Rafil müəllim şagirdlərinin yaddaşında ustad müəllim kimi qalıb
...Məktəb onun məbədi idi. Anadan müəllim doğulmuşdu. Ömrüm boyu onun kimi ikinci müəllim görmədim.
Rafil müəllim öz yaradıcısını təsdiq edə bildi. Tanrı bu kamilliyi qiymətləndirdi; ona çox mənalı və əqidəli ömür pay verdi, sonsuz həvəs, tükənməz müsbət enerji, saysız insan məhəbbəti, təmiz vicdan və azadlıq bağışladı. Ancaq bircə şeydən doymadı: öyrənməkdən, öyrətməkdən.
Həyatı da, ümidi də şagirdlərinə bağlı idi. "Mənim şagirdlərim Azərbaycanın gələcəyidir" demişdi. Onları şəxsiyyət kimi formalaşdırmaq üçün gah ədəbiyyatçı, gah tarixçi, gah aktyor, gah rejissor olurdu. Viktorinalar, bilik yarışları, poeziya, musiqi, muğam və s. qabiliyyətləri aşkara çıxarmaq üçün maraqlı tədbirlər keçirər, istedadlı şagirdlər üçün nəinki əlindən gələni edər, başqalarından da kömək istərdi.
Müəllimlik fəaliyyətinə 1970-ci ildə Balakən rayonunun Qaravəli kənd orta məktəbində başlamışdı. Onun ilk şagirdlərinin indi altmış yaşı var. Minlərlə insana riyaziyyatın çətin məsələlərini həll etməyi öyrətdi. Qara lövhə, ağ təbaşir və on natural rəqəm onun həyat atributları idi. Yarım əsrdən çox onun ömür simfoniyasını çalan qara sondakı ağ akkordlar (həmişə qara lövhədə ağ təbaşirlə yazmağa üstünlük verirdi) minlərlə şagirdin marşının əks-sədasına çevrildi.
Rafil müəllim "xalqların yarışı onların zəkalı adamlarının yarışıdır. Yaponiyada hərtərəfli inkişaf ona görə baş tutdu ki, yaponlar təhsildən başladılar (arxivindən) deyərək məktəb yaratmaq arzusu ilə böyük bir işə həvəslə başlamışdı. "Gələcək zəkalar" (hazırda 287 nömrəli orta məktəb) məktəbi istedadlı şagirdlərin tam və dolğun inkişafını təmin etmək üçün yaradılan yeni tipli eksperimental məktəbdir" sözlərini onun arxivini araşdırarkən 1992-1993-cü dərs ilində açılacaq məktəbin nizamnaməsində tapdım. Səliqə ilə toplanmış, xəttat qabiliyyəti ilə yazılmış test qovluqları təhsil üçün ilk addımlar atan müəllimin 1981-1982-ci tədris ilində Bakıda 116 nömrəli orta məktəbdəki zəka müjdəsi hesab edilə bilər. Rəhbərlik etdiyi, riyaziyyatçılar hazırladığı iyirmi şagirdin hamısı 1995-ci ildə ali məktəblərə (beş nəfər Türkiyənin universitetlərinə) qəbul olunmuşdu.
2001-ci ildə sinfinin 16 şagirdi 600-dən çox bal yığmış, müəllimi hədsiz sevindirmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il 13 oktyabr tarixli sərəncamı ilə İmanov Rafil Cəlal oğluna "Əməkdar müəllim" adını vermişdir.
2013-2014-cü dərs ilində sağalmaz xəstəliyə tutulub ağır əməliyyat keçirsə də, müəllimlik etdiyi - riyaziyyatdan hazırlaşdırdığı 20 şagirddən üç nəfər qızıl medal qazanmış, iki şagirdi isə 700 bal ilə Azərbaycan Diplomatik Akademiyasına qəbul olunmuşdur.
Xəstə müəllim üçün bütün bunları məlhəm saymaq olardı.
İnsan iradəsi orqanizmdə gedən proses və xəstəliklərə bəzən qalib gələ bilmir. Sevimli müəllimimiz ən çətin məsələlərin həllini tapsa da amansız xəstəliyə qalib gələ bilmədi. "Əlil arabasında dərsə gedəcəyəm" ümidi ilə ən çox sevdiyi, həmişə bayram kimi gözlədiyi bir gündə - sentyabr ayının birində dünyasını dəyişdi.
