• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Riyaziyyat dərsliklərinin təkmilləşdirilməsində Sinqapur təcrübəsindən istifadə ediləcək

Təhsil Nazirliyi tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə yeni layihəyə start verilir. Belə ki, bununla bağlı dünyanın bir çox ölkələrinin riyaziyyat fənni üzrə standartlarını və dərsliklərini uğurla təkmilləşdirmiş Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanıb. Marşal Kavendiş İnstitutu və Təhsil İnstitutu tərəfindən birgə icra olunacaq layihənin birinci mərhələsində azərbaycanlı fənn mütəxəssisləri sinqapurlu mütəxəssislərin riyaziyyat fənni üzrə təhsil proqramının nəzərdən keçirilməsi və təhlili üçün distant təlimlərdə iştirak edəcəklər. Əlavə olaraq, yerli mütəxəssislər riyaziyyat fənni üzrə ölkədə tətbiq olunan təlim və tədris materiallarının təhlili istiqamətində də təlimləndiriləcəklər. Növbəti mərhələlərdə sinqapurlu mütəxəssislərin tövsiyəsi əsasında yerli mütəxəssislər riyaziyyat fənninin tədrisi üzrə cari vəziyyəti təhlil etdikdən sonra müasir dövrün tələblərini və beynəlxalq təcrübələri nəzərə alaraq, riyaziyyat fənni üzrə təhsil proqramında və dərsliklərdə təkmilləşdirmə işləri aparacaqlar. Sonda sözügedən layihə çərçivəsində riyaziyyat kurikulumunun və I–IX sinif riyaziyyat təlim və tədris materiallarının təhlilinə dair iki hesabat və tövsiyə sənədi hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq. Məlumat üçün bildirək ki, 14 yaşlı sinqapurlu şagirdlər ortalama 621 bal toplayaraq Riyaziyyat və Təbiət elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS – Trends in International Mathematics and Science Study) 2015-ci il nəticələrinə əsasən riyaziyyat fənni üzrə 57 ölkədən olan 600 000 şagird arasında I yeri tutublar. Həmçinin Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA – Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən riyaziyyat fənni üzrə blokda Sinqapurun 15 yaşlı şagirdləri ortalama 569 ballıq uğurlu nəticə göstərərək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında 2-ci yerə sahib olublar.

"Qarabağın məşhur müəllimləri" - Haşım bəy Vəzirov

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir Haşım bəy Vəzirovdur. O, 1868-ci ildə Şuşa şəhərində anadan olub. Haşım bəy Vəzirov İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik edib. İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra Böyük Vedi kəndində müəllimliyə başlayıb. Sonra Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Köynük, Cavanşir qəzasının Bərdə kəndlərində pedaqoji fəaliyyətlə məşğul olub. Bir müddət isə Şuşada yaradılan müsəlman-rus məktəbinin müdiri işləyib. Şuşa realnı məktəbinin hazırlıq sinfində ana dilindən dərs deyib. Pedaqoji fəaliyyət Vəzirova xalqının məişətinin daha dərindən öyrənilməsinə imkan yaradıb. Xalq həyatından, məişətdən öyrəndikləri onun bir yazıçı-jurnalist kimi fəaliyyətinə səmərəli təsir göstərib. Haşım bəy müdir işlədiyi məktəbdə sərt bir nizam-intizam yaratmaqla yanaşı, savadsızlar üçün axşam kursları da açıb. Bütün varlığıyla millətinin savadlanmasına, məktəbə gələn hər bir uşağın yüksək bilik almasına çalışıb. O, əlinin əməyi, zəhməti hesabına dolananları, cəmiyyətin bütün təbəqələrini əhatə edən çalışqan insanı millətinin sərvəti hesab edib. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

6 009 195 dərs "Virtual məktəb"də

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Belə ki, 22-28 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 328 168, müəllimlərin  sayı 124 632, aktiv istifadəçi sayı 940 454, həftə ərzində platformada keçirilmiş dərslərin sayı 6 009 195 təşkil edib.

