“Qafqaz” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
“Qafqaz” Universitetinin Təsisçisinin 9 yanvar 2017-ci il tarixdən Universitetin ləğv edilməsi və Ləğvetmə Komissiyasının yaradılması barədə 27.12.2016-cı il tarixli qərarını nəzərə alaraq, Ləğvetmə Komissiyası “Qafqaz” Universitetinə 2017/2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və Universitetin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi (qış semestri bitəndən sonra) ilə bağlı Təhsil Nazirliyinə 16.01.2017-ci il tarixli məktubla müraciət etmişdir.
Qeyd olunanları nəzərə alaraq, “Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsil hüquqlarının təmin olunması məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Qafqaz” Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi və bununla əlaqədar digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrup yaradılsın:
Sədr:
Yaqub Piriyev – Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri;
Üzvlər:
Həmzağa Orucov - “Qafqaz” Universitetinin Tədris işləri üzrə prorektoru;
Yaşar Ömərov - Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi;
Günay Ələkbərova - Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məsləhətçisi;
Rasim Hüseynov - Təhsil Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri;
Nazim Abbasov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədrisin metodik təminatı və akkreditasiya bölməsinin müdiri;
Bəxtiyar Namazov - Azərbaycan Texniki Universitetinin dosenti.
2. İşçi qrupuna tapşırılsın ki:
2.1. Universitetdə təhsil alan tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bala, ixtisaslarına və tədris dilinə uyğun olaraq, habelə onların dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə alınmaqla digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etsin;
2.2. Təhsil Nazirliyindən alınmış diplom və akademik arayış blanklarının saxlanılması, doldurulması, verilməsi və uçotu vəziyyətini araşdırsın, istifadə olunmamış blankların Nazirliyə qaytarılmasını təmin etsin;
2.3. akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə arayış hazırlasın;
2.4. tələbələri və onların valideynlərini qəbul edib onlara müvafiq izahatlar versin;
2.5. Əvvəlki tədris illərində “Qafqaz” Universitetini müvəffəqiyyətlə bitirmiş məzunların adına yazılmış və universitetin arxivində saxlanılan diplom və diploma əlavələrin Nazirliyin arxivinə təhvil verilməsini təmin etsin:
2.6. “Qafqaz” Universitetindən təhsillə bağlı aşağıdakı sənədləri Nazirliyin arxivinə vermək üçün təhvil alsın:
- Universiteti bitirmiş, xaric olunmuş və təhsilləri yarımçıq qalmış tələbələrin şəxsi işlərini;
- tələbələrin ali məktəbə qəbul edilmələri, kursdan-kursa keçirilmələri, xaric olunmaları, akademik məzuniyyət verilməsi barədə əmrləri;
- imtahan-məqbul cədvəllərini;
- tələbələrin şəxsi vərəqələrini;
- dərs jurnallarını;
- doldurulmuş akademik arayış və diplom blanklarını;
- diplom blanklarının alınması, verilməsi və qeydiyyatı jurnallarını.
2.7. “Qafqaz” Universitetinin fəaliyyəti dayandırılanadək zəruri əlaqələndirmə işlərini həyata keçirsin.
3. Bu əmrin 2-ci bəndində sadalanan tədbirlərin həyata keçirilməsi üçün İşçi qrupunun sədrinə qrupun fəaliyyətinə əlavə əməkdaşları cəlb etmək səlahiyyəti verilsin.
4. İnformasiya şöbəsi bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, “Qafqaz” Universitetinə, İşçi qrupunun üzvlərinə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.
Əsas: Aparat rəhbərinin müavini Y.Piriyevin xidməti məlumatı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
18 yanvar 2017-ci il
№32