"Riyaziyyatı sevsəniz mənim qəlbimin dərinliklərində yaşayacaqsınız" sözləri ömürlük yaddaşımızda qaldı (Rafil müəllimin məzar daşına bu cümləsi həkk olunub).
"Müdriklik ediləcək hərəkətin ayrı-ayrı nəticələrini qabaqcadan görmək, gələcəkdəki böyük faydaların xətrinə hazırkı ötəri mənfəətləri qurban vermək qabiliyyətləri və idarə olunanı idarə etmək məharətidir" (R.Akoff).
Heç zaman ölümün adını dilinə gətirmədi. Ömrünü öləndən sonra yaşamaq üçün yaşadı. Milyon dəfə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərini yazdı. Dahilər dünyasına onu bu on rəqəminin möcüzəsi ismarlamışdı? Məncə, tək bunlar yox. Onun mənəviyyatı da ölümsüzlüyünü təsdiq etmək üçün zəngin mirasdır.
"Qəlbən şair olmadan yaxşı riyaziyyatçı olmaq mümkün deyildir" sözlərini tez-tez işlədərdi.
İdeal ömür-gün dostu olmuşdu. Vaxt onun üçün hər şeydən qiymətli idi. "Elm öyrənmək də, elm öyrətmək də savab işdir" həyat fəlsəfəsini yeniyetmələrə öyrətmək, xələflər hazırlamaq savabını xəstə yatağında da unutmurdu. Özünü şagirdin yerinə qoyaraq istədiyinə nail olan tərbiyəçi idi. Bəzən özünü, istedadını kəşf edə bilməyən yeniyetmələrə yardım edər, ona istiqamət verərdi. Çox sevdikləri və inandıqları üçün şagirdlər onun göstərdiyi yolla gedib uğurlar qazanardı.
Riyaziyyat üzrə hazırlaşdırdığı bir gənc qıza jurnalist olmağı tövsiyə etmişdi. Həmin qız indi televiziyanın peşəkar aparıcılarından biridir.
"İradə azadlığı əslində işi bilməklə qərar qəbul etmək deməkdir".
(A.Mirzəcanzadə, ixtisasa giriş).
Şagirdlərini şəxsiyyət kimi yetişdirmək üçün müəllim özü örnək olmalıydı, oldu da. Axı, şəxsiyyət insanın mənəvi tələbatlarının cəmi olan niyyətlər yığınıdır, - demişlər.
Ömrünü xeyirxahlığa, yardım etməyə, bağlı qapı açmağa, gəncləri biliklə dünyanı pisliklərdən xilas etməyə, boyun əyməkdən, aciz olmaqdan zəka ilə qurtulmağa, azad yaşamağa, anaları savadlı, məntiqli övlad böyütməyə öyrədən böyük müəllim idi Rafil müəllim. Hələ 1974-cü ildə səkkizinci sinifdə oxuduğum vaxt riyaziyyat viktorinasında (bilik yarışlarını Rafil müəllimin köməyi ilə hazırlayırdıq) bir müdrikin sözlərini təlaşla söyləmişdim: "Anam məni göydən yerə endirib, müəllimim isə yerdən göyə qaldırıb".
...Orta məktəbi bitirirdim. Son dərsimiz riyaziyyat dərsi idi, hamımız kövrəlmişdik. Zəng çalındı. Sevimli müəllimim sinif otağından çıxanda ona dəftərimi verdim: Rafil müəllim, xatirə yazmağınızı xahiş edirəm - dedim. Yazdı. İndi həmin sözlər sanki dəftərə yox, Rafil müəllimin qəlbimdə yaratdığım heykəlinin pyedestalına həkk olunub.
Rafil müəllimin indi təkcə mənim yox, bütün şagirdlərinin yaddaşında heykəli var. Dünyanın hər tərəfində Azərbaycan intellektini təmsil edənlərin ziyarətgahına çevrilmiş "Zəkalar" liseyində, inanırıq ki, onun adı da əbədiləşdiriləcəkdir.
* * *
Bəzən böyük auditoriyaya daxil olursan, paylaşmağa bir təəsürat belə tapmadan çıxırsan. Kiçik bir auditoriyadan elə təəssüratlarla ayrıldım ki, bilmirəm sözü haradan başlayım. Bu, sadəcə, məktəbdə bir sinif otağı idi...
