Aprelin 8-də Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin təşəbbüsü ilə 12 saylı Bakı Peşə Liseyində “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişafi Üzrə Dövlət Proqramının (2007 - 2012- ci illər) ” tələblərinə uyğun olaraq texniki- peşə təhsilinin məzmununun təkmilləşdirilməsi üzrə seminar keçirilib.
Yeni dövlət standartlarına uyğun kurikulumların hazırlanması məqsədilə təşkil olunan bu seminarda Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin əməkdaşları, texniki peşə təhsili müəssisələrinin rəhbərləri, istehsalat təlim ustaları və ixtisas fənn müəllimləri iştirak edib. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi Elxan Cəfərov və Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin direktoru Rəsul Əsgərov mövcud problemlər və onların həll edilməsi məqsədilə peşə kurikulumları hazırlayan işçi qruplarının yaradılması, onların vəzifələri, qarşıda duran məsələlər haqqında məruzə ilə çıxış ediblər. Sonra seminar iştirakçıları peşə təhsilinin mövcud durumuna bir daha nəzər salaraq, faydalı məsələləri qəbul etməklə geniş müzakirələr aparıblar. Seminarda təlim prosesinə yeni yanaşmaları müəyyənləşdirmək, şagirdin, məktəbin və cəmiyyətin ehtiyacları nəzərə alınmaqla qiymətləndirilməli olan məsələləri öyrənmək, aşkar olunmuş problemlərin aradan qaldırılması istiqamətlərində işlərin aparılmasını davam etdirmək də planlaşdırıldı.
08/07/2015 16:52
Aprelin 7-də “Ekselsior” otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş regionunda pilot icrası” layihəsinin açılış mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan hökumətinə mövcud peşə təhsili və təlimi sistemində islahatlar aparılması işində dəstək göstərəcək bu layihənin məqsədi ölkəmizin qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi, texniki- peşə təhsili məzunları üçün iş imkanlarının artırılmasından ibarətdir. Mərasimi açan təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə texniki-peşə təhsili sahəsinin təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atıldığını qeyd edib. Dünyanın müxtəlif ölkələrinin qabaqcıl təcrübəsindən, təhsil sistemində peşə təhsili müəssisələrinin nüfuzundan söz açan nazir həyata keçirilmiş bir çox tədbirlər, eləcə də bu layihənin uğurlu icrasının əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin birinci katibi cənab Stiven Stork və “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye bu layihənin ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsində önəmli rolundan və müxtəlif sahələr üzrə əlaqələrin qurulmasında maraqlı olduqlarından bəhs ediblər. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov “Peşə təhsili və təlimin perspektivləri və Azərbaycanın təhsil sistemi sahəsində islahatlarla əlaqəsi” adlı məruzəsində son zamanlar peşə təhsili sahəsinə artırılan diqqət və qayğıdan, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edib. Eyni zamanda “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş regionunda pilot icrası layihəsi” ilə bağlı görülmüş işlərdən danışıb. Mərasimdə layihənin rəhbəri Nils Kristensen “Peşə təhsili, təlimin müasirləşdirilməsi layihəsi, məqsədlər, layihənin icrası və gözlənilən nəticələr” mövzusunda məlumat verib, həmçinin bir sıra qurumların əməkdaşları qeyd olunan istiqamətdə çıxış edərək layihənin texniki-peşə təhsili sahəsinin inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.
08/07/2015 16:52
Fevralın 25-də Təhsil Nazirliyində ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Əlaqələndirmə Şurasının ilk iclası keçirilib.
