“World Skills” iqtisadi inkişafı dəstəkləyən bir vasitə” adlı vebinar keçirilib
“World Skills” Rusiyanın təşkilatçılığı və BMT-nin İnkişaf proqramının (BMTİP) dəstəyi ilə “‘World Skills” iqtisadi inkişaf üçün bir vasitə” adlı vebinar keçirilib. Tədbirdə MDB məkanında fəaliyyət göstərən BMTİP-in təmsilçiləri, “World Skills” təşkilatına üzv dövlətlərin, eləcə də peşə təhsili sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər. Vebinarda “World Skills” təşkilatının yaratdığı imkanların insan kapitalının inkişafında, yeni texnologiyaların təşviqində və davamlı peşə təhsili sisteminin formalaşdırılmasında istifadəsi haqqında təcrübə mübadiləsi aparılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru və “World Skills İnternational” təşkilatına Azərbaycanın rəsmi nümayəndəsi Pərviz Yusifov çıxış edərək iştirakçılara Azərbaycanın peşə təhsili sistemi və “World Skills” çərçivəsində qarşıda duran hədəflər barədə məlumat verib. Qeyd edək ki, sözügedən təşkilat dünyada peşə bacarıqlarını təbliğ edən və peşələrin olimpiadası kimi tanınan beynəlxalq bir təşkilatdır. Azərbaycanın sözügedən təşkilatın 85-ci üzvünə çevrilməsi və cari ilin oktyabr ayında baş tutacaq Təşkilatın Ümumi Yığıncağına qatılması, beləliklə, üzvlüyünün təsdiqlənməsi gözlənilir.
09/10/2020 15:54
Peşə təhsili üzrə işə qəbul nəticələri mərhələli şəkildə elan olunur
2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün ümumilikdə 2091 elektron müraciət daxil olub. Elektron müraciətin nəticəsi və müsahibə mərhələsinə dəvət barədə məlumat oktyabrın 15-dək namizədlərin "Şəxsi kabineti"ndə mərhələli qaydada yerləşdiriləcək. Növbəti həftədən müsahibələrin təşkili, yekun nəticələrin isə oktyabrın sonunadək elan edilməsi nəzərdə tutulur. Müsahibə mərhələsinə seçilmiş namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri barədə həm "Şəxsi kabinet", həm də telefon vasitəsilə məlumat veriləcək. Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcək. Seçim zamanı namizədin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaq. Ümumtəhsil fənn müəllimlərinin seçimi Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları üzrə topladıqları bal əsasında aparılır və vakant yerlərə seçilmiş namizədlər haqqında məlumat "'Şəxsi kabinet"ə yüklənir. Namizədlər şəxsi kabinetlərini izləyərək nəticələri ilə tanış ola bilərlər. Seçilmiş namizədlərlə telefon vasitəsilə də əlaqə saxlanılacaq. İxtisas müəllimləri və istehsalat təlimi ustaları üzrə müsahibə mərhələsinə keçmiş namizədlər haqqında məlumat isə mərhələli şəkildə "Şəxsi kabinet"ə yerləşdirilir. Qeyd edək ki, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib.
09/10/2020 10:50
“Məktəb avtobusu” pilot layihəsinə start verilir
Təhsil Nazirliyi həftəsonları ictimai nəqliyyatın fəaliyyət göstərmədiyini nəzərə alaraq müvafiq qurumlarla birgə məktəblərdə əyani tədrisə dəstək üçün yeni layihəyə start verir. Qeyd edək ki, xüsusi karantin rejimi dövründə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində şagird sıxlığının səmərəli tənzimlənməsi məqsədilə bir sıra dövlət ümumtəhsil müəssisəsində altı günlük dərs həftəsi tətbiq olunub. Layihə çərçivəsində Bakı Nəqliyyat Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 oktyabr tarixindən etibarən seçilmiş istiqamətlərdə şənbə günləri məhdud sayda xüsusi avtobusların hərəkəti təmin olunacaq. İlk dəfə pilot qaydada təşkil ediləcək xüsusi marşrutlar üzrə avtobuslardan yalnız məktəb tərəfindən arayış verilən müəllim, şagird və valideynlər istifadə edə biləcəklər. Valideynlər və müəllimlər oktyabrın 9-dan müvafiq təhsil müəssisələrinə müraciət etməklə arayışı əldə edə bilərlər. Növbəti həftələrdə layihənin əhatə dairəsinin genişləndirilməsi davam edəcək.
