• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ümumi məlumat

Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsidir.

Qanunvericilik

Ümumi təhsil sahəsi üzrə fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının digər qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməyə, Təhsil Nazirliyinin əmr, sərəncam və kollegiya qərarlarına və digər normativ sənədlərin tələblərinə uyğun olaraq qurulur.

Məqsəd

Ümumi təhsil sistemində idarə olunmanın şəffaflığı və demokratikliyi, yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil müəssisələrinin müstəqilliyi, təlim-tərbiyə ocaqlarında təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq və təşəbbüskarlıq mühitinin yaradılması, icra intizamı və məsuliyyət mədəniyyətinin formalaşması əsas inkişaf prioritetlərindən hesab olunur.

 

Ümumi təhsil aşağıdakı məqsədlərə xidmət edir:

 

  • Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən;
  • Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və ümumbəşəri dəyərlərə;
  • Xalqın adət və ənənələrinə;
  • İnsan hüquqları və azadlıqlarına hörmət edən;
  • Azərbaycançılıq ideyalarına sadiq olan;
  • Sərbəst qərarlar qəbul etməyi bacaran;
  • Müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə;
  • Yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək.

 

Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Statistika

 

 

 

 

Tədris Dili

Ölkədə 1.5 milyon şagird dövlət dilində - Azərbaycan dilində təhsil alır. 4086 (91,96%) məktəbdə tədris yalnız Azərbaycan, 16 (0,36%) məktəbdə rus, 6 (0,14%) məktəbdə gürcü dillərində aparılır. Digər dillərdə (ingilis, türk, fransız) təhsil alan şagirdlər 0,2 faiz təşkil edir. 312 (7,02%) məktəbdə tədris Azərbaycan-rus, 9 (0,20%) məktəbdə Azərbaycan-rus-ingilis, 3 (0,07%) məktəbdə Azərbaycan-gürcü, 1 (0,02%) məktəbdə Azərbaycan-rus-gürcü dilləri üzrə aparılır.

 

 

Azərbaycan Respublikasında azsaylı xalqların dillərinin öyrənilməsi təmin olunur. Belə ki, ölkə üzrə bir sıra bölgələrin ümumtəhsil məktəblərində ləzgi, talış, ivrit, avar, saxur, udin, kürd, xınalıq dilləri tədris olunur. Ləzgi dili 101 məktəbdə, talış dili 252 məktəbdə, avar dili 19 məktəbdə, saxur dili dörd məktəbdə, udin dili üç məktəbdə, kürd, xınalıq və ivrit dili isə hərəsi bir məktəbdə tədris edilir. Ümumilikdə milli azlıqlara mənsub 37 min şagird öz ana dilini öyrənir.

 

 

 

 

Məktəbəhazırlıq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarına əsasən, respublikanın bütün regionları əhatə olunmaqla dövlət ümumi təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına məktəbəhazırlıq qrupları təşkil edilmişdir. 2019-2020-ci dərs ilində 105 min nəfər (84,2%) 5 yaşlı uşaq məktəbəhazırlıq təhsili ilə əhatə olunmuşdur.

Attestasiya

Ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviyyələrini bitirən şəxslərə ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat verilir. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara fərqlənmə attestatı, yaxud xüsusi nümunəli attestat verilir. Ümumi təhsil haqqında dövlət sənədi – attestat növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.

 

Ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də (məktəbəhazırlıq qruplarında oktyabrın 1-də başlayıb mayın 31-də) başa çatır.

 

Əlavə Məlumat

Son beş ildə 600-dən çox, 2003-cü ildən bəri isə 3200-dən çox məktəb binası tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.

 

29 mart 2019-cu il tarixində “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində qarşıya qoyulmuş hədəflərdən biri də səriştə əsaslı ümumi təhsil standartları və kurikulumlarının hazırlanmasıdır. Bununla əlaqədar “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın təkmilləşdirilmiş yeni layihə variantı və müvafiq fənlər üzrə kurikulumların layihələri hazırlanmışdır.


Sayt test rejimində çalışır