• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ehtiyat dərslik

İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə ehtiyat dərsliklərin hazırlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 611s nömrəli 24.11.2016-cı il tarixli Sərəncamına əsasən həyata keçirilir.

Bu günədək dərsliklər özəl nəşriyyatlarda kiçik müəllif heyətləri tərəfindən hazırlanırdısa, hal-hazırda ehtiyat dərsliklər Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən hazırlanan dərsliklərdir. Bu dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır.

Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir.

Ehtiyat dərsliklərin hazırlanması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

1. Respublika üzrə müəllif seçimi. Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında Azərbaycan dili fənni üzrə 160, riyaziyyat fənni üzrə isə 145 ümumi təhsil müəssislərində işləyən müəllimlər arasında üç mərhələli müsabiqə keçirilmişdir. Azərbaycanın ali məktəb və universitetlərində keçirilmiş görüşlər nəticəsində dərslik hazırlığına alim və pedaqoqlar cəlb edilmişdir. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilmiş, onların təcrübələri öyrənilmiş və bu məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunmuşdur.

2. Ehtiyat dərsliklərin hazırlanması konsepsiyası. Dil və riyaziyyatın tədrisində dünyada qəbul olunmuş müasir yanaşmalar təhlil edilmiş, qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri öyrənilmişdir. Nəticədə, yaradılan ehtiyat dərsliklərin strukturu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər konseptual prinsiplər ümumiləşdirilmiş və xüsusi sənəd formasında hazırlanmışdır.

3. Məzmunun təkmilləşdirilməsi. 4-cü sinif şagirdləri arasında mətnlərin oxunun və qavramanın (PIRLS) və riyazi təhsilin (TIMSS) keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı beynəlxalq tədqiqatların çərçivə sənədləri təhlil edilmişdir. İbtidai siniflərdə Azədbaycan dili və riyaziyyat fənləri üzrə hazırda istifadə olunan təhsil proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlanmışdır.

4. Dərslik komplektlərinin hazırlanması. Hazırlıq prosesi (müəllif seçimi, araşdırmalar, müzakirələr, treninqlər) bitdikdən sonra dərslik komplekti üzərində işə başlanmışdır. İlk dəfə olaraq dərslik komplektinə valideynlərin müasir təhsil sahəsində maarifləndirilməsi və onların tədris prosesində iştirakının təmin olunması məqsədi ilə dərslik komplektinə valideyn bələdçisi əlavə edilmişdir. Bədii tərtibat və illüstrasiyaların çəkilməsinə dərslik nəşrində təcrübəsi olan peşəkar mütəxəssislər cəlb olunmuşdur. Yaradıcı heyətə beynəlxalq təcrübəyə malik uşaq psixoloq-alimlər daxil edilmişdir.

5. Sınaq prosesi. Tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi təlim materiallarının keyfiyyətini artırmaq üçün mühüm mərhələdir. Dünyanın aparıcı təhsil sistemlərində bu mərhələ xüsusi əhəmiyyət kəsb edir. İndiyə kimi Respublikamızda analoji təcrübə olmamışdır. Pilot layihədə iştirak edən siniflər reprezentativ seçim əsasında müəyyən olunmuş və ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərini əhatə edir. Sınaq müddətində müəllimlərlə sıx əməkdaşlıq ediləcək və onun nəticələri xüsusi blanklarda təqdim ediləcəkdir. Bu müddətdə ekspertlərin iştirakı ilə dərsliklərin müzakirəsi təşkil olunacaq və ictimai rəy öyrəniləcək.

6. Kütləvi istifadə. Sınaqda iştirak edən müəllimlərin, ekspertlərin, rəyçilərin irad və təklifləri ümumiləşdiriləcək və dərslik komplektlərinin kütləvi istifadəsi üçün müvafiq düzəlişlər ediləcəkdir.

Respublikada məktəbəhazırlıq qruplarında məşğul olan şagirdlərin sayının sürətlə artdığını, lakin hələ də şagird kontingentini tam əhatə etmədiyini nəzərə alaraq, ehtiyat dərsliklərdə məktəbəhazırlıq səviyyəsi tam deyil, nisbətən nəzərə alınmışdır. Belə ki, I sinfin ilk həftələri böyük hərflərlə oxuma, kəsmə hərflərdən sözlərin düzəldilməsi, 10-a qədər sayma və ədədləri tanıma bacarıqlarının təkrarına həsr olunub.

Bu yanaşmaların effektivliyi və yerli mühitə adaptasiyası yaradıcı heyətin tərkibinə daxil olan beynəlxalq təcrübəli psixoloqlar tərəfindən araşdırılmışdır. Tədqiqatlar bir daha dilin və riyaziyyatın tədrisində təklif olunan yeni yanamaların hazırda kiçikyaşlı uşaqların zehni inkişaf səviyyəsinə tam uyğunluğunu təsdiq etmişdir. Ehtiyat dərsliklər əsasında keçirilən ilkin sınaq dərsləri də buradakı materialların müvafiq yaş dövrü üçün adekvat olduğunu göstərdi.

 

 

 

 

 


Sayt test rejimində çalışır