İclasda İqtisadi İnkişaf, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları, Sahibkarlar Təşkilatı Milli Konfederasiyası və Qeyri-hökumət təşkilatı forumunun nümayəndələri iştirak edib. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq son illər bu sahəyə göstərilən dövlət qayğısından, qəbul edilən Dövlət Proqramından danışıb.Nazir müxtəlif qurumların nümayəndələrinin daxil olduğu Əlaqələndirmə Şurasının yaradılmasına böyük önəm verdiyini və müvafiq istiqamətdə mövcud olan problemlərin həllində şuranın xüsusi rol oynayacağını diqqətə çatdırıb. Sonra Misir Mərdanov Dövlət Proqramı qəbul edildikdən sonra görülən işlər və gələcək perspektivlər haqqında ətraflı məlumat vermək üçün sözü nazirliyin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədova verib. N.Məmmədov “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin İnkişafı üzrə Dövlət Proqramı(2007-2012-ci llər)nın yerinə yetirilməsi vəziyyəti barədə” təqdimat-məruzə edib, peşə təhsili müəssisələrinin illər üzrə əsas göstəriciləri, onların avadanlıqlarla təminatı vəziyyəti, tədris-maddi bazası barədə statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb. Mövcud sahə üzrə bu günün reallığından söz açan məruzəçi hazırda ölkəmizdə 107 texniki-peşə təhsili müəssisəsinin fəaliyyət göstərdiyini, həmin müəssisələrdə isə 23 453 şagirdin təhsil aldığını qeyd edib. N.Məmmədov Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərdən, bir sıra beynəlxalq təşkilatlarla birgə görülən işlərdən, eləcə də perspektiv planlardan danışıb. İclasda cari ilin yanvarında Təhsil Problemləri İnstitutunda “İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin yaradılmasından, mərkəzin əsas funksiyalarından da söz açılıb. Tədbirdə iştirakçıların məruzə ilə əlaqədar suallarına cavab verilib, bir sıra məsələlərə dair rəy və təkliflər səslənib. Sonda Əlaqələndirmə Şurasının növbəti iclasının paytaxtın peşə təhsili müəssisələrindən birində keçirilməsi qərara alınıb.
08/07/2015 16:52
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan olunması uşaqlara, o cümlədən də uşaq evlərində, internat məktəblərdə yaşayıb təlim-tərbiyə alan balaca vətəndaşlara dövlət qayğısının güclənməsinə, vətəndaş cəmiyyəti qurumlarının uşaq problemlərinə diqqətinin artmasına səbəb olacaq.
Artıq üçüncü ildir ki, ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan kimsəsiz, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrdən olan uşaqların müəssisələrdən bioloji və alternativ ailələrə verilməsini və onlara yaşadıqları ərazidə icmaəsaslı sosial xidmətlərin təşkil edilməsini nəzərdə tutan “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” həyata keçirilir. Qeyd olunan proqramın icrası istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, əlaqədar qurumlarla birlikdə bütün internat məktəb və uşaq evlərinin fəaliyyətinin monitorinqi aparılıb, dövlət uşaq müəssisələrinin və orada yaşayan uşaqların qiymətləndirilməsi keçirilib, məlumat bazası yaradılıb və dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan hazırlanıb. Plana əsasən Bakı şəhər 2 saylı uşaq evi nəzdində “Günərzi Qayğı Mərkəzi” adlı alternativ xidmət növü təşkil olunub. Bundan əlavə, 7 internat tipli müəssisənin transformasiya edilməsi, onlardan 4-nün gimnaziya, 2-nin ümumtəhsil, 1-nin inkluziv komponentli məktəbə çevrilməsi istiqamətində işlər görülür. 2009-cu ildə 3 internat tipli müəssisə ümumtəhsil məktəb, gimnaziya, idman təmayüllü liseyə çevriləcək. Hazırda ölkəmizdə “Uşaq müdafiəsi sistemi”nin yaradılması üzrə iş gedir. Bununla əlaqədar pilot layihə çərçivəsində məlumat bankının, alternativ qayğının, ailələrə verilmiş uşaqların vəziyyətinin öyrənilməsi üzrə monitorinq sisteminin yaradılması nəzərdə tutulub.
08/07/2015 16:52
21 fevral ölkəmizdə Beynəlxalq Ana dili günü kimi qeyd edilir. Hər il bu məqsədlə ölkəmizin ümumtəhsil məktəbləri və digər təhsil müəssisələrində müvafiq tədbirlər təşkil edilir. Belə tədbirlər biri də Bakının 190 saylı məktəbində keçirilib.
