"Dərs vaxtı" izləyicilərinin nəzərinə!
Teledərslərə ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən də izləyə bilərlər. Dərslər hər günün cədvəlinə uyğun olaraq, mütəmadi qaydada "Dərs vaxtı"nın "Facebook" səhifəsində paylaşılır. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, "Dərs vaxtı" həftəiçi 5 gün "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanır.
17/11/2020 16:34
"Microsoft Teams" mobil tətbiqi artıq Azərbaycan dilində
“Android” platforması üçün nəzərdə tutulmuş "Microsoft Teams"in mobil tətbiqi artıq Azərbaycan dilində mövcuddur. Mobil tətbiqi Azərbaycan dilində istifadə etmək üçün mobil cihazın parametrlər bölməsində sistem dili olaraq “Azərbaycan dili” seçmək lazımdır.
17/11/2020 15:49
"Qarabağın məşhur müəllimləri" – Ceyhun Hacıbəyli
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Ceyhun Hacıbəylidir. Ədəbiyyatımız, tariximiz, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşa şəhərində anadan olub. O, 1908-ci ildə Əlibəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində qardaşı Üzeyir bəylə birlikdə müəllim kimi fəaliyyət göstərib. Onun XX əsrin ikinci onilliyindəki Bakı fəaliyyəti daha çox maarifçiliklə bağlıdır. Bakıda müəllimlərin birinci qurultayının keçirilməsində fəal iştirak edib. Azərbaycanın azadlıq tarixinə qızıl hərflərlə yazılan Ceyhun Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919-1962) əqidə və amalından dönməyib, həyatını bütünlüklə Azərbaycana, onun istiqlalı uğrunda mücadiləyə həsr edib. Mətbuat tariximizin nəhəng simalarından olan Ceyhun Hacıbəyli mətbuatın ictimai rolu və faydasına mühüm əhəmiyyət verərək deyirdi: "Mətbuat xəlayiqin səsi və rəyidir”. O, cəmiyyətin mütaliə həvəsini ümumxalq maarifçiliyinin əsası kimi qiymətləndirirdi. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
17/11/2020 15:24
"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verilib
Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 16 noyabr - 11 dekabr tarixlərini əhatə edən “Qızıl hərflərlə yazılan tarix!” respublika onlayn rəsm müsabiqəsinə start verilir. Müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda Vətənə sevgi və məhəbbət hissi aşılamaq, təsviri sənət üzrə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir. Müsabiqənin 3 yaş qrupu (6-9,10-13,14-17) üzrə keçirilməsi nəzərdə tutulub. Respublika üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri müsabiqədə iştirak edərək 1 iş təqdim edə bilər. Müsabiqəyə qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisənin şəhər (rayon) UGİM və iştirakçının əlaqə vasitəsi) hazırladıqları işlə birgə 30 noyabr 2020-ci il tarixinə kimi intiqam1962@mail.ru elektron poçt ünvana göndərməlidirlər. Həmçinin müsabiqə ilə bağlı +99450-426-01-53, +99450-367- 47-04 telefon nömrələri ilə əlaqə saxlanıla bilər. Hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi Münsiflər Heyəti tərəfindən müəyyən edilməklə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Qalib işlər geniş işıqlandırılacaq.
