2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.
Ölkəmiz üçün müasir düşüncəli və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında ən kütləvi təhsil sahəsi olan ümumi təhsil xüsusi əhəmiyyətə malikdir. Ona görə də ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi daim diqqət mərkəzinə çəkilən mühüm vəzifə hesab olunmuşdur.
Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ümumi təhsilin inkişafına dövlət qayğısı xeyli güclənmiş, onun mütərəqqi dünya təcrübəsi zəminində məqsəd, məzmun və mahiyyət baxımından yenidənqurulması, habelə şagird nailiyyətlərinin qiymətləndirilməsində müasir texnologiyaların tətbiqi istiqamətində islahat xarakterli tədbirlərin həyata keçirilməsinə başlanmışdır.
Ümumtəhsil məktəb şagirdlərinə dərsliklərin pulsuz verilməsi, bölgələrdə təlim-tərbiyə şəraitinin yaxşılaşdırılmasına, növbəliliyin əsaslı şəkildə azaldılmasına xidmət edən yüzlərlə yeni məktəb binalarının inşası, maddi və mənəvi cəhətdən köhnəlmiş məktəblərin əsaslı təmiri və onların müasir avadanlıqlarla, o cümlədən informasiya-kommunikasiya texnologiyaları ilə təchizi, pedaqoji və rəhbər pedaqoji kadrların seçilib yerləşdirilməsində ciddi qayda dəyişikliklərinin edilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində sağlam rəqabətin yaranması və onların əməkhaqqının artırılması ilə nəticələnən diaqnostik qiymətləndirmələrin keçirilməsi, dərs ilinin müddətinin uzadılması, istedadlı şagirdlərin olimpiada hərəkatının gücləndirilməsi, dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsinin tətbiqi də ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əhəmiyyətli tədbirlərdəndir.
Yerlərdə aparılmış monitorinq və araşdırmalar göstərir ki, son illər Nazirlik tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarətin gücləndirilməsi sayəsində bölgələrdə ümumi təhsil üzrə keyfiyyət göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali məktəblərə qəbulun nəticələrində əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə edilməkdədir. Bununla belə, o da etiraf olunmalıdır ki, ümumi təhsilin hazırkı keyfiyyət səviyyəsinin davamlı surətdə yaxşılaşdırılması üzrə təsirli tədbirlərin görülməsi ən zəruri vəzifə kimi meydana çıxır.
Qeyd olunanları nəzərə alaraq, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. 2017-2018-ci dərs ili ölkənin dövlət ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan olunsun.
2. “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən Nazirliyin Fəaliyyət planı təsdiq edilsin (1 nömrəli əlavə).
3. 2017-2018-ci dərs ilində ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə aktual problemlərə həsr olunmuş pedaqoji mühazirələr keçirilsin. Pedaqoji mühazirələrin keçirilmə qaydaları təsdiq olunsun (2 nömrəli əlavə).
4. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırılsın ki:
4.1. Şura iclaslarında və təhsil işçilərinin sentyabr konfranslarında 2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunmasının əsas məqsədi və mahiyyəti, bununla əlaqədar qarşıda duran vəzifələr haqqında məktəb rəhbərlərinə ətraflı məlumat versinlər, eyni məzmunlu məlumatların məktəb pedaqoji kollektivlərinə çatdırılmasını təmin etsinlər;
4.2. “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulan hədəflərin vaxtında yerinə yetirilməsi istiqamətində məqsədyönlü təşkilati-pedaqoji tədbirlər həyata keçirsinlər;
4.3. Pedaqoji mühazirələrin müəyyən olunmuş qayda üzrə təşkili üçün zəruri tədbirlər görsünlər.
5. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev):
5.1. Nazirliyin Fəaliyyət planının yerlərdə yerinə yetirilməsini müntəzəm nəzarətdə saxlasınlar, nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı yerli təhsili idarəetmə orqanlarına təşkilati-metodik köməklik göstərsinlər.
5.2. Fəaliyyət planının yerinə yetirilməsi vəziyyətini öyrənmək məqsədilə yerlərə ezamiyyələr təşkil etsinlər, dərs ili ərzində seçmə yolla təhsil şöbələrinin (idarələrinin) müdirlərinin Nazirlikdə hesabatlarını dinləyib müvafiq təkliflər hazırlasınlar.
6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələri ilə birlikdə yerlərə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini, habelə “İl”lə bağlı “Azərbaycan müəllimi” qəzetində xüsusi rubrika açılmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
28 avqust 2017-ci il
№261
Əlavə:
2. “Təhsildə keyfiyyət ili” çərçivəsində təşkil ediləcək pedaqoji mühazirələrin keçirilmə qaydaları