"Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər" mövzusunda dinləmə keçirilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Ailənin sosial-psixoloji təminatı və mövcud problemlər” (Pandemiya və post-müharibə dövrü) mövzusunda videokonfrans formatında dinləmə keçirilib.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təəssüf hissi ilə qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyası nikahların və boşanmaların sayına təsir göstərib. Bir çox ölkələrdə demoqrafik artım mənfi tendensiya ilə müşahidə olunur. Komitə sədri bildirib ki, ailədə meydana çıxan çətinliklərin vaxtında üzə çıxarılması, ailə həyatının böhranlı mərhələsində düzgün qərarların qəbul olunması ailə üzvlərinin psixoloji sağlamlığının qorunmasına xidmət etmiş olar. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına əsasən, zəruri tədbirlərin görüldüyünü diqqətə çatdıran Hicran Hüseynova əlavə edib ki, pandemiya və post-müharibə dövründə yaranmış vəziyyətdə ailələrin sosial-psixoloji durumunun qiymətləndirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması ilə bağlı lazımi tədbirlərin həyata keçirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə işlər daha da gücləndirilməlidir.
Onlayn tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib ki, Azərbaycanda ailə institutunun tarixi çox qədimdir və milli-mənəvi dəyərlərə bağlı olan sosial bir qurum kimi müasirliyə də hər zaman açıq olub. Bahar Muradova qeyd edib ki, bütün söylənilən fikirlərlə yanaşı, qanunvericilikdə də müvafiq dəyişikliklərin edilməsi vacibdir.
Təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, ailə aparıcı sosial institut olaraq, şəxsiyyətin formalaşmasında ən əsas amildir və təsadüfi deyil ki, ölkəmizdə ailə siyasəti bütövlükdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Nazir müavini qeyd edib ki, hər bir ailənin həyat fəaliyyətində təhsilin çox mühüm funksiyası şəxsiyyətin formalaşdırılmasıdır. Ailədə uşaqlar ətraf mühit, dünya haqqında ilkin bilikləri alır. Ailə ilə məktəb əməkdaşlığının əhəmiyyətini vurğulayan Firudin Qurbanov bildirib ki, ailə tərbiyədə məktəbin əsas tərəfdaşıdır. Şagird, müəllim və valideynlərin birgə fəaliyyətinin yaradıcı şəraitin yaradılmasında mühüm əhəmiyyəti var. Qloballaşan dünyada, informasiya cəmiyyətində uşaqların milli zəmində, milli adət-ənənələr ruhunda tərbiyəsi, bu gün həmişəkindən daha vacib və aktualdır. Bu baxımdan, həm ailədə, həm də məktəbdə milli dəyərlərimiz, mədəniyyət, incəsənət və ədəbiyyatımız, onların mütaliəsi daha geniş şəkildə təbliğ olunmalıdır. Valideynlər uşaqlarla səmərəli vaxt keçirməli, hər an onların öyrənməsinə yardımçı olmalı, maraqlarına cavab verən məşğələlərə cəlb etməli, suallarına cavab tapmaqda kömək etməlidirlər.
Nazir müavini çıxışı zamanı son illərdə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində tərbiyə işinin təşkili, sağlam mənəvi-psixoloji mühitin yaradılması, məktəb-ailə münasibətlərinin tənzimlənməsi, təhsilalanların təhlükəsiz təhsil şəraiti ilə təmin olunması, xüsusi hallarla bağlı fəaliyyətlərin icrası istiqamətində bir sıra zəruri tədbirlərin həyata keçirildiyini, normativ-hüquqi aktlar və təlimati sənədlərin təsdiq edildiyini diqqətə çatdırıb.
Firudin Qurbanov çıxışının sonunda həyata keçiriləcək tədbirlərin məktəb-ailə münasibətlərinin daha səmərəli tənzimlənməsinə, valideynlərin təlim-tərbiyə prosesində daha fəal iştirakına və gənc nəslin formalaşmasına öz töhfəsini verəcəyinə ümidvarlığını ifadə edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov məsələnin aktuallığını vurğulayaraq nazirlik tərəfindən başladılan yeni təşəbbüslər barədə məlumat verib.
Videokonfransda iştirak edən Daxili İşlər nazirinin müavini Oruc Zalov, İdman və Gənclər nazirinin müavini İntiqam Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov ailənin sosial-psixoloji mühitinin düzgün formalaşması, ortaya çıxan problemlərin, o cümlədən məişət zorakılığının aradan qaldırılması, pandemiya və post-müharibə dövründə ailədaxili münasibətlərin öyrənilməsi və digər zəruri məsələlərdən danışıblar.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Jalə Əliyeva və Rəşad Mahmudov çıxış edərək pandemiya və Vətən Müharibəsinin ölkədə yaratdığı çətinliklərdən söhbət açıblar, problemlərin həll edilməsi istiqamətində dövlət və vətəndaş həmrəyliyinin vacibliyini vurğulayıblar.
Tədbirdə aidiyyəti qurumların, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransa yekun vuraraq məsələnin vacibliyini bir daha qeyd edib və səsləndirilən bütün təkliflərin nəzərdən keçiriləcəyini bildirib.
3 il əvvəl
Daha çox xəbər
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
3 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
3 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
3 il əvvəl