17/11/2020 14:01
“ŞUŞA DƏRSİ” - Şuşa məktəblərinin uğur təcrübəsi: tanınmış məzunlar və yanaşmalar
Noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil ediləcək. Şuşa məktəblərinin uğur təcrübəsinə həsr edilən “Şuşa dərsi”ndə bu məktəblərin uğur sirri, təhsil ənənələri barədə müzakirələr aparılacaq. Bununla da Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa qəza məktəbinin nümunəsində çoxillik təhsil tarixinə işıq tutulacaq. “Şuşa dərsi”ndə Təhsil nazirinin müavini Firudin Qurbanov, nazirlik yanında İctimai Şuranın sədri Şahlar Əsgərov açılış nitqi ilə çıxış edəcək. T-NETWORK-un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluq edəcəyi müzakirələrdə nazirlik yanında İctimai Şuranın üzvü Asif Cahangirov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, vaxtilə Şuşada məktəb direktoru işləmiş, hazırda isə Şuşa rayonu 5 nömrəli tam orta məktəbin direktoru Şükür Nəsibov, Şuşa rayonu 19 nömrəli tam orta məktəbin direktoru Rafael Məmmədov, həmçinin vaxtilə Şuşada müəllim işləmiş, hazırda isə Şuşa rayonu 6 nömrəli tam orta məktəbin direktoru olaraq fəaliyyətini davam etdirən Naimə Əliyeva, eyni adlı məktəbin müəllimi Raisə Fərəcova iştirak edəcək. “Şuşa dərsi”ni Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz. Qeyd edək ki, “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın istiqamətlərindən biri olan təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini dəstəkləyən T-NETWORK-un əsas məqsədi yerli və əcnəbi təhsil işçilərinin kommunikasiyasına şərait yaratmaq, çağdaş təhsil mövzularında müzakirələr və tədqiqatlar aparmaq, təhsilverənlərin ehtiyaclarını müəyyənləşdirmək, bu yolla müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq, yeni əməkdaşlıqlara səbəb olmaq, bir sözlə, inkişaf sinerjisi yaratmaqdır. Platformaya bu link vasitəsilə keçid etmək mümkündür: https://www.facebook.com/T-Network-115709533673147
17/11/2020 11:10
"Dərs vaxtı"nın 17 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 17-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
17/11/2020 07:37
Peşə təhsili üzrə teledərslərin 17 noyabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 17 noyabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
16/11/2020 17:50
4 068 136 dərs "Virtual məktəb"də
Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənir. Belə ki, 8-14 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 229 618, müəllimlərin sayı 120 885, aktiv istifadəçilərin sayı 804 608 nəfər, həftə ərzində keçirilmiş dərslərin sayı isə 4 068 136 olub.
16/11/2020 16:12
"Virtual məktəb"də nəzarət mexanizmləri
“Virtual məktəb”də tədris və təlim-tərbiyə prosesinin düzgün təşkilinə nəzarət məqsədilə bir sıra imkanlar təqdim olunur. Portalda direktor və direktor müavinləri üçün rəhbərlik etdikləri təhsil müəssisəsi üzrə bütün sinifləri, siniflər üzrə aparılan bütün dərsləri izləmək imkanı var. Məsafədən təşkil olunmuş dərslərin keyfiyyətinin ölçülməsi, davamiyyətə nəzarət, icmallaşdırılmış məlumatların toplanılması və təhlili imkanları təqdim olunur. Həmçinin xüsusi yaradılmış qruplarda müəllimlərlə birgə pedaqoji şuralar və valideynlərlə iclaslar keçirmək mümkündür. Bununla yanaşı, cari tədris ilində yerli təhsili idarəetmə orqanları üçün tabeliyində olan təhsil müəssisələrinin “Virtual məktəb”də fəaliyyətlərinin təşkilinə nəzarət etmək məqsədilə yeni imkanlar təqdim edilib. Belə ki, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəhbər heyətinə təqdim olunmuş istifadəçi adı və şifrə ilə “Virtual məktəb”də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür. Qeyd edək ki, yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.
16/11/2020 15:23
"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verilib
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 16 noyabr 2020-ci il – mart 2021-ci il tarixlərini əhatə edən “Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı onlayn respublika müsabiqəsinə start verilib. Müsabiqənin keçirilməsində əsas məqsəd musiqi tariximizdə öz qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, qədim və müasir el havalarının öyrənilməsi və qorunması, Qarabağ aşıq sənətinin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bu işin ölkənin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarətdir. Müsabiqənin 3 yaş qrupu (9-11 yaş; 12-14 yaş; 15-17 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə 18-20 yaş arası gənclərin də qoşulması mümkündür. Müsabiqədə yalnız 1 nominasiya üzrə iştirak edə və seçdiyiniz nominasiya üzrə 1 nömrədən ibarət videoçarx təqdim edə bilərsiniz. Videoçarxın ifa müddəti 3 dəqiqədən çox olmamalıdır. Müsabiqəyə qatılmaq istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi, nominasiya və ifa etdiyi mahnının adı) hazırladıqları videoçarx ilə birgə 30 dekabr 2020-ci il tarixinə kimi qarabagasiqseneti@gmail.com elektron ünvana göndərməlidirlər. Müsabiqə ilə bağlı (012) 492-57-67, (055) 518-00-94 (“WhatsApp”) telefon nömrələri ilə əlaqə saxlanıla bilər. Qeyd edək ki, müsabiqənin qalibləri növbəti ilin mart ayında elan olunaraq diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.
16/11/2020 14:04
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More