Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının isə orta hesabla 2 dəfə artırılması nəzərdə tutulmuşdur.
2014-cü ildə Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində işləyən 30 mindən çox müəllim üçün diaqnostik qiymətləndirilmə keçirilmişdir. Müəllimlərin sosial rifah halının yaxşılaşdırılması üçün qeyd olunan tədbirlər 2015-ci ilin noyabr-dekabr aylarında da davam etdirilərək, Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 26 minə yaxın müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, müəllimlərin dərs yükü norması və əməkhaqqının artırılması üzrə başlamış prosesin ölkənin digər şəhər və rayonlarının ümumi təhsil müəssisələrində davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrinə işə yeni qəbul edilən, eləcə də müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən müəllimlərin 2016-cı ilin noyabr-dekabr aylarında bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilsin.
3. Bu əmrin 2-ci bəndində adları çəkilən şəhər (rayon) təhsil idarələri (şöbələri) diaqnostik qiymətləndirmədə iştirak edəcək kontingentin siyahısının 10 gün müddətinə Təhsil Nazirliyinin elektron bazasına daxil edilməsini təmin etsinlər.
4. 2016-cı ilin noyabr-dekabr aylarında Lənkəran şəhərinin, Astara, Yardımlı, Lerik, Biləsuvar, Salyan, Neftçala, Qusar, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi, Zərdab, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən, Göygöl və Şuşa rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilsin.
5. Bu əmrin 4-cü bəndində adları çəkilən şəhər (rayon) təhsil şöbələrinə, De-institutlaşma və uşaqların müdafiəsi idarəsinə (M.Hacıyeva) tapşırılsın ki:
5.1. tabeliklərindəki ümumi və xüsusi təhsil müəssisələrində işləyən müəllimlərin siyahılarının hazırlanmasını və cari ilin noyabrın 18-dək Təhsil Nazirliyinin elektron bazasına daxil edilməsini təmin etsinlər;
5.2. müəllimlərin diaqnostik qiymətləndirilmədə iştirakını təmin etsinlər;
5.3. diaqnostik qiymətləndirilmədə iştirak edəcək müəllimlərin İKT bacarıqlarının inkişaf etdirilməsi üçün tədbirlər təşkil etsinlər.
6. Diaqnostik qiymətləndirilmənin keçiriləcəyi rayonlar üzrə müvafiq ərazi maliyyə hesablaşma mərkəzləri şəhər (rayon) təhsil idarələri (şöbələri) tərəfindən elektron bazaya daxil edilmiş kontingent haqqında məlumatın dürüstləşdirilməsini təmin etsinlər.
7. İnformasiya şöbəsinə (E.Əliyev) və İnsan resursları şöbəsinə (E.Bağırov) tapşırılsın ki:
7.1. nazirliyin aidiyyəti struktur bölmələri və müvafiq yerli təhsili idarəetmə orqanları ilə birgə diaqnostik qiymətləndirilmənin keçirilməsi üçün hazırlıq işlərini və zəruri təşkilati tədbirlərin həyata keçirilməsini təmin etsinlər;
7.2. diaqnostik qiymətləndirilmə başa çatdıqdan sonra nəticələri rəhbərliyə təqdim etsinlər.
8. Təhsilin inkişafı proqramları şöbəsinə (E.Əmrullayev) tapşırılsın ki:
8.1. nazirliyin aidiyyəti şöbələri ilə birlikdə diaqnostik qiymətləndirilmənin nəticələrini təhlil etsin;
8.2. diaqnostik qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin peşəkar ehtiyaclarını nəzərə almaqla onların ixtisasartırma üzrə təlimlərə cəlb olunmasını təşkil etsinlər.
9. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) qiymətləndirilmənin nəticələri əsasında ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsili proqramlarının, eləcə də müəllim hazırlığı proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlayıb təqdim etsinlər.
10. Maliyyə şöbəsi (R.Orucov), Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) diaqnostik qiymətləndirilmənin keçirilməsi ilə əlaqədar maliyyə və digər təşkilatı məsələlərin həll olunmasını təmin etsin.
11. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını, Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
12. Əmrin icrasına nəzarət aparat rəhbərinə (M.Eynullayev) həvalə edilsin.
Əsas: Aparat rəhbəri M.Eynullayevin xidməti məlumatı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 oktyabr 2016-cı il
№723