• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Qarabağın məşhur müəllimləri" – Mehdi Məmmədov

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Mehdi Məmmədovdur. O, 1918-ci il mayın 22-də Şuşada anadan olub. Azərbaycan teatr sənətinin yaranması, inkişafı və təbliğində müstəsna xidmətləri olan Mehdi Məmmədov milli teatr tarixinin ən parlaq nümayəndələrdən biridir. Görkəmli rejissor, teatrşünas, pedaqoq, tənqidçi, tərcüməçi, Xalq artisti Mehdi Məmmədov Milli Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz “Dəli yığıncağı”dır. Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksək intellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur.1945-ci ildən ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. M.Əliyev adına İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) çalışmaqla yanaşı, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) etika və estetika dərslərini tədris edib. Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri vəzifəsində çalışıb. Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı olan Mehdi Məmmədov bu barədə deyib: “İnsan, ümumiyyətlə, fəlsəfəyə meyillidir. Fəlsəfə həyatın dərin idrakıdır. Rejissor ciddi düşünürsə, elə o da filosofdur”. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Şagirdlərin elektron yerdəyişməsinə start verilib

Noyabrın 16-dan şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb. Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

5 azərbaycanlı gənc Rumıniyada təhsil almaq imkanı qazanıb

Rumıniyanın Milli Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair bağlanmış müqavilə əsasında 2020-2021-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqə nəticəsində 5 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib. Qalib namizədlər Rumıniyanın “University of Agronomic Sciences and Veterinary Medicine of Bucharest”, “Bucharest University of Economic Studies”, “University of Bucharest”, “University Oil Gas Ploieşti” və “Ovidius University of Constanta” ali təhsil müəssisələrində magistratura və doktorantura səviyyələrində biotexnologiya, təsviri incəsənət, neft-qaz çıxarılması, iqtisadiyyat və filologiya ixtisasları üzrə təhsil alacaqlar. Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaq. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq. Müvafiq təqaüd proqramı barədə elan 5 mart 2020-ci il tarixində verilib.

"Dərs vaxtı"nın 16 noyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 16 noyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq. "Dərs vaxtı"nı izləməyi unutmayın!

Təhsil naziri İctimai Şura üzvləri ilə onlayn görüşüb

Noyabrın 14-də Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb. Görüşdə nazir 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşması münasibətilə Şura üzvlərini təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfalar diləyib. Təhsil naziri bu müharibədə qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirən əsas səbəb ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət və ordu quruculuğu siyasətidir. Bu amil son hədəfə qədər uğurla irəliləməyimizi şərtləndirirdi, Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağda, Şuşada dalğalandı. Nazir Azərbaycana bu möhtəşəm zəfəri yaşadan dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını ifadə edib. Sonra Təhsil naziri Emin Əmrullayev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzündən danışıb, müxtəlif şəhər və rayonlara raket zərbələri endirilməsi nəticəsində 10 məktəblinin həlak olduğunu, 16 məktəblinin yaralandığını və 50 təhsil müəssisəsinin dağıntılara məruz qaldığını diqqətə çatdırıb. İşğaldan azad olunan torpaqlarımızda təhsil sahəsi üzrə görüləcək işləri xüsusi vurğulayan Təhsil naziri əlavə edib ki, artıq bununla bağlı tədbirlər planı hazırlanır və yeni yaradılacaq İşçi Qrupu bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirəcək. Görüşdə vurğulanıb ki, bu tarixi zəfərimiz həm də Azərbaycan müəlliminin, Azərbaycan təhsilinin vətəndaş yetişdirmə məfkurəsinin qələbəsi sayılır. İctimai Şuranın sədri Şahlar Əsgərov da öz növbəsində qələbə münasibətilə hər kəsi təbrik edib, gənclərimizdə milli-mənəvi dəyərlər və Vətənə sadiqlik tərbiyəsinin aşılanmasında məktəblərin rolunu xüsusi qeyd edib. Videokonfransda İctimai Şura üzvləri gənclərimizin Vətən müharibəsində əsl vətənpərvərlik nümunəsi göstərməsini təhsilalanların bu ruhda tərbiyə edilməsi ilə əlaqələndirib, müharibədən sonrakı dövr ərzində görüləcək işlərlə bağlı rəy və təkliflər səsləndiriblər.

2021-ci il yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə sənəd qəbuluna start verilir

Təhsil Nazirliyinin nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarını 2021-ci il yaz semestri üçün sənəd qəbulunda iştirak etməyə dəvət edir. Proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur. Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə dpinfo@edu.gov.az ünvanına müraciət edə bilərlər.  Müraciətlər üçün son tarix 15 dekabr 2020-ci il olaraq müəyyən edilib.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 13 noyabr - 31 dekabr tarixlərini əhatə edən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib.  Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə18-28 yaş arası gənclərin də qoşulması mümkündür. İştirakçılar 1 nominasiya üzrə iştirak edə,  təqdim edilən işləri Azərbaycan, rus və ingilis dilllərində hazırlaya bilərlər. İşlər hazırlanarkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:  - Essenin başlığı olmalıdır. Bir A4 səhifəsindən çox olmamalıdır, çap formasında göndərilməlidir. - Şeirlərin başlığı olmalıdır və 40 misradan çox olmamalıdır. Şeirlər çap formasında göndərilməlidir. - Mahnı 4 dəqiqədən çox olmamalıdır. Mahnılar melodiyaya, bəstəyə, özünəməxsusluğa və sözlərə (lazım olduqda) əsasən qiymətləndiriləcək. Yazının keyfiyyəti nəzərə alınmır. Mahnının sözləri çap şəklində göndərilməlidir. - Nitq nominasiyası üzrə 3 dəqiqədən çox olmayan çıxışlar, video və ya audio formatda göndərilməlidir. Çıxışın mətni çap şəklində göndərilməlidir. Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi) əlavə edərək, hazırladıqları işlə birgə shushacompetition@gmail.com ünvanına göndərməlidir. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 902-38-56 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlanıla bilər. Müsabiqənin qalibləri növbəti ilin yanvar ayında elan olunaraq diplom və  dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.  Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd işğal olunmuş torpaqlarımızın azad olunması münasibətilə yeni bədii mətnlər yaratmaq, xalqımızda hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarətdir. 

"Qarabağın məşhur müəllimləri" – Cabbar Qaryağdıoğlu

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Cabbar Qaryağdıoğludur. 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olub. Azərbaycan milli musiqi mədəniyyəti tarixində Cabbar Qaryağdıoğlunun özünəməxsus yeri var. O, təkcə xanəndə olmayıb, həm də istedadlı bəstəkar və şair kimi tanınıb. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub. Cabbar Qaryağdıoğlu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırılır. Onun oxuduğu muğam və xalq mahnıları Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir.  Cabbar Qaryağdıoğlunun ölkəmizdə opera sənətinin meydana gəlməsində də rolu böyükdür, opera səhnəmizin ilk aktyoru məhz odur. O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. Şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edərdi: "Səs və gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan". Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

"Dərs vaxtı"nın 13 noyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 13 noyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq. "Dərs vaxtı"nı izləməyi unutmayın!

Təhsil naziri Abşeron rayon və Sumqayıt şəhər sakinlərini videobağlantı vasitəsilə qəbul edib

Noyabrın 12-də Təhsil naziri Emin Əmrullayev Abşeron rayon və Sumqayıt şəhər sakinlərini canlı videobağlantı vasitəsilə qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Videoqəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər. Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə  genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır