• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

“Şuşa dərsi” keçirilib

Noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil edilib.

Şuşa məktəblərinin uğur təcrübəsinə həsr edilən “Şuşa dərsi”ndə bu təhsil müəssisələrinin uğur sirri, təhsil ənənələri barədə müzakirələr aparılıb. Vaxtilə Şuşada məktəb direktoru, müəllim işləmiş və hazırda fəaliyyətlərini davam etdirən təhsil işçiləri, elm və təhsil xadimləri ilə aparılan müzakirələr vasitəsilə Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa qəza məktəbinin nümunəsində çoxillik təhsil tarixinə işıq tutulub.

Əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” başlıqlı xalqa müraciətindən videoçarx təqdim edilib. 

Açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Qələbəmizin xalqa bəxş etdiyi sevincdən danışıb. Nazir müavini xatırladıb ki, 2020-ci il sentyabrın 27-dən Ali Baş Komandanın rəhbərliyi ilə davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad edib. Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail olub. 

Azərbaycan torpaqlarının hər qarışının azad edilməsinin rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olduğunu deyən nazir müavini Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allahdən rəhmət, yaralılarımıza isə şəfa diləyib. Qeyd edib ki, Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq.

Firudin Qurbanov noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması münasibətilə hamını təbrik edərək vurğulayıb ki, əhalisinə görə Qarabağda ən böyük rayon olan Ağdam siyasi yolla, itkisiz azad olunub. 

 Nazir müavini çıxışına Qarabağın incisi, zəngin təbiət və mədəniyyəti ilə seçilən Şuşanın işğaldan azad edilməsi ilə bağlı dövlətimizin başçısı,  Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə davam edib: “Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq. 30 illik həsrətə son qoyulur”. 

 Nazir müavini onu da bildirib ki, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına salınması məqsədilə hazırda müvafiq işlərə başlanılıb.

    Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühitinin böyük rol oynadığını qeyd edən nazir müavini bildirib ki, ötən yüzilliklərdən üzübəri müxtəlif sənət və peşə sahiblərinin, xüsusən görkəmli ziyalıların yetişməsində bir ədəbi mühit kimi Şuşanın böyük rolu olub.

    Şuşa qəza məktəbinin tarixinə toxunan Firudin Qurbanov deyib ki, bu qəza məktəbi ilə Azərbaycanda dövlət təhsil sisteminin bünövrəsi qoyulub. Şuşa şəhərində dünyəvi məktəbin açılması böyük əlamətdar hadisə idi. Bununla Şimali Azərbaycanda Avropa tipli dünyəvi təhsilin əsası qoyulmuş oldu. Bu məktəb Şuşanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında, Şuşa əhalisinin maariflənməsində mühüm rola malik olub. Eyni zamanda, bu məktəb Azərbaycanın o dövrki inkişafı üçün fəaliyyət göstərən şəxslərin yetişməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

  Nazir müavini çıxışına bu sözlərlə davam edib:"Hazırda Şuşa rayonu üzrə 21 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə çalışan 480 nəfərə yaxın pedaqoji işçi 4000-dən artıq şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Dövlət tərəfindən Şuşa təhsilinə həmişə böyük diqqət yetirilir. Bu gün də Şuşa məktəbləri, Şuşa müəllimləri harada olmalarından asılı olmayaraq, uşaqların əsl vətəndaş kimi və vətənpərvər böyümələrinə, biliklərə yiyələnmələrinə məsuliyyətlə yanaşırlar. Şuşa məktəbləri, Şuşa müəllimləri doğma torpaqlarımıza qayıdış ruhu ilə yaşayır. Onları yaşamağa və işləməyə ruhlandıran böyük inam, Vətənə məhəbbət, gələcəyimiz olan uşaqlarımıza yüksək bilik verilməsidir".

  Nazir müavini çıxışının sonunda tədbirdə müzakirə edilən önəmli məsələlər, çıxışlarda səsləndirilən dəyərli fikirlər və irəli sürüləcək təkliflərin seminarın işinə töhfə verəcəyinə və gələcəkdə bununla bağlı keçiriləcək görüşlər, tədbirlər üçün Şuşada təhsilin inkişafının təmin olunmasında faydalı olacağına əminliyini ifadə edib.

"Şuşa dərsi”nin moderatoru, T-NETWORK-un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov öz növbəsində T-N-NETWORK olaraq Təhsil Nazirliyinin dəstəyi ilə silsilə olaraq təhsilin inkişafı istiqamətində müzakirələr təşkil etdiklərini vurğulayaraq, belə müzakirələri dəstəkləyən Təhsil Nazirliyinin rəhbərliyinə T-NETWORK komandası adından xüsusi təşəkkür edib. Bildirilib ki, “Şuşa dərsi” Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planının tərkib hissəsidir.

Müzakirələrdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Şahlar Əsgərov,  Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Asif Cahangirov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşada da məktəb direktorları işləmiş, hazırda Şuşa rayonu 5 nömrəli tam orta məktəbin direktoru olan Şükür Nəsibov, Şuşa rayonu 19 nömrəli tam orta məktəbin direktoru Rafael Məmmədov, vaxtilə Şuşada müəllim işləmiş, hazırda isə Şuşa rayonu 6 nömrəli tam orta məktəbdə direktor kimi fəaliyyətini davam etdirən Naimə Əliyeva, eyni adlı məktəbin müəllimi Raisə Fərəcova, Şuşa rayonu 24 nömrəli ümumi orta məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək öz təcrübələrini paylaşıblar.

Müzakirələr vasitəsilə "Şuşa məktəblərinin uğur sirri nədir?, Şuşadakı məktəblər hansı ənənələri ilə seçilib?, Hazırda bu ənənələrdən hansılar davam etdirilir?, Bu günün məktəblərinin Şuşa məktəblərindəki təlim-tədris praktikasından öyrənəcəyi nələr var?,  Dahilər yetişdirən məktəblərin xüsusiyyətləri nələrdir?, Daha bir Ü. Hacıbəyovun, Firudin bəy Köçərlinin və digər dahi şəxslərin yetişməsi üçün nələr etmək lazımdır?” kimi suallara cavab axtarılıb.

Təhsil Nazirliyinin rəsmi "Facebook” səhifəsi üzərindən canlı yayımlanan və təhsil ictimaiyyətinin böyük marağına səbəb olan “Şuşa dərsi”ni 30 minə yaxın insan izləyib.

 


3 il əvvəl

Sayt test rejimində çalışır