"Dərs vaxtı"nın 2 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 2-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

MBA proqramı məzunlarının doktoranturada təhsillərini davam etdirmələrinə dair müraciətləri ilə bağlı açıqlama

Son günlər MBA (biznesin idarəedilməsi üzrə magistr) proqramını bitirən məzunlar tərəfindən doktoranturada təhsillərinin davam etdirilməsinə köməkliyin göstərilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciətlər daxil olur. Qeyd edək ki, doktorantura səviyyəsinə qəbul  prosesi “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” ilə tənzimlənir. 2019-cu ildə bu qəbul qaydalarında dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən və magistr dissertasiyasını müdafiə edən Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Qəbul qaydalarında edilən dəyişikliyə uyğun olaraq, 2020-ci ildə magistr diplomunda da dəyişiklik edilib və diplomda “doktoranturada təhsilini davam etdirmək” sözündən sonra “magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə” sözləri əlavə edilib. Qanunvericilikdə edilən həmin dəyişikliklər ali təhsilin doktorantura səviyyəsində daha keyfiyyətli, elmi-tədqiqat  bacarıqları olan mütəxəssislərin yetişdirilməsi məqsədi daşıdığından MBA proqramını bitirən və yalnız magistr dissertasiyasını müdafiə edən məzunlara doktoranturaya qəbul imtahanlarında iştirak imkanı yaradır. Təhsil Nazirliyi MBA proqramını bitirən məzunların çoxsaylı müraciətlərini və onların təhsillərini davam etdirmək istəyini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin  VII bəndini nəzərə alaraq bildirir ki, qanunvericilikdə edilən sözügedən dəyişikliyə qədər (2019-cu ilin 13 noyabr tarixi) MBA proqramına qəbul olunmuş şəxslərin iqtisad elmləri üzrə doktorantura ixtisaslarına qəbul imtahanlarda iştirak etmələrinə imkan yaradılacaq.

Dərsliklərimiz sinqapurlu mütəxəssislərlə birgə müzakirə ediləcək

5 dekabr saat 11:00-da Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi,  “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” adlı onlayn müzakirə təşkil olunacaq. Azərbaycanlı və sinqapurlu mütəxəssislərin iştirakı ilə keçiriləcək onlayn görüşdə dərsliklərin mövcud vəziyyəti və dərsliklərdə Sinqapur təcrübəsi müzakirə ediləcək. Müzakirələrdə Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev, institutun direktor müavini Ülkər Babayeva, Sinqapurun "Alston" nəşriyyat evinin nümayəndəsi Wee Chee Sim, "Marshall Cavendish" nəşriyyat evinin nümayəndəsi Khairi Sallehudin Bin Abdullah, dərslik mütəxəssislərinin iştirakı nəzərdə tutulur. Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrəniləcək, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulacaq. Həmçinin Təhsil Nazirliyinin Sinqapur ilə əməkdaşlıq çərçivəsində hazırlanması planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılacaq. Müzakirələri  Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

"Qarabağın məşhur müəllimləri" - Müseyib İlyasov

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Azərbaycanda xalq təhsilinin inkişafında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri Müseyib İlyasovdur. 1884-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Müseyib İlyasov Bakıda və Qubada məktəbdə işləyib. 1931-ci ilədək Zəngəzur Qəza Xalq Maarif şöbəsinin müdiri vəzifəsində işləyib. Xalq Maarif şöbəsinə rəhbərlik etdiyi illərdə Laçın şəhərində, Şamkənd, Vağazin, Qorçu, Kürdhacı, Hoçaz və onlarla başqa kəndlərdə məktəblər açıb. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Vətəndaşların qəbulu dekabrın 28-dək dayandırılır

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 28-dək fəaliyyətini dayandırır. Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər. Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

2021-2022-ci tədris ilində Macarıstanda təqaüd proqramı barədə onlayn vebinar keçiriləcək

4 dekabr saat 16:00-da 2021-2022-ci tədris ilində Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Macarıstanda təqaüd proqramına həsr olunmuş onlayn vebinar keçiriləcək. Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları və Macarıstanın Azərbaycandakı səfirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə keçiriləcək vebinarı Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləyə bilərsiniz. Qeyd edək ki, 23 noyabr 2020-ci il tarixində sözügedən təqaüd proqramına sənəd qəbulu ilə bağlı müvafiq elan verilib.

13 862 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib

Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin vaxtı dekabrın 10-dək uzadılıb. Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində  maksimum əhatəni təmin etməkdir. Məlumat üçün bildiririk ki, son iki ay ərzində  2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti  üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır. Cari tədris ilində sosial həssas əhali qrupuna aid olan tələbələrdən qeyd edilən tarixədək (10 dekabradək) e-telebe.edu.az elektron portalına müraciətlərini tamamlayaraq təsdiq etməsi xahiş olunur. Qeyd edək ki, 2019-2020-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az  elektron portalına müraciət etmiş 15 209 tələbənin, o cümlədən ali təhsil müəssisələrində təhsil alan 12 124 tələbənin, orta ixtisas təhsili müəssisələrində təhsil alan 2 830 tələbənin, peşə təhsili müəssisələrində təhsil alan 255 tələbənin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilib. 

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır