• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Elektron dərslik portalına səsli materiallar əlavə edilib

Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) 5, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materiallar əlavə edilib. Səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib. Bununla da istifadəçilər portala daxil olaraq 5, 6, 7, 8, 9, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə əlavə edilmiş dinləyib-anlama səsli materiallarından istifadə edə biləcəklər. Cari ildə e-derslik portalına 5, 6, 8 və 9-cu sinif Azərbaycan tarixi fənni üzrə səsli dərsliklər, 6-cı sinif fizika dərsliyinin mövzularına uyğun video təcrübələr də əlavə edilib. Ümumilikdə portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb. Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur. Daim yenilənməsi və mütəmadi olaraq əlavə vasitələrlə zənginləşdirilməsi nəticəsində portala ictimaiyyətin marağı getdikcə artmaqdadır. Belə ki, ötən ilin ilk dörd ayında portala giriş sayı 466 878, səhifələrə ümumi baxış sayı isə 3 249 050 idisə, cari ilin ilk dörd ayında bu göstəricilər 2 dəfəyə qədər artıb. Portala giriş sayı 856 504, səhifələrə ümumi baxış sayı isə 6 558 414 olub. Xatırladaq ki, 2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhifələrə ümumi baxış sayı isə 12 452 046 təşkil edib. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 olub. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradır.

Təhsil naziri vətəndaşları qəbul edir

Təhsil naziri Ceyhun Bayramov  Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Ağstafa və Qazax rayon sakinlərini, həmçinin həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edir. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir. Təhsil nazirinin müavini Firudin Qurbanov isə Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər.

“Bizim müəllim”

Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi davam edir. Layihənin budəfəki təqdimatı Zülfiyyə Mehdiliyə həsr olunub. O,  2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 55 bal toplayıb. Hazırda Kəlbəcər rayonu 28 nömrəli tam orta məktəbdə riyaziyyat fənnini tədris edir. Şagirdləri ilə dostluq etməyi bacaran Zülfiyyə Mehdili deyir ki, müəllim uşaqlara nümunə olmalıdır. Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Lənkəran, Astara və Lerik bölgələrinin ümumi təhsil vəziyyəti

Təhsil televiziyasının “Təməl” verilişi bu dəfə Lənkəran şəhərindəki Gənclər Mərkəzindən canlı yayımlanır. Verilişdə Lənkəran şəhər, Astara və Lerik rayonlarında ümumi təhsilin vəziyyəti, təhsil müəssisələrinin pedaqoji əməkdaşlığı, məktəblərdə psixoloji işin təşkili, müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi və qarşıda duran hədəflərlə bağlı məsələlər müzakirə edilir. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Təhsil Şurasının sədri Hikmət Əlizadə, təhsil eksperti Etibar Əliyev, Lənkəran şəhər, Astara və Lerik rayonunun təhsil ictimaiyyətinin nümayəndələri, eyni zamanda Bakı şəhərindən bəzi məktəb direktorları da verilişdə iştirak edir.  

Məktəblər arasında respublika çempionatının final mərhələsi

Mayın 23-də məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq, şahmat idman növü üzrə yarışların final mərhələsinə start verilib. Beş gün davam edəcək oyunlarda zona yarışlarında I və II yeri tutan komandalar mübarizə aparacaq. “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçiriləcək yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizəyə qatılıb.

