Respublika fənn olimpiadalarının nəticələri məlumdur
Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə 274 nəfər qalib elan olunub. Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür. Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi iyunun sonlarında keçiriləcək. Qeyd edək ki, mayın 5-də ADA Universitetində informatika, 25-də isə Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadasları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir. Respublika fənn olimpiadalarının nəticələri : Azərbaycan dili Biologiya Coğrafiya Fizika İnformatika Kimya Riyaziyyat Tarix
27/05/2019 17:36
Təhsil naziri İnteqrasiya təlimli internat tipli gimnaziyada olub
Təhsil naziri Ceyhun Bayramov Tovuz rayonunda yerləşən Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada olub. Təhsil müəssisəsində şagirdlərin tədris və yaşayış şəraiti ilə tanış olan nazir sinif otaqlarını gəzib, uşaqlarla söhbət edib və onların təhsili ilə maraqlanıb. Bildirilib ki, gimnaziya aztəminatlı, çətin həyat şəraitində olan və zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqlarının təlim-tərbiyəsinin təşkili üzrə yaradılmış təhsil müəssisəsidir. Təhsil müəssisəsi 1961-ci ildən fəaliyyət göstərir. Hazırda gimnaziyada 779 şagird təlim-tərbiyə alır və onlardan 102 nəfəri müəssisədə gecələyir. Müəssisədəki uşaqların təlim-tərbiyəsi ilə 148 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Qeyd edilib ki, təhsil müəssisəsi 2016-2018-ci illərdə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib. Son beş il ərzində gimnaziyanın məzunlarından 53 nəfər ali, 15 nəfər isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Sonda müəllim və şagird kollektivi ilə birgə xatirə fotosu çəkilib.
27/05/2019 14:23
Media nümayəndələri üçün təlim
30-31 may 2019-cu il tarixlərində Təhsil Nazirliyi bu qurumla əməkdaşlıq edən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçirəcək. Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır. Təlimlərdə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri tərəfindən təhsilin ayrı-ayrı sahələri üzrə təqdimatlar ediləcək və fikir mübadiləsi aparılacaqdır. 30-dək media nümayəndəsinin iştirak edəcəyi təlim ”Dreamland Golf Club”da keçiriləcək.
27/05/2019 14:17
“Məktəbimizdə” – fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Lənkəran rayonu Qadir Zeynalov adına Darquba kənd tam orta məktəbdən çəkilib. Məktəb 1962-ci ildən fəaliyyət göstərir. 2015-ci ildə məktəbin yeni binası şagirdlərin istifadəsinə verilib. Rubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
27/05/2019 12:24
Salyan, Neftçala və Biləsuvar təhsil işçiləri ilə görüş
Mayın 25-də Salyan rayonundakı Heydər Əliyev Mərkəzində Salyan, Neftçala və Biləsuvar rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər. Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, aparılan islahatlardan danışıb. Nazir müavini ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunub, müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyini nəzərə çatdırıb. Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətindən söz açan nazir müavini qeyd edib ki, tam orta təhsilin təmayülləşməsi zamanı şagirdlərin yaradıcılıq qabiliyyəti aşağı siniflərdən müəyyən edilməli, onların maraq və bacarıqları nəzərə alınmalıdır. Məhəbbət Vəliyeva təhsil müəssisələrinin pedaqoji əməkdaşlığının vacib olduğunu deyib, həmçinin məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib. Daha sonra Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatlarla çıxış ediblər. Sonda təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb. Hesabat tədbirindən sonra Salyan rayonundakı Sarvan kənd tam orta məktəbinin əsaslı təmirindən sonra açılış mərasimi keçirilib. Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, ictimaiyyət nümayəndələri, şagirdlər və pedaqoji heyət iştirak edib. Məktəbin direktoru Müstəcəb Səmədov qonaqları təhsil müəssisəsi ilə tanış edib.
25/05/2019 16:37
Respublika Fənn Olimpiadalarının final turu keçirilib
Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib. Olimpiada Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, biologiya, kimya, fizika və riyaziyyat fənləri üzrə təşkil olunub. Final turuna yarımfinal mərhəsində yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla qatılıb. Hər iki yaş qrupu üzrə ümumilikdə 533 şagird yekun mərhələdə iştirak edib. 9-cu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışıblar. Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.
