“STEM-ə doğru addım-addım” adlı konfrans
Mayın 22-də Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” çərçivəsində “STEM-ə doğru addım-addım” adlı konfrans keçirilib. Konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, məktəb rəhbərləri, “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimlərdə iştirak etmiş müəllimlər və digər şəxslər iştirak edib. Tədbirin keçirilməsində məqsəd birgə təlim metodlarına əsaslanaraq 45 dəqiqəlik dərs zamanı eyni mövzunun iki fənn müəllimi tərəfindən tədrisini nümayiş etdirməklə təcrübə mübadiləsi və əməkdaşlığa nail olmaqdır. Tədbirdə çıxış edən nazir müavini Məhəbbət Vəliyeva məktəblərdə STEM təhsil proqramının tətbiqinin əhəmiyyətindən danışıb. STEM-in təhsildə istifadə olunan yeni yanaşmalardan biri olduğunu deyən nazir müavininin sözlərinə görə, bu tədris metodunun əsas məqsədi şagirdlərdə XXI əsr bacarıqlarını formalaşdırmaq və inkişaf etdirməkdir. Məhəbbət Vəliyeva STEM dərsləri tədris olunan məktəblərdə müəllimlərə xüsusi təlimlər keçirilməsinin də vacibliyni vurğulayıb. Çıxışının sonunda nazir müavini bu təhsil müəssisəsinin təşəbbüsünü müsbət qiymətləndirib. Daha sonra çıxış edən “STEM və digər innovativ təhsil proqramlarının tədrisi” ilə bağlı təlimlərdə iştirak etmiş müəllimlər təcrübələrini bölüşüblər. Bildirilib ki, 50 təhsil mütəxəssisi İsraildə və Bakıda 5 həftəlik təlimlərdə iştirak edib. Təlimlər çərçivəsində STEM təhsil proqramının Azərbaycan kurikulumlarına uyğunlaşdırılması və bu məzmunun yerli mütəxəssislərə çatdırılması, məktəblərdə tətbiqi zamanı İsraildən olan mütəxəssislər tərəfindən metodik dəstəyin göstərilməsi üzrə kurslar təşkil olunub. Tədbirdə məktəb-liseyin builki tədris ilinə dair fəaliyyətini əks etdirən videoçarx da nümayiş olunub.
22/05/2019 15:33
“Bir” Tələbə-Könüllü proqramından yeni layihəyə dəstək
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən “Səyahətin başlanğıcı və son nöqtəsi” adlı layihəyə dəstək verib. Layihənin məqsədi paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə aparılan sorğuda 203 könüllü 600-dək dayanacaqda 30 000 nəfərə yaxın müxtəlif yaş qruplarından olan paytaxt sakininin rəyini öyrənib. Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21 000-dən çox tələbə-könüllü üzvü var. Tələbələrin şəxsi inkişafı, asudə vaxtını səmərəli dəyərləndirilməsi, vahid könüllü bazasının yaradılması istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 450-dən çox yerli və beynəlxalq tədbirə dəstək verilib. “BİR” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
22/05/2019 09:18
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub
Mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəldilər. Məlumat verildi ki, Kürdəxanı qəsəbəsində 6 min nəfər əhali yaşayır. Burada bir məktəb var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu təhsil ocağının siniflərinə baxdılar, müəllim və şagirdlərlə görüşdülər. 113 saylı tam orta məktəb 2 korpusdan ibarətdir. Birinci korpus 1971-ci ildə inşa olunub. Sonuncu dəfə burada cari təmir işləri 2006-cı ildə aparılıb. Tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə ümumilikdə 2320 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur. Burada tədris 2 növbəlidir. Mehriban Əliyevaya məlumat verildi ki, məktəbin 2-ci korpusu isə 2008-ci ildə inşa olunub. Birinci vitse-prezident məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verdi. AZƏRTAC
21/05/2019 22:09
Sumqayıt, Abşeron, Siyəzən və Xızı təhsil işçiləri ilə görüş