Nazir müavini cənub bölgəsinin təhsil işçiləri ilə görüşüb

Mayın 23-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhər, Astara və  Lerik rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Lənkəran şəhər, Astara və  Lerik rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri, KİV nümayəndələri və digər şəxslər iştirak edib. Tədbirdən öncə Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub. Hesabat tədbirində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan söz açıb. Ölkə Prezidenti cənab  İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Nazir müavini bildirib ki,  bir neçə bölgənin təhsil işçilərinin bir araya toplanaraq hesabat verməsi görülən işlərin hərtərəfli təhlilini aparmaq imkanı verir. Bu da qarşılıqlı mübadilə və yeni təcrübəyə yiyələnmək imkanları yaradır. Məhəbbət Vəliyeva təqdim etdikləri hesabata əsasən fəaliyyəti zəif qiymətləndirilən ümumi təhsil müəssisələrinin rəhbərlərinə öz tövsiyələrini verib. Nazir müavini onu da qeyd edib ki, zəif nəticə göstərən məktəblər Nazirlik tərəfindən nəzarətə götürüləcək və yaxın gələcəkdə  həmin məktəb rəhbərləri nəticələrin müzakirəsi üçün nazirliyə dəvət ediləcək. Daha sonra Lənkəran şəhər, Lerik və Astara rayon təhsil şöbələrinin müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib. Sonda fikir mübadilələri aparılıb, təkliflər dinlənilib. Təmayülləşmə, valideyn-məktəb münasibətlərinin tənzimlənməsi, məktəbəhazırlıq qrupları və digər məsələlərin icrası ilə bağlı suallar cavablandırılıb.

Tvinninq layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası keçirilib

Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı layihənin İdarəetmə Komitəsinin növbəti iclası olub. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərov giriş nitqi ilə çıxış edərək layihənin ölkəmizdə ali təhsilə verəcək töhfələrindən danışıb, layihə sayəsində ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha da uyğunlaşacağına inamını ifadə edib. Sonra layihənin Fransadan olan rəhbəri Bruno Kurval, Litvadan olan layihə rəhbəri Giedrius Viliunas və layihənin Latviyadan olan rəhbəri Ramina Baiba çıxış edib, layihənin uğurlu nəticəsinə əmin olduqlarını bildiriblər. Layihənin Fransa üzrə koordinatoru Liza Baydanovam öz növbəsində ötən dövr ərzində görülən işlərlə bağlı məlumat verib, növbəti rüb ərzində planlaşdırılan tədbirləri diqqətə çatdırıb.   Yekunda layihənin komponent liderləri öz komponentləri çərçivəsində görülən işlərdən məlumat veriblər. Sonda Komitənin üzvləri tərəfindən növbəti iclasın sentyabrın əvvəlində keçirilməsi ilə bağlı qərar qəbul edilib. Qeyd edək ki, Fransa, Litva və Latviyadan olan layihə rəhbərləri həmçinin nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev və Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də Azərbaycan Pedaqoji Universitetinin rəhbərliyi ilə görüşlər keçirib və layihənin icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Təhsil Nazirliyində mətbuat konfransı

Mayın 23-də Təhsil Nazirliyində 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na əsasən, bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər. Eləcə də subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq imkanı əldə edəcəklər. Qaydalara görə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat  səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər. Müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədinə (attestata) üstünlük veriləcək. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edəcək. Daha sonra ali təhsil pilləsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydaları media nümayəndələrinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsini normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər. Ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürülməsi onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda aparılacaq. Xarici ölkələrin təhsil müəssisələrinin və ölkəmizdə fəaliyyətini dayandırmış ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin köçürülməsi məsələsinə orta ixtisas təhsili müəssisəsinin vəsatəti əsasında, Azərbaycan Respublikasında ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin köçürülməsi məsələsinə isə transfer.edu.az elektron portalı vasitəsilə nazirlik tərəfindən baxılacaq. Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir. Mətbuat konfransında “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın təsdiq edilməsi haqqında da danışılıb. Bildirilib ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri Dövlət İmtahan Mərkəzi  tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə müsabiqədənkənar yerləşdiriləcək. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var. Tədbirdə, həmçinin Nazirlər Kabinetinin “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin təsdiq edilməsi haqqında qərarına da toxunulub. Qeyd edilib ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu barədə məlumat verilib.  Abituriyentlərin müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunan IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramları üzrə aparılacaq. Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.  

