Sual: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi hansı qaydada həyata keçirilir?
Cavab: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Cavab: Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qruplarına şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:
- Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
- xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
- digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
- uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
- 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
- valideynin (qanuni nümayəndənin) https://mektebeqebul.edu.az/ saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Sual: Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi valideynlərə hansı imkanları verir?
Cavab: Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu həyata keçirilən rayon və şəhərlərdə ərazi prinsipinin tətbiqi gözlənilirmi?
Cavab: Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur. Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul olunur.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu hansı müddətlərdə həyata keçirilir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı 26.08.2019-cu il tarixdən 25.09.2019-cu il tarixədək həyata keçirilir. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 02 sentyabr 2019-cu il tarixdən başlayır, 27 sentyabr 2019-cu ildə başa çatır.
Sual: Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün hər hansı bir məhdudiyyət varmı?
Cavab: Xeyir, məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.
Sual: Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
Cavab: Dövlət ümumi təhsil məktəblərində təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu necə həyata keçirilir?
Cavab: Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.
Sual: Elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına sənəd qəbulu hansı rayon və şəhərləri əhatə edir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.
Sual: Məktəbəhazırlıq qruplarının yaradılmasında əsas məqsəd nədən ibarətdir?
Cavab: Məktəbəhazırlıq qruplarının yaradılmasında əsas məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.