Noyabrın 11-də "Zəkalar" liseyində mərhum əməkdar riyaziyyat müəllimi, həmçinin liseyin yaradıcısı Rafil İmanovun 65 yaşı qeyd olundu. Bu yubiley tədbiri təsadüfdənmi, ya zərurətdənmi mərhumun vəfatının qırx gününün tamamına təsadüf etdi. Amma bu sadə cümlələr Rafil İmanovun anım gününün doğurduğu təəssüratları ifadə etmək gücündə deyil.
Auditoriyaya daxil olanda içəridəki adam sıxlığı ilə yanaşı diqqətimi baş tərəfdə bir lövhə çəkdi. Üzərində aforizmlər olduğunu gördüm. Bunların Rafil müəllimin təlim və tərbiyə prinsipləri olduğunu anlamaq çətin olmadı. Lövhənin baş tərəfində ulu öndər Heydər Əliyevin fikri yer alırdı: "Mən dünyada müəllimlikdən yüksək ad tanımıram". Bu fikir elə Rafil İmanovun da müəllim qəlbindən xəbər verirdi. Daha aşağılarda isə riyaziyyat müəlliminin fitrətini ifadə edən öz fikirləri öyrətmək və öyrənmək prinsipləri olaraq şagirdlərinin gözü önündən asılmışdı.
Tədbir şagirdlərin aparıcılığı və çıxışları ilə başladı. Çıxış edən şagirdlər öz həyat yollarında Rafil İmanovun timsalında müəllim zəhmətini yüksək dəyərləndirdilər: Rafil müəllimin ən son sinif rəhbəri olduğu şagirdlər onun xatirəsi önündə söz verdilər ki, bu il qəbul imtahanında ən yaxşı nəticə göstərəcəklər.
Şagirdlərin ifasında Rafil müəllimin ən çox sevdiyi əsər - Şəhriyarın "Heydərbabaya salam" əsərindən bir parça kompozisiya şəklində təqdim edildi. Saz havası dinlənildi. Yeddinci sinif şagirdi Rzazadə Əbülfəzin ifa etdiyi Bəxtiyar Vahabzadənin "Tələbələrim" şeiri auditoriyanı kövrəltdi. "Mən sizinlə həmyaşam, hamınıza yoldaşam" sözlərini sanki Rafil müəllimin dilindən dinləyirdik...
Tədbir iştirakçıları liseyin müəllim, şagird kollektivi ilə yanaşı, illər öncəsi məzunlardan, valideynlərdən və həmçinin mərhum müəllimin ailəsi və qohumlarından, dostlarından ibarət idi. Müəllim yoldaşları Şamxal Məmmədov, Malik Vəliyev göz yaşları içərisində öz ürək sözlərini paylaşdılar. Ailə üzvlərindən həyat yoldaşı Gülbəniz xanım, qardaşları Kamil İbrahimov, Kərəm İbrahimov, qohumları, ötən illərin məzunları, ilk şagirdlərindən biri olan Tamilla xanım çıxış edərək bu itkinin ağırlığını dilə gətirdilər. Bütün çıxışlarda müxtəlif epizodlar içərisində eyni fikirlər qırmızı xətlə keçirdi: böyük insan, böyük pedaqoq, böyük riyaziyyatçı və həmçinin böyük ailə başçısı... Həqiqətən də, hər kəlmənin başına yalnız bu böyük sözü yaraşırdı. Vətənpərvər Rafil İmanovun milli duyğuları beş övlad tərbiyəsində də özünü göstərirdi. Övladlarına verdiyi adlar da müəllimin milli ideallarının ifadəsidir.
Tədbirin sonunda "Zəkalar" liseyinin direktoru Aygün Əhmədli təhsil ocağının fəaliyyətində Rafil İmanovun zəhməti haqqında geniş bəhs etdikdən sonra liseyə müəllimin adının verilməsi arzusunu dilə gətirdi. İndi məktəbin bütün kollektivi məhz bu arzu ilə yaşayır ki, "Zəkalar" liseyi yaxın zamanlarda Rafil İmanovun adını daşısın.
Tədbirdən sonra iştirakçılar tərəfindən Rafil İmanovun məzarı ziyarət olundu.
"Azərbaycan müəllimi" qəzeti