25/05/2019 15:46
Təhsil naziri Ağstafa şəhərində vətəndaşları qəbul edib
Mayın 24-də Təhsil naziri Ceyhun Bayramov Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Ağstafa və Qazax rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması və digər bu kimi məsələlərlə bağlı olub. Həmin gün Təhsil nazirinin müavini Firudin Qurbanov da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayon sakinlərini, bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib. Bir sıra müraciətlərlə bağlı konkret tapşırıqlar verilib.
24/05/2019 16:58
Cəlilabad, Masallı və Yardımlı təhsil işçiləri ilə görüş
Mayın 24-də Masallı rayonundakı Heydər Əliyev Mərkəzində Cəlilabad, Masallı və Yardımlı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair zona müşavirəsi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, adıçəkilən rayonların təhsil şöbələrinin müdirləri, təhsil işçiləri, KİV nümayəndələri və digər şəxslər iştirak edib. Öncə iştirakçılar Masallı rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar. Tədbir Dövlət himninin təhsil işçiləri tərəfindən canlı ifası ilə başlayıb. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva himnimizin canlı ifasını yüksək qiymətləndirib. Nazir müavini bugünkü Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin ideyaları ilə respublikamızın dinamik inkişaf yolunda olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində mühüm islahatların aparıldığı qeyd edib. Respublikamızın inkişafına təkan verən əsas sahələrdən birinin təhsil olduğunu diqqətə çatdıran Məhəbbət Vəliyeva təhsil işçilərinin çətin, eyni zamanda məsuliyyətli və şərəfli iş yerinə yetirdiklərini bildirib. Ümumi təhsil pilləsinin əhəmiyyətindən söz açan nazir müavini şagirdlərin düzgün istiqamətdə formalaşması, onlarda həyat üçün vacib olan keyfiyyətlərin aşılanmasının məhz bu pillədən başlandığını da deyib. Müşavirədə Məhəbbət Vəliyeva təqdim etdikləri hesabata əsasən, zəif qiymətləndirilən məktəblərin, eyni zamanda müəllimlərin fəaliyyətlərinin izlənilməsini, nəticələrin geniş şəkildə təhlil olunmasını tövsiyə edib. Daha sonra Cəlilabad, Masallı və Yardımlı rayon təhsil şöbələri müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib. Sonra müzakirələr aparılıb, bir sıra təkliflər dinlənilib.
24/05/2019 16:26
Təhsil Nazirliyinin Mətbuat Xidmətinin Məlumatı
Son günlər kütləvi informasiya vasitələrində təhsil işçilərinin şərəf və ləyaqətinin alçaldılmasını əks etdirən müxtəlif materiallar yayımlanır. Belə ki, 22 may 2019-cu il tarixində bəzi xəbər saytlarında Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aqil Əzizovun guya yeniyetmə şagirdə sataşdığı üçün döyülməsini əks etdirən səsli video görüntü yayımlanıb. Yayılan video görüntüdə insanın şərəf və ləyaqətini açıq-aydın alçaldan hərəkətlər nümayiş etdirilib, müəllim yarıçılpaq vəziyyətdə göstərilərək onun barəsində etikaya zidd olan kobud ifadələr səsləndirilib, bir neçə nəfərin qrup şəklində müəllim üzərində zorakılıq hərəkətləri təsvir edilib. Həmin gün Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, aparılmış araşdırma zamanı müəllim tərəfindən yeniyetmə şagirdə sataşmaq məsələsi öz təsdiqini tapmayıb, hadisəni törətməkdə təqsirli bilinən Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər iştirakçıların məsuliyyət məsələsinə baxıldığı bildirilib. Məlum olduğu kimi, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, zorakılığı, qəddarlığı və dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr yaymaq və böhtan atmaq qəti qadağandır. Belə ki, bəzi xəbər saytları əsassız olaraq təcavüzə məruz qalmış müəllim barəsində yoxlanılmamış məlumatları kütləvi şəkildə və təxribat yönümlü başlıqlarla vermiş (“Azərbaycanda BİABIRÇILIQ”, “Azərbaycanda müəllim əxlaqsızlığa görə vəhşicəsinə döyüldü”), zorakılıq və qəddarlığı təsvir edən, etikaya zidd olan ifadələrdən istifadə edilən səsli video görüntüləri açıq və kütləvi şəkildə öz internet səhifələri və sosial media üzərindən yaymışdır. Məlumatın bu cür təqdim edilməsinin məntiqi nəticəsi olaraq bəzi sosial media izləyiciləri bu görüntülərə və müəllimə qarşı zorakılığa haqq qazandırmış, bu kimi hallarda yerində mühakimənin aparılmasını təqdirəlayiq hal kimi bəyənmişdilər. Bununla əlaqədar yuxarıda qeyd edilən faktlara hüquqi qiymətin verilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Mətbuat Şurasına göndərilib.