Mayın 21-də Abşeron rayonu Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyublar. Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illərdə təhsil sahəsində həyata keçirilən mühüm layihə və tədbirlərdən söz açıb. "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən işləri diqqətə çatdıran nazir müavini həmçinin qarşıda duran hədəfləri sadalayıb. Qeyd olunub ki, aparılan islahatlar, təsdiq olunan proqramlar, icra olunan layihələr ümumi təhsil pilləsinin bütün səviyyələrini əhatə edir. Təhsil alanların səriştəyə yiyələnməsi üçün yeni məzmun xəttinin hazırlanması, təhsil verənlərin peşəkarlıq səviyyələrinin artırılması üçün həyata keçirilən təlimlər, yeni idarəetmə mexanizmlərinin tətbiqi, infrastrukturun, məktəblərin maddi-texniki bazasının yenilənməsi məqsədilə görülən işlər bu gün təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələri arasında əməkdaşlığın məktəb idaretməsində əhəmiyyətindən danışıb və təhsil işçilərinə bu əlaqələrin daha da genişləndirilməsini tövsiyə edib. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. Daha sonra Sumqayıt şəhər, Abşeron, Siyəzən və Xızı rayon təhsil şöbələrinin müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib. Hesabatlar dinlənildikdən sonra fikir mübadilələri aparılıb, təkliflər dinlənilib. Təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
21/05/2019 16:35
Xaricdə təhsil almaq istəyənlərə Təhsil Nazirliyinin tövsiyəsi
Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır. Əvvəlki illərin təcrübəsi göstərir ki, bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşlar çətinlik və mənfi hallarla üzləşirlər. Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara, təhsil müəssisəsini və tədris proqramını (ixtisası) seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etməyi tövsiyə edirik. Eyni zamanda xaricdə təhsil və xaricdə əldə olunmuş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı diqqət yetirilməli olan əsas məqamlara (ali təhsil müəssisəsi və tədris proqramının (ixtisasın) aid olduğu ölkədə akkreditə olunması, təhsil müddəti ərzində həmin ölkənin və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq dərslərdə iştirak edilməsi, bakalavriat və magistratura ixtisasları arasında uyğunluq olması, tədris dilində ünsiyyət qura bilmək bacarığının olması, təhsilalma formasının yerli qanunvericiliyin tələblərinə uyğunluğu və s.) dair zəruri məlumatları özündə əks etdirən Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinin (ani.edu.gov.az) “Nostrifikasiya” və “Mütəmadi verilən suallar” bölmələri ilə tanış ola bilərsiniz. Xüsusi olaraq vurğulanmalıdır ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır. Qeyd olunan məsələlərlə bağlı vətəndaşlara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146-1) məlumat verməyiniz xahiş edilir.
21/05/2019 12:59
TOPs proqramı çərçivəsində idman festivalı
"TOPs - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi" layihəsi çərçivəsində Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə idman festivalı keçirilib. Festivalda məktəblilər müxtəlif idman fəaliyyətlərində fiziki və liderlik bacarıqlarını nümayiş etdirib, şən startlarda güclərini sınayıb, musiqili əyləncəli proqramlarla çıxış ediblər. Tədbirdə tərəfdaş qurumların nümayəndələri, məktəbin müəllim kollektivi və valideynlər iştirak edib. Qeyd edək ki, Təhsil Nazirliyi, “British Council Azərbaycan”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. 2014-cü ildən həyata keçirilən layihəyə cari tədris ilindən 100 ümumi təhsil müəssisəsi qoşulub. Bakı, Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblərin ümumi sayı 250-yə çatdırılıb. 2018-2019-cu il tədris ilində layihəyə cəlb olunan məktəblərdən 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəllimi TOPs təlimlərində iştirak edərək sertifikatla təltif edilib.
