideynlərin övladının tədrisi digər dillərdə aparılan bölmələrinə qəbulu hansı qaydada aparılır?
Cavab: Lisey və ya gimnaziyaların müəyyənləşdirilmiş mikroərazisində qeydiyyatlı yaşamayan uşaqların tədrisi digər dillərdə aparılan bölmələrə qəbulu üçün ilk növbədə şifahi nitq bacarıqlarının yoxlanıldığı müsahibədə iştirak edib uğur qazanmaq lazımdır. Daha sonra həmin lisey və ya gimnaziyaya qəbulu üçün sistemdə müsabiqəyə yazılmalıdır. Müsabiqə lisey və ya gimnaziyalar tərəfindən həyata keçiriləcək.
Sual: Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilə bilərmi?
Cavab: Bəli, uşaq tədrisi digər dildə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda, həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.
Sual: Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqlarının qəbulu necə həyata keçirilir?
Cavab: Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqları yalnız müsabiqə yolu ilə qəbul edilir. Müsabiqələrin iyun ayı ərzində keçirilməsi planlaşdırılır.
Sual: Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və ya gimnaziyalara qəbulu mümkündürmü?
Cavab: Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin məktəbin müəyyən edilmiş ərazisinə uyğun deyilsə, “Növbə” bölməsini seçərək növbəyə yazıla bilər. Tədrisi digər dildə aparılan bölmə seçildiyi halda isə müsabiqəyə yazıla bilər.
Sual: Müsabiqənin nəticələrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərmi?
Cavab: Lisey tərəfindən uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi məqbul hesab edildiyi halda ümumtəhsil məktəblərinin tədris digər dildə aparılan bölməsini seçib sorğu yerləşdirmək mümkündür. Əks halda valideynə yalnız Azərbaycan bölməsini seçib sorğu yerləşdirmək imkanı verilir.
Sual: I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?
Cavab: Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:
• valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan;
• valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən;
• bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan.
Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilər və ya başqa məktəb seçimi edə bilməz?
Cavab: Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa məktəb seçimi etmək olar.
Sual: I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Cavab: Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:
• Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;
• Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
• xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
• digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
• uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
• valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Sual: Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?
Cavab: Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Sual: Yaşı 8-dən yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?
Cavab: Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.06.2020-ci il tarixindən həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.
Sual: Bakı şəhərində sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Cavab: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə (valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, tibbi arayış, 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə 01.06.2020-ci il tarixindən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlər komissiyaya uşağı da özləri ilə gətirməlidirlər.
Sual: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəb seçimi necə həyata keçirilir?
Cavab: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.
Sual: Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?
Cavab: İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın məktəbə qəbuluna imtina verilə bilər.
Sual: Uşaqların təhsil alacağı məktəbə yerləşdirilməsi prosesi tam olaraq hansı halda başa çatmış hesab olunur?
Cavab: Valideynin (qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbə qəbul olunması barədə müvafiq qəbz almasından sonra uşağın məktəbə yerləşdirilməsi prosesi başa çatır.
Sual: Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?
Cavab: Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.