24/05/2019 14:49
Ali məktəblərə müsabiqədənkənar qəbul
Azərbaycan təhsil müəssisələrinə müsabiqədənkənar qəbulun həyata keçirilmə mexanizmi işə düşdü Azərbaycanda 2018-ci il qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə atılan addımlarla yadda qaldı. Xüsusən, ötən dərs ilinin sonunda Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan “Təhsil haqqında” Qanuna dəyişikliklərlə bağlı təkliflər paketi Milli Məclisdə qəbul edildi. Nəticədə sözügedən qanuna 62 düzəliş edildi. Bundan sonra təhsil sahəsində bir sıra qaydalarda ciddi dəyişikliklər həyata keçirildi. Artıq həmin dəyişikliklərin həyata keçirilməsi qaydaları da müəyyənləşməkdədir. Qanunda həyata keçirilən həmin dəyişikliklərlə bağlı Nazirlər Kabineti tətbiq ediləcək bir neçə qaydanı təsdiqlədi. Bakalavrlar subbakalavr, subbakalavrlar isə bakalavr təhsili ala biləcək Dəyişikliklərdən biri orta ixtisas və ali təhsil müəssisələrində təhsil alanları əhatə edir. Belə ki, “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi ilə sözügedən təhsil pilləsinə tələbə qəbulunda yeni qaydalar icraya yönəldildi. 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu zamanı tətbiq ediləcək həmin qaydalara görə, artıq bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul ola biləcəklər. Eləcə də, subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq imkanı əldə edəcəklər. Bəs, qəbul olunmaq üçün onlar hansı proseduradan keçəcəklər? Orta ixtisas təhsili pilləsində dövlət hesabına təhsil almaq üçün bakalavrlar Dövlət İmtahan Mərkəzi tərəfindən orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqəyə ümumi qaydada qatılırlar. Onlar ərizə ilə qəbul olunmaq istədikləri həmin təhsil müəssisələrinə müraciət edirlər. Qaydaya görə, hətta ali təhsil pilləsinin bakalavriat səviyyəsini normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər. Subbakalavrların ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə müsabiqə yolu ilə qəbul olunmasına isə bəzi şərtlər qoyulub. Əvvəla, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3-cü hissəsi ilə müəyyən olunmuş qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq hüququ subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxlərə şamil olunur. Kollec məzunlarından müsabiqəyə qatılmaq üçün Tələbə Qəbulu Qaydalarında göstərilən digər sənədlərlə yanaşı bitirdiyi orta ixtisas təhsili müəssisəsindən alınmış orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənəd (attestat) tələb edilir. Həmin sənədlərdə uyğunsuzluq aşkar edildikdə və onların aradan qaldırılması mümkün olmadıqda, o, müsabiqədə iştirak edə bilmir. Belə hallar müsabiqədən sonra aşkar edildikdə, subbakalavrın yerləşdirilməsi ləğv edilir. Bundan başqa, müəyyən edilən şərtlərə görə, subbakalavrın ali təhsil müəssisələrində seçdiyi ixtisas dili mütləq orta ixtisas təhsili pilləsində təhsil aldığı dilə uyğun olmalıdır. İxtisasların uyğunluğunu isə Dövlət İmtahan Mərkəzi (DİM) ilə razılaşdırmaqla, Təhsil Nazirliyi müəyyən edir. Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunmaq istəyən subbakalavrlar və qəbul imtahanı verən abituriyentlər müsabiqədə eyni vaxtda iştirak edirlər. Subbakalavrlar müsabiqəyə Mərkəzin Nazirliklə razılaşdırılmaqla, müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən etdiyi keçid balı əsasında qatılırlar. Ancaq onlar üçün bu proses qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra başlayır. Qeyd edək ki, subbakalavrın müvafiq ixtisaslar üzrə müsabiqədə imtahan vermədən iştirak etməsi onu DİM tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində ümumi qaydada iştirak etmək hüququndan məhrum etmir. Ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində ümumi qaydada iştirak etməməsi isə subbakalavr üçün maneələr yaradır. Belə ki, seçdiyi ixtisas üzrə minimum keçid balı ilə müsabiqəyə qatılan subbakalavr orta müvəffəqiyyət göstəricisindən asılı olmayaraq, qəbul imtahanında iştirak edərək eyni balı toplayan abituriyentlə rəqabətdən “məğlub” çıxır. Çünki mövcud yerlərə öncə abituriyent yerləşdirilir. Amma iki subbakalavr arasında eyni ixtisas üzrə rəqabət yaranarsa, bu zaman orta ixtisas təhsili müəssisələrindən alınan orta müvəffəqiyyət göstəricisi nəzərə alınır. Yəni, subbakalavrın təhsil aldığı orta ixtisas təhsili müəssisəsindən verilən orta müvəffəqiyyət göstəricisi ona subbakalavrla rəqabətdə üstünlük qazandırır. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavrlar isə DİM-in təşkil etdiyi qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edirlər. Köçürülmə Maraqlı dəyişikliklərdən biri də ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürülməsini mümkün edir. Burada mütləq eyni ixtisas qrupu daxilində köçürülmə aparılır. Yəni, ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslər orta ixtisas təhsili müəssisəsinə köçürülərkən, onların qəbul olunduqları və köçürüldükləri ixtisaslar eyni ixtisas qrupunda olmalıdır. Xarici ölkələrin təhsil müəssisələrinin və ölkəmizdə fəaliyyətini dayandırmış ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinin vəsatəti əsasında köçürülməsi mümkündür. Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin köçürülməsi məsələsinə isə transfer.edu.az elektron portalı vasitəsilə Təhsil Nazirliyi baxır. Xarici ölkədə qiyabi (distant) təhsil alan və ya fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə, ümumiyyətlə, yol verilmir. Ancaq əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisəsindən orta ixtisas təhsili müəssisəsinə köçürülməsi bu qaydalarla tənzimlənir. Qeyd edək ki, dövlət orqanlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsi məsələsinə baxılan zaman həmin dövlət orqanlarının (qurumlarının) razılığı da tələb olunur. Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Beynəlxalq təhsil proqramları üzrə oxuyanlar da Azərbaycan universitetlərində təhsil ala biləcəklər Nazirlər Kabineti bu həftə həm də “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”ni təsdiq edib. Abituriyentlərin müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunan IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramları üzrə aparılacaq. Qəbul ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək. Abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu həmin təhsil proqramları üzrə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə aparılacaq. Abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verəcəklər. 3 təhsil proqramı ilə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu üçün hər bir ixtisas və tədris ili üçün keçid balını Təhsil Nazirliyi ilə razılaşdırılmaqla DİM müəyyən edəcək. Keçid balı müəyyənləşdirilərkən ixtisaslar üzrə keçid ballarının minimum və maksimum hədləri əsas götürüləcək. Şərtlərə görə, adıçəkilən 3 beynəlxalq təhsil proqramı üzrə təhsil alan abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Tələbə Qəbulu Qaydaları ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri üzrə aparılacaq. Belə ki, abituriyentlərin həmin proqramlar çərçivəsində topladıqları ballar nəzərə alınacaq. Qeyd edək ki, “Müvafiq üç imtahan fənni” dedikdə, Tələbə Qəbulu Qaydaları ilə hər ixtisas qrupu üçün müəyyən edilmiş imtahan fənləri başa düşülür. (Cədvəl.) Bu həftə ərzində təsdiq edilən “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nda müəyyən qrupa ali təhsil müəssisələrində müsabiqədənkənar təhsil almaq hüququ verilir. Belə ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə müsabiqədənkənar yerləşdirilir. Qaydaya görə, Azərbaycanda beynəlxalq və respublika fənn olimpiadasının qaliblərinə tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qaliblərinə isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ verilib. Beynəlxalq fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu “Təhsil haqqında” Qanuna uyğun olaraq, ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə müəyyən edilmiş bütün ixtisaslar üzrə aparılır. Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika üzrə respublika fənn olimpiadaları qalibləri isə ölkədəki ali təhsil müəssisələrində 84 ixtisasa müsabiqədənkənar qəbul olunacaqlar: Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı Azərbaycan dili və ədəbiyyat fənni üzrə: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi; məktəbəqədər təlim və tərbiyə; ibtidai sinif müəllimliyi; korreksiyaedici təlim; filologiya (dil və ədəbiyyat göstərilməklə); jurnalistika; Kitabşünaslıq Tarix fənni üzrə: Tarix; tarix müəllimliyi; tarix və coğrafiya müəllimliyi, antropologiya, politologiya; fəlsəfə; kitabşünaslıq; sosiologiya; muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması; Coğrafiya fənni üzrə: Coğrafiya; coğrafiya müəllimliyi; tarix və coğrafiya müəllimliyi; regionşünaslıq (regionlar üzrə); ekologiya; hidrometeorologiya; Riyaziyyat fənni üzrə: riyaziyyat; riyaziyyat müəllimliyi; riyaziyyat və informatika