“Mənim ana dilim” mövzusunda təşkil olunan bu tədbirin əsas məqsədi Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi qoruyub saxlayaraq gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə qarşı sevgi və hörmət hissini daha da artırmaqdan ibarət olub. Tədbirdə Azərbaycan Dillər Universitetinin kafedra müdiri, filologiya elmlər doktoru Adil Babayev çıxış edərək ana dilinin əsrarəngiz gözəlliyindən, səlisliyindən və s. danışıb. Sonra şagirdlər ana dilində şer və monoloq söyləyib, mahnılar oxuyublar, eyni zamanda Azərbaycanın görkəmli yazıçı və şairlərinin foto albomundan ibarət təqdimat olub. Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhər üzrə Təhsil İdarəsinin əməkdaşları, şagird, müəllim və valideynlər iştirak ediblər.
08/07/2015 16:52
Fevralın 20-də təhsil naziri Misir Mərdanov “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin açılışı ilə əlaqədar ölkəmizə səfərə gəlmiş İSESKO-nun baş direktoru cənab Əbdüləziz bin Osman əl-Tuveycri Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına orta məktəbdə olublar.
Qonaqlar məktəbi gəzərək burada yaradılmış şəraitlə tanış olublar. Misir Mərdanov qonağa məlumat verərək bildirib ki, ötən ildən fəaliyyət göstərən bu təhsil ocağı IX-XI sinifləri əhatə edir və burada istedadlı şagirdlərə informatika, xarici dil və riyaziyyat istiqamətləri üzrə dərinləşdirilmiş təhsil verilir. Məktəbin müasir avadanlıqlarla təchiz olunmuş kimya, fizika laboratoriyaları, idman zalı, müəllimlər otağına baş çəkən qonaqlar gördüklərindən məmnun qaldıqlarını bildiriblər. Sonda cənab Əbdüləziz bin Osman əl-Tüveycri məktəbin xatirə kitabına öz ürək sözlərini yazıb.
08/07/2015 16:52
Fevralın 17-də Təhsil Nazirliyində “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və ölkəmizin seçilmiş rayonlarında pilot icrası layihəsi” idarəetmə komitəsinin iclası olub.
İclasda İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin məsul işçiləri, Avropa İttifaqının Azərbaycan Respublikasında Beynəlxalq Texniki Yardımı Üzrə Koordinasiya Şurasının, Respublika Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının və İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər. Layihənin rəhbəri Nils Kristensen müvafiq sənəd barədə iclas iştirakçılarına ətraflı məlumat verib. Məlumat üçün bildirək ki, layihənin fəaliyyət planının əsas istiqaməti peşə təhsili və təliminin (PTT) modernləşdirilməsi üçün siyasətin hazırlanması bacarıqlarının, strategiyanın və müvafiq proqramın təkmilləşdirilməsidir. Bu sənədin hazırlanması “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”na və Təhsil Nazirliyinin 30 iyul 2007-ci il tarixli 940 nömrəli əmrinə əsasən məsləhətləşmələr aparmaqla həyata keçiriləcək. Qeyd edək ki, layihəyə əsasən turizm sektorunda səriştəyə əsaslanan peşə təliminin həyata keçirilməsi üçün milli, regional və yerli səviyyələrdə səmərəli tərəfdaşlığın qurulması nəzərdə tutulur. Bundan əlavə bütün maraqlı tərəflərin iştirakı ilə turizm sahəsi ilə bağlı peşə və kvalifikasiya standartlarının hazırlanması üzrə işçi qrupunun yaradılması planlaşdırılır. Fəaliyyətə başladığı dövrdən layihənin texniki tərəfdaşı olan Britaniya Şurasının mütəxəssisləri İsmayıllı, Gəncə, Mingəçevir şəhərlərinə səfər edib, yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirib.
08/07/2015 16:52
Təhsil naziri Misir Mərdanov “Xocalı soyqırımının on yeddinci ildönümünün keçirilməsi barədə” əmr imzalayıb.