09/10/2020 10:23
"Dərs vaxtı"nın 9 oktyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 9-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
09/10/2020 08:26
Şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanılır
15 oktyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək. Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir. Qeyd edək ki, sentyabrın 11-dən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında siniflərin komplektləşdirilməsinin təmin edilməsi səbəbindən sorğuların qəbulu müvəqqəti dayandırılıb.
08/10/2020 17:07
Vakansiyalar üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb
2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin 2-6 oktyabr tarixlərində keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu mərhələdə 4157 vakant yer müsabiqəyə çıxarılıb və nəticələrə əsasən, əlavə yerləşdirmədə 730 nəfər namizəd vakant yer tutub. Namizədlər 12 oktyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaqlar.
08/10/2020 11:03
16 ümumtəhsil məktəbinin direktoruna qaydaları pozduğuna görə töhmət verilib
Təhsil Nazirliyi 23 sentyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinq keçirir. Məqsəd Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə əməl olunması vəziyyətinin yoxlanılmasıdır. Bu günədək 18-i özəl, 73-ü dövlət ümumi təhsil müəssisələri olmaqla, Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən (məcburi köçkün məktəbləri daxil olmaqla) ümumilikdə 91 məktəbdə monitorinq aparılıb. Monitorinqin nəticələrinin təhlili göstərir ki, yoxlama aparılmış məktəblərdə əsas qayda pozuntuları müəssisəyə daxil olan şəxslərin müvafiq qaydada hərarətinin ölçülməməsi, müəssisədə müvafiq standartlara cavab verən xüsusi karantin otağının mövcud olmaması, həmçinin sanitar qovşaqlarda maarifləndirici poster və xəbərdaredici nişanların yerləşdirilməməsi ilə bağlıdır. Aşkar olunmuş qayda pozuntularının sayı və ciddiyyəti nəzərə alınmaqla, 67 dövlət ümumi təhsil müəssisəsi ilə bağlı müvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması üçün onlara vaxt verilib. Bakı şəhərinin 223, 321, 326, 294, 109, 305, 144, 328, 80, 291 nömrəli ümumi təhsil müəssisələrinin, eləcə də Bakı, Sumqayıt və Abşeronda yerləşən Zəngilan rayonu 32, Şuşa rayonu 7 və 9 nömrəli, Kəlbəcər rayonu 13 nömrəli tam orta, Laçın rayonu Biləcəri ümumi orta məktəbi və 10 nömrəli tam orta məktəblərin direktorlarına töhmət verilib, 51 təhsil müəssisəsinin direktoruna isə xəbərdarlıq edilib. Qeyd edək ki, verilmiş vaxt bitdikdən sonra həmin müəssisələrdə təkrar monitorinq keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Bakı şəhəri 245, 239, 27, 211 nömrəli, Şuşa şəhər 3 nömrəli tam orta məktəblərin və Sumqayıt şəhər inteqrasiya təlimli internat məktəbinin qaydalara düzgün əməl edilməsi müəyyən olunub. Eyni zamanda qayda pozuntuları aşkar olunmuş özəl təhsil müəssisələri ilə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib. Monitorinqin növbəti günlərdə də davam etdirilərək, qeyd olunan bölgələrlə yanaşı, ölkəmizin müxtəlif regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilmiş digər məktəblərdə də həyata keçirilməsi planlaşdırılır.
08/10/2020 10:23
"Dərs vaxtı"nın 8 oktyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 8-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
08/10/2020 08:24
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More