müəllimliyi; mexanika; kompüter elmləri; kompüter mühəndisliyi; mexatronika və robototexnika mühəndisliyi; enerji maşınqayırma mühəndisliyi; maşın mühəndisliyi; geofizika mühəndisliyi; neft-qaz qurğuları mühəndisliyi; elektroenergetika mühəndisliyi; istilik energetikası mühəndisliyi; avianəqliyyat istehsalatının təşkili mühəndisliyi; aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi; hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi; hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi; gəmiqayırma və gəmi təmiri mühəndisliyi; yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi; cihazqayırma mühəndisliyi; texnoloji maşın və avadanlıqlar mühəndisliyi; elektrik mühəndisliyi; elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi; mexanika mühəndisliyi; kompüter mühəndisliyi; informasiya texnologiyaları və sistemləri mühəndisliyi; inşaat mühəndisliyi; nəqliyyat tikintisi mühəndisliyi; tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi; statistika; Fizika fənni üzrə: Fizika; fizika müəllimliyi; mexanika; geofizika mühəndisliyi; elektroenergetika mühəndisliyi; elektrik mühəndisliyi; materialşünaslıq mühəndisliyi; Kimya fənni üzrə: kimya; kimya müəllimliyi; kimya və biologiya müəllimliyi; ekologiya; qida məhsulları mühəndisliyi; Biologiya fənni üzrə: biologiya; biologiya müəllimliyi; kimya və biologiya müəllimliyi; ekologiya; balıqçılıq və balıqçılıq təsərrüfatı işi; su bioehtiyatları və akvabitkilər; bitki mühafizəsi; aqronomluq; zootexniklik; baytarlıq; psixologiya; qida məhsulları mühəndisliyi; İnformatika fənni üzrə: riyaziyyat və informatika müəllimliyi; informatika müəllimliyi; kompüter elmləri; kompüter mühəndisliyi; proseslərin avtomatlaşdırılması mühəndisliyi; informasiya texnologiyaları; sistem mühəndisliyi; mexatronika və robototexnika mühəndisliyi. Bəs, beynəlxalq olimpiada, müsabiqə və yarışların qalibləri hansı ixtisaslara müsabiqədənkənar qəbul ediləcəklər? Qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək beynəlxalq müsabiqələrin və yarışların siyahısı: Beynəlxalq fənn olimpiadaları - Beynəlxalq riyaziyyat olimpiadası (IMO); - Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO); - Avropa qızlar riyaziyyat olimpiadası (EGMO); - Beynəlxalq fizika olimpiadası (IPHO); - Avropa fizika olimpiadası (EUPHO); - Asiya fizika olimpiadası (APHO); - Beynəlxalq kimya olimpiadası (ICHO); - Beynəlxalq Mendeleyev kimya olimpiadası; - Beynəlxalq biologiya olimpiadası (IBO); - Beynəlxalq informatika olimpiadası (IOI). Beynəlxalq müsabiqələrin və yarışların siyahısı - Olimpiya oyunları; - Olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri; - Olimpiya idman növləri üzrə Avropa çempionatı və birincilikləri; - Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya çempionatı və birincilikləri; - Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avropa çempionatı və birincilikləri; - Yeniyetmələrin yay olimpiya oyunları; - Avropa oyunları; - İslam Həmrəyliyi oyunları; - “Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi (Bakı, Azərbaycan); - Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan); - M.Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya); - Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi (Bakı, Azərbaycan); - “Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika); - Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya); - Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan); - Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Xorvatiya); - Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya); - Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya); - Caz musiqi festivalı (Montre, İsveçrə); - “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Nur-Sultan, Qazaxıstan); - Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya); - “Eurovision” estrada mahnı müsabiqəsi; - Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya); - Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan); - Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa); - Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa); - Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya); - Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya); - Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya); - Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya); - Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika); - Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ); - “Şərq təranələri” beynəlxalq musiqi festivalı (Səmərqənd, Özbəkistan) Adıçəkilən beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu aşağıdakı ixtisaslar üzrə həyata keçirilir: Olimpiya oyunları üzrə qaliblər: fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə); Olimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblər: fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə); Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblər fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə); Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya çempionatı və birinciliklər üzrə qaliblər: fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə); Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblər: fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə); Yeniyetmələrin yay olimpiya oyunları üzrə qaliblər: fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə); Avropa oyunları üzrə qaliblər: fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə); İslam Həmrəyliyi oyunları üzrə qaliblər: fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə); bədən tərbiyəsi və idman; məşqçi (idman növü üzrə) “Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblər - solo oxuma (xanəndə) Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblər solo oxuma (akademik vokal) M.Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblər solo oxuma (akademik vokal); estrada sənəti; Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblər: xoreoqrafiya sənəti (sahələr üzrə); rəqs müəllimliyi “Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi üzrə (Namür, Belçika) qaliblər: instrumental ifaçılıq (simli) Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi üzrə (Sankt-Peterburq, Rusiya) qaliblər: instrumental ifaçılıq (fortepiano) Gənc trubaçıların beynəlxalq müsabiqəsinin (Stara Zaqora, Bolqarıstan) qaliblər: instrumental ifaçılıq (nəfəs alətləri) Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi üzrə (Xorvatiya) qaliblər: instrumental ifaçılıq (simli) Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsinin (Moskva, Rusiya) qalibləri: solo oxuma (akademik vokal); instrumental ifaçılıq Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi üzrə (Sankt-Peterburq, Rusiya) qaliblər: solo oxuma (akademik vokal) Caz musiqi festivalının (Montre, İsveçrə) qalibləri: estrada sənəti üzrə “Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi üzrə (Nur-Sultan, Qazaxıstan) qaliblər: estrada sənəti; xalq çalğı alətləri ifaçılığı; instrumental ifaçılıq (simli və nəfəs alətləri) Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblər: xoreoqrafiya sənəti (sahələr üzrə); rəqs müəllimliyi “Eurovision” estrada mahnı müsabiqəsi üzrə qaliblər: estrada sənəti Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblər: instrumental ifaçılıq (simli) Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi üzrə (Budapeşt, Macarıstan) qaliblər: instrumental ifaçılıq (fortepiano) Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi üzrə (Varşava, Polşa) qaliblər: instrumental ifaçılıq (fortepiano) Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi üzrə (Poznan, Polşa) qaliblər: instrumental ifaçılıq (simli) Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi üzrə (Vyana, Avstriya) qaliblər: instrumental ifaçılıq (simli); Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi üzrə (Helsinki, Finlandiya) qaliblər: instrumental ifaçılıq (simli); Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi üzrə (Genuya, İtaliya) qaliblər: instrumental ifaçılıq (simli): Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi üzrə (Bied, Sloveniya) qaliblər: instrumental ifaçılıq (simli); Kraliça Yelizaveta adına musiqi müsabiqəsi üzrə (Belçika) qaliblər: solo oxuma (akademik vokal); instrumental ifaçılıq (fortepiano, simli) Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi üzrə (Klivlend, ABŞ) qaliblər: instrumental ifaçılıq (fortepiano) “Şərq təranələri” beynəlxalq musiqi festivalı üzrə (Səmərqənd, Özbəkistan) qalibləri: solo oxuma (xanəndə); xalq çalğı alətləri ifaçılığı "Azərbaycan müəllimi" qəzeti
24/05/2019 11:27
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
4 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
4 il əvvəl -
Bildiriş
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
4 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More