Əmrə əsasən Təhsil Nazirliyinin tədbirlər planı təsdiq olunub. Tədbirlər planında fevralın 26-da ali, orta ixtisas, ümumtəhsil, texniki-peşə, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə ilk dərs saatının Xocalı soyqırımına həsr edilməsi, bu təhsil müəssisələrinin internet saytlarına soyqırımla bağlı məlumatların daxil edilməsi, rəsm sərgiləri, matəm mitinqləri, bədii və xatirə gecələrinin keçirilməsi, tamaşalar hazırlanması, sənədli və bədii filmlərin nümayişinin təşkil edilməsi, soyqırımın şahidi olan şəxslərlə görüşlər keçirilməsi barədə təhsil müəssisələrinin rəhbərlərinə, rayon və şəhər təhsil şöbələrinə tapşırıqlar verilib.
08/07/2015 16:52
Fevralın 17-də Təhsil Nazirliyində ötən il idman sahəsi üzrə keçirilən respublika müsabiqəsi qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, bu müsabiqə “İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər Şahmat Məktəbi”, “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı şahmatçısı”, “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə keçirilib. Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə idmanın inkişafı üzrə atılan müsbət addımlar barədə məlumat verib. Bu işin əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən nazir ölkə Prezidentinin mövcud sahənin inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Misir Mərdanov Azərbaycanda idman sahəsi üzrə qazanılan qələbələrdən, Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə gördüyü işlərdən və nəzərdə tutulan digər tədbirlərdən danışıb. Sonra nazir əlavə edib ki, qeyd olunan müsabiqədə 148 idman məktəbi iştirak edib. Onlardan 81-i Uşaq-Gənclər İdman Məktəbi, 8-i İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 56-sı Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi olub. Eyni zamanda nazir müsabiqədə hər nominasiya üzrə I, II və III yerlər olmaqla münsiflər heyəti tərəfindən 18 qalibin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi sistemində 157 idman məktəbi fəaliyyət göstərir.Onlardan 84-ü Uşaq-Gənclər İdman Məktəbi, 8-i İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 62-si Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbidir. 157 idman məktəbində 27 idman növü inkişaf etdirilir. 421 bölmədə 8079 qrupda 100511 uşaq, yeniyetmə və gənc gündəlik olaraq idmanla məşğul olurlar. İdman məktəblərində 4876 nəfər məşqçi-müəllim işləyir ki, onlardan 2913 nəfəri ixtisaslı, 444-ü isə müxtəlif kateqoriyalı məşqçi-müəllimlərdir. Tədbirdə 6 nominasiya üzrə keçirilmiş müsabiqə qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Millət vəkillərinin və müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi mərasimdə çıxış edənlər Azərbaycanın beynəlxalq aləmdə tanınmasında idmanın böyük rolu olduğunu və qazanılan nailiyyətləri xüsusi qeyd ediblər. Mərasimdə həmçinin Təhsil İdman Mərkəzinin direktor müavini İbrahim Məmmədov şahmat sahəsindəki xidmətlərinə görə və 50 illik yubileyi münasibətilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
08/07/2015 16:52
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə təhsil şəbəkəsi yaradılır.
Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə BMT-nin İnkişaf Proqramı AzNET layihəsinin bazasında yaradılıb və AZEDUNET təşkilatı tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksək sürətli intranet şəbəkəsi çərçivəsində birləşdirməkdən ibarətdir. Qeyd edək ki, vahid təhsil şəbəkəsinin mövcudluğu ölkəmizdə təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan yaradacaq. Bu isə milli elektron təhsil şəbəkələrinin inkişafına təkan verəcək. Eyni zamanda təhlükəsiz informasiya sistemlərinin fəal istifadəsilə təhsil ocaqlarının internetə çıxışı mütəmadi təmin olunacaq. Qeyd olunan təhsil şəbəkəsi təhsil sisteminə dünya standartlarına uyğun bir sıra xidmət və servisləri təqdim edəcək. Hazırda Dövlət Proqramı çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması da həyata keçirilməkdədir. Sözügedən lokal şəbəkələr kompüter siniflərini, direktor və müəllimlər otağını birləşdirəcək. Məlumat üçün bildirək ki, bu təhsil şəbəkəsinə ölkənin 200 təhsil müəssisəsinin qoşulması prosesi yekunlaşmaqdadır.
08/07/2015 16:52
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
4 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
4 il əvvəl -
Bildiriş
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
4 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More