2018-2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrasına dair Təhsil Nazirliyinin 2018-2020-ci illər üçün Tədbirlər Planının 3.1.3.1-ci bəndinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə tapşırılsın ki:
1.1. Aidiyyəti yerli təşkilatlarla birgə 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2013-cü ildə anadan olmuş uşaqların sayının dəqiqləşdirilməsi, müəllimlərin və ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görsünlər.
1.2.Məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsini nəzarətdə saxlasınlar.
1.3.Məktəbəhazırlıq qruplarının müəyyən olunmuş qaydalar əsasında və Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarına uyğun olaraq şəhər və rayonlar üzrə 2018-2019-cu dərs ilində məktəbəhazırlığa cəlb olunacaq uşaqların sayı proqnozu daxilində komplektləşdirilməsini təmin etsinlər.
1.4. Məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər həyata keçirsinlər
1.5. 2018-ci il oktyabr ayının 15-dək əlavə olunan forma üzrə məlumatı və görülmüş işlər barədə yazılı hesabatı Nazirliyə göndərsinlər.
2. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan, Abşeron, Yevlax, Samux rayon (şəhər) təhsil şöbələri tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatının mektebeqebul.edu.az sistemində aparılmasını təmin etsinlər.
3. Məcburi köçkün rayonlarının məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilsinlər.
4. Müvafiq ərazi maliyyə hesablaşma mərkəzləri məktəbəhazırlıq qruplarının mövcud normativlər əsasında və müəyyən edilmiş say çərçivəsində təşkilini nəzarətdə saxlasınlar.
5. Təhsilin inkişafı proqramları şöbəsi (Emin Əmrullayev), İnsan resursları şöbəsi (Eşqi Bağırov), Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (Vəfa Yaqublu) məktəbəhazırlıq təhsilini aparacaq müəllimlərin yerlərdən alınmış adlı siyahısı əsasında həmin müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlimlərin avqust-sentyabr ayları ərzində təşkilini təmin etsinlər.
6. Ümumi və məktəbəqədər təhsil şöbəsi (Aydın Əhmədov), Təhsil İnstitutu (Emin Əmrullayev), Tədris resursları şöbəsi (Elvin Rüstəmov) 2018-2019-cu dərs ilində məktəbəhazırlıq təhsilinin təşkili üçün tələb olunan tədris resurslarının, malların adı və miqdarı barədə məlumatı Maliyyə şöbəsinə təqdim etsinlər.
7. Maliyyə şöbəsi (Rauf Orucov) və Əsaslı Tikinti və Təchizat İdarəsi (Anar Axundov) ayrılmış büdcə vəsaiti çərçivəsində əmrin 5-ci bəndinin icrası üzrə təqdim olunacaq məlumatlar əsasında məktəbəhazırlıq təhsilinin təşkili ilə bağlı tələb olunan tədris resurslarının və digər malların satın alınması və vaxtında ümumi təhsil müəssisələrinə çatdırılması ilə bağlı aidiyyəti tədbirlərin görülməsini təmin etsinlər.
8. İnformasiya şöbəsi (Elvin Məmmədov) KİV-lərdə məktəbəhazırlığın təşkili ilə bağlı təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsini, əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
20 iyul 2018-ci il
F-524