İdman profilli məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyətlə bağlı müşavirə

Mayın 22-də idman profilli məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, nazirliyin sistemində fəaliyyət göstərən idman liseylərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin direktorları və digər rəsmi şəxslər iştirak edib. Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından, bu sahədə Nazirlik tərəfindən görülən işlərdən danışıb. Nazir müavini təhsil alanların sağlamlıqlarının qorunmasında idman və bədən tərbiyəsinin əhəmiyyətinə toxunub. Çıxışının sonunda Firudin Qurbanov şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, məktəblərdə təlim-tərbiyə prosesinin düzgün təşkili, nizam-intizam qaydalarına riayət edilməsi, təhlükəsizlik tədbirlərinin icrası işinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib. Daha sonra “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov mərkəzin illik fəaliyyəti barədə hesabatla çıxış edib. Mərkəz direktoru  Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin fəaliyyəti, kadr potensialı, il ərzində idmançıların qazandığı uğur və nailiyyətlər, eləcə də mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında danışıb. Müşavirənin sonunda çıxışlar ətrafında müzakirələr aparılıb.

“Yaradıcı məktəblər” kitabının təqdimatı

Mayın 22-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri, təhsil ekspertləri, ümumi təhsil müəssisələrinin rəhbərləri və media nümayəndələri iştirak edib. Tədbirdə giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov kitab haqqında məlumat verərək bildirib ki, bu nəşrin müəllifi şagirdlərdə təhsilə maraq yaratmaq, öyrənmək həvəsini inkişaf etdirmək, onlara müasir dövrün texnoloji və peşəkar resurslarından faydalanmaq üçün sağlam yanaşma təklif edir. Cəsarət Valehov qeyd edib ki, XXI əsr yeni bacarıqlar zamanıdır və bu da  “Yaradıcı məktəblər” kitabında öz əksini tapır. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu çıxış edərək bu kitabın ümumtəhsil məktəblərinin yaradıcı fəaliyyəti, dəyişikliklərin aparılması baxımından müsbət rolunu xarakterizə edib. Vəfa Yaqublunun sözlərinə görə, kitabda dəyişikliklərin əsasını konsepsiya, bacarıqlar, stimul, resurslar və fəaliyyət planı təşkil etdiyi göstərilir. Müəllifin fikirlərinə toxunan institut direktoru əlavə edib ki, hər bir şəxs təhsilə uşaqların gözü ilə baxsa, təhsilimiz daha humanist və səmərəli olacaq. Bakı Şəhəri üzrə Təhsil idarəsinin sektor müdiri Anar Qədiməliyev də öz növbəsində bu cür kitabların məktəblərdə dəyişikliklər edilməsi baxımından faydalı olduğunu qeyd edib. Anar Qədiməliyev kitabın məktəb rəhbərlərinin yanaşmasını dəyişəcəyinə inandığını deyib. Millət vəkili Fazil Mustafa da Təhsil Nazirliyinin təşəbbüsünü müsbət dəyərləndirib və belə kitabların sayının çoxaldılmasını tövsiyə edib. Çıxış edən təhsil ekspertləri və məktəb direktorları bu cür kitabların məktəblər üçün olduqca əhəmiyyətli olduğunu deyib. Qeyd edilib ki, təhsil müəssisələrində yeni pedaqoji yanaşma tətbiq edilməli və yaradıcı təhsil genişləndirilməlidir. Daha sonra kitab haqqında fikirlər səsləndirən digər tədbir iştirakçıları bu nəşrin həyati əhəmiyyətli bir məsələ olan təhsilə münasibətdə praktik həll yolları təqdim etdiyini, məktəb yaradıcılığında faydalı olacağını bildiriblər. Kitabın məktəb rəhbərlərini, müəllimləri təhsilin əsl mahiyyət və məqsədi haqqında yenidən düşünməyə vadar etdiyi diqqətə çatdırılıb. Sonda tədbir iştirakçılarına Azərbaycan dilinə tərcümə olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabı təqdim edilib.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır