• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Diaqnostik qiymətləndirmə tədbirlərinin davam etdirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamını, həmin Sərəncamda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2017-ci il tarixli 3191 nömrəli Sərəncamını və “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 26 may – 2 iyun 2018-ci il tarixlərində Azərbaycan Respublikasının şəhər və rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilsin.

2. Təhsil Nazirliyinin yanında Peşə Təhsili Üzrə Dövlət Agentliyi (F.Mustafayev), De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (M.Hacıyeva), şəhər və rayonlarınü təhsil şöbələrinə (idarələrinə) tapşırılsın:

2.1. tabeliklərindəki ümumi, ilk peşə-ixtisas və xüsusi təhsil müəssisələrində işləyən müəllimlərin siyahılarının hazırlanmasını və cari ilin may ayının 11-dək Təhsil Nazirliyinin elektron bazasına daxil edilməsini təmin etsinlər;

2.2. diaqnostik qiymətləndirmədə iştirak edəcək heyətin zəruri İKT bacarıqlarının inkişaf etdirilməsi üçün tədbirlər təşkil etsinlər.

3. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (V.Yaqublu):

3.1. nazirliyin aidiyyəti struktur bölmələri və müvafiq yerli təhsili idarəetmə orqanları ilə birgə diaqnostik qiymətləndirmənin keçirilməsi üçün hazırlıq işlərini və zəruri təşkilati tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Azərbaycan Texniki Universiteti (X.Yahudov) diaqnostik qiymətləndirmənin  test imtahanının universitetdə keçirilməsi üçün lazımi tədbirləri həyata keçirsin.

5. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ( V.Xanlarov):

5.1. qiymətləndirmə zamanı istifadə olunacaq proqram təminatının fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etsin;

5.2. proqram təminatının təhlükəsizliyini artırmaq məqsədi ilə əlavə dəyişikliklərin edilməsini təmin etsin;

5.3. imtahan mərkəzi ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında bağlantını təmin etsin, server avadanlığına nəzarəti həyata keçirsin və məlumatların replikasiya vasitəsi ilə təhlükəsiz saxlanılmasına şərait yaratsın;

5.4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) ilə birlikdə imtahan mərkəzinin kompüter və şəbəkə avadanlığı ilə təchizatını təşkil etsin.

6. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) diaqnostik qiymətləndirmənin təşkili və keçirilməsi üçün zəruri avadanlıqların quraşdırılması, sazlanması, maddi-texniki təchizatın təmin olunması məqsədi ilə mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar zəruri tədbirləri həyata keçirsin.

7. Məxfi və dövlət nümunəli sənədlərlə iş sektoru (R.Məmmədov) diaqnostik qiymətləndirmədə iştirak edəcək heyətin təhsil sənədlərinin yoxlanılmasını təmin etsin.

8. İnsan resursları şöbəsi (E.Bağırov) qaydalara uyğun diaqnostik qiymətləndirmənin təşkili və keçirilməsi prosesinə nəzarəti həyata keçirsin, nəticələrə əsasən təsdiq olunmuş siyahıların yerli təhsili idarəetmə orqanlarına və təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

9. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev):

9.1. Nazirliyin aidiyyəti şöbələri ilə birlikdə diaqnostik qiymətləndirmənin nəticələrini təhlil etsin;

9.2. diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin peşəkar ehtiyaclarını nəzərə almaqla onların ixtisasartırma üzrə təlimlərə cəlb olunmasını təşkil etsin.

10. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) qiymətləndirmənin nəticələri əsasında ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsili proqramlarının, eləcə də müəllim hazırlığı proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlayıb təqdim etsinlər.

11. Maliyyə şöbəsi (R.Orucov) diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artımının 15 sentyabr 2018-ci il tarixindən  ödəniləcəyini nəzərə alsın.

12. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, aidiyyəti struktur bölmələrə çatdırılmasını, Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

13. Əmrin icrasına nəzarət aparat rəhbəri vəzifəsini icra edən, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri M.Məmmədova həvalə edilsin.

Əsas: Aparat rəhbəri vəzifəsini icra edən, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri M.Məmmədovun xidməti məlumatı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

1 may 2018-ci il

№F-351/1


Sayt test rejimində çalışır