21/05/2019 11:29
Ağdaş, Ucar və Göyçay təhsil işçiləri ilə görüş
Mayın 18-də Ucar rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Ucar və Göyçay rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Ağdaş, Ucar və Göyçay rayonlarının təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər. Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək son illərdə "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunan nazir müavini müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin də diqqətdə saxlanmasının vacibliyini qeyd edib. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə müvafiq tapşırıq və tövsiyələrini verib, onlara uğurlar arzulayıb. Daha sonra Ağdaş, Ucar və Göyçay rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatlarla çıxış ediblər. Sonda təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
20/05/2019 22:31
Nazir müavini şimal bölgəsinin təhsil işçiləri ilə görüşüb
Mayın 20-də Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz və Şabran rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirləri, məktəb direktorları və qabaqcıl təhsil işçiləri iştirak ediblər. Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlardan, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən və son illərdə əldə olunan nailiyyətlərdən danışıb. Şagirdlərin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. Həmçinin təhsil müəssisələrinin pedaqoji əməkdaşlıq məsələlərini diqqətdə saxlamasının vacibliyini qeyd edib. Təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi, rəhbərlik və nəzarət məsələlərindən söz açan Məhəbbət Vəliyeva təhsil sistemində yeni yanaşma metodlarından və idarəetmənin təkmilləşdirilməsindən danışıb. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. Daha sonra 2018-2019-cu tədris ili ərzində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabatları dinlənilib. Sonda təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
20/05/2019 17:49
Peşə Təhsili Mərkəzinin tələbələri üçün müəssisələrə ekskursiyalar
Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin “Aqroservis”, “Bitkiçilik” və “Heyvandarlıq” ixtisas qruplarının tələbələri üçün rayonun aparıcı müəssisələrinə ekskursiyalar təşkil olunub. İlk olaraq “Aqroservis” ixtisas qrupunun tələbələri “Gilan Qəbələ Aqrotexservis” ASC və “Şamlı Aqrotexservis” MMC fermer təsərrüfatında müasir aqrotexniki qurğu və avadanlıqlarla tanış olub, gündəlik iş prosesini əyani izləmək imkanı əldə ediblər. Növbəti səfər “Bitkiçilik mütəxəssisi” ixtisas qrupunun şagirdləri üçün təşkil olunub. Səfər çərçivəsində tələbələr “Gilan Dairy Farms” MMC-in əkinçilik–toxumçuluq müəssisəsi və südçülük kompleksi ilə tanış olublar. Tələbələr taxıl sahələrinə baxış keçirib, yemçilik bitkilərinin əkilməsi və onlara qulluq edilməsi, cərgəarası becərmə işləri, gübrələrin hazırlanması, saxlanması və verilməsi prosesləri ilə yaxından tanış olublar. Bundan başqa, rayonda ilk dəfə becərilən lavanda bitkisinin xüsusiyyətləri, əkilməsi və becərilməsi üsulları haqqında iştirakçılara məlumat verilib. “Heyvandarlıq mütəxəssisi” ixtisas qrupunun tələbələri üçün Azza “Aqro” QSC-yə infotur təşkil olunub. Ekskursiya zamanı tələbələr fermanın quruluşu, heyvanların yetişdirilməsi ilə tanış olub, onların qidalanma prosesini izləyiblər. Eləcə də, şirkət nümayəndələri tələbələrə yemək rasionunun tərkibi və önəmi haqda məlumat verib. Ekskursiyalar zamanı əsas diqqət tədris edilmiş modullar üzrə tələbələrin biliklərinin daha da möhkəmləndirilməsinə yönəldilib. Qeyd edək ki, ekskursiyalar Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində reallaşdırılıb.
20/05/2019 17:26
“Muzey həftəsi” başa çatıb
“Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi” yekunlaşıb. Muzey həftəsində 29 regionun Uşaq - Gənclər İnkişaf Mərkəzindən və Bakı şəhəri üzrə 270-ə yaxın ümumi təhsil müəssisələrindən ümumilikdə 21 729 nəfər məktəbli iştirak edib. Layihə çərçivəsində məktəblilər ölkəmizin milli mənəvi dəyərləri barədə geniş məlumat əldə ediblər. “Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir. Layihənin məqsədi 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdan ibarətdir.
20/05/2019 16:59
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
4 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
4 il əvvəl -
Bildiriş
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
4 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More