• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2009-2010-cu tədris ilində ölkəmizin 4569 orta ümumtəhsil məktəbində 1 427 910 şagird təhsil alacaq.

Onların təlim-tərbiyəsi ilə 170 000 müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 125 114 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119 600 şagird qəbul olunub. Növbəti tədris ilində 37 dövlət ali təhsil müəssisində 110 670, 16 özəl ali məktəbdə isə 19 690 tələbə təhsil alacaq. Onu da qeyd edək ki, dövlət ali təhsil ocaqlarında 12 450, qeyri-dövlət ali məktəblərində isə 1 960 müəllim çalışır.

Fevralın 3-də təhsil naziri Misir Mərdanov Koreya Politexnik Universitetinin prezidenti cənab Jun Yeonq Choinun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib. Azərbaycanla Koreya arasındakı əlaqələrin inkişafından söz açan nazir bu əməkdaşlığın hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərindən sonra daha da genişləndiyini qeyd edib. Misir Mərdanov dövlətimizin başçısının Koreya ilə əlaqələrin yaradılmasına böyük önəm verdiyini açıqlayıb. Nazir həmçinin azərbaycanlı gənclərin Koreyada təhsili məsələsinə də toxunub və bu sahədə görülən işlərdən danışıb. Cənab Jun Yeonq Choi qəbul üçün nazirə minnətdarlıq edib.İki ölkə arasındakı mövcud əməkdaşlıqdan danışan qonaq bu istiqamətdə lazımi işlər həyata keçirməyə hazır olduqlarını diqqətə çatdırıb. Rəhbəri olduğu təhsil müəssisəsinin dünyanın müxtəlif ölkələrinin universitetləri ilə qarşılıqlı əlaqələrindən söz açan universitet rəhbəri ölkəmizdə reallaşdırmaq niyyətində olduqları layihə haqqında məlumat verib. Qonaq son illər ölkəmizin inkişaf yolunda müsbət addımlar atdığını nəzərə alaraq bildirib ki, onlar Bakı və ona yaxın ərazidə elm, eləcə də sənayenin inkişafına xidmət edən ali təhsil mərkəzi yaratmaq niyyətindədirlər. Cənab Jun Yeonq Choi bu istiqamətdə aparılan işlər, mövcud təcrübə barədə təqdimat edib. Bu təklif üçün qonaqlara təşəkkür edən Misir Mərdanov layihənin əhəmiyyətini qeyd edib və belə bir mərkəzin Azərbaycanda fəaliyyət göstərməsi arzusunda olduğunu bildirib. Eyni zamanda nazir bu barədə müvafiq dövlət qurumlarını məlumatlandırmağın vacibliyini qeyd edib. Sonra Misir Mərdanov Dünya Bankı ilə imzalanmış Kredit Sazişi çərçivəsində ali təhsil sahəsi üzrə aparılacaq islahatlar barədə qonaqlara məlumat verib. Görüşdə tərəflər layihə sənədinin daha da təkmilləşdirilməsini və bununla bağlı yenidən görüşərək müzakirə aparmağın vacibliyini qeyd ediblər.

Ölkəmizin ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün 2009-2010-cu tədris ilinə 87 adda dərslik və müəllim üçün metodik vəsaitin nəşri planlaşdırılıb.

Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən həmin dərslik və dərslik komplektlərinin tirajı, həcmi və çap formatları təsdiq olunub. Ümumtəhsil məktəblərinin II sinifləri üçün nəzərdə tutulan 40 adda dərslik və müəllim üçün vəsaitin hazırlanması və çapına dair dövri mətbuatda verilmiş elana uyğun olaraq nəşriyyatlar öz tender təkliflərini bu ilin mayında Təhsil Nazirliyinə təqdim edəcəklər. Dərslik komplektlərinin qiymətləndirilməsindən sonra mövcud qanunvericiliyə uyğun olaraq çap işləri təşkil olunacaqdır. Nəşri nəzərdə tutulan 87 adda dərslik və müəllim üçün vəsaitdən 47 adda dərslik V-XI siniflərin şagirdləri üçün çap olunacaqdır. Artıq həmin dərsliklər orta məktəblərin qabaqcıl müəllimlərindən yaradılmış işçi qrupları tərəfindən oxunur, onların təqdim edəcəkləri rəy və təkliflər müəllif və nəşriyyatlar tərəfindən baxılaraq nəzərə alınacaqdır.

Son illər vacib məsələ kimi diqqətdə saxlanılan məktəblərin istiliklə təminatı istiqamətində bir sıra işlər görülüb.

Belə ki, 2008-ci ildə 350 məktəbin istilik sistemi bərpa edilib. Həmin təhsil müəssisələrinin 206-da bərpa işləri Təhsil Nazirliyinin mərkəzləşdirilmiş vəsaiti hesabına aparılıb. Cari ildə 300-dək məktəbin istilik sistemi əsaslı təmir və bərpa ediləcək. Bu sahədə mövcud problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçiriləcək.

Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair beşillik dövrü əhatə edən (2005-2009-cu illər) İnkişaf Proqramı bu il başa çatır.

Proqram çərçivəsində indiyədək yeni tikilən və əsaslı təmir edilən məktəblərdən əlavə 506 məktəb Təhsil Nazirliyi tərəfindən müasir avadanlıqlarla təmin olunub. Təkcə ötən ildə 180 məktəbə şagird masası, yazı lövhəsi, müəllim stolu və stulları verilib. Bu il daha 200 məktəbin müasir avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.

Ölkəmizin ümumtəhsil sistemində tətbiq olunan mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları 2008-2009-cu dərs ilindən bütün ölkəni əhatə edəcək.

Orta məktəblərin XI (XII) sinif şagirdləri ilə yanaşı, peşə liseylərində məzun olmağa hazırlaşanlar da buraxılış imtahanlarını yeni qayda ilə verəcəklər. Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə bu ilin fevral-aprel aylarında mərkəzləşdirilmiş qaydada 1 yoxlama-sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Yoxlama imtahanlarının peşə liseylərində ayrıca, ümumtəhsil məktəblərində isə bölgələr üzrə mərhələlərlə keçirilməsi planlaşdırılıb. Ölkə üzrə 5 bölgə müəyyənləşdirilib. Bunlar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, şimal, şimal-qərb, qərb və cənub bölgələridir. Mərkəzləşdirilmiş qaydada ilk yoxlama imtahanı fevralın 22-də olacaq. Həmin gün peşə liseylərinin şagirdləri öz biliklərini sınayacaqlar. Peşə liseyləri üzrə yoxlama imtahanları üçün 29 mərkəz yaradılıb. Onların 7-si Bakıda, 22-si isə ölkənin digər şəhər və rayonlarında yerləşir. Bölgələr üzrə yoxlama imtahanlarına isə mart ayından başlanacaq. Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonu məktəblərinin bu sahədə artıq ikiillik təcrübəsinin olması nəzərə alınaraq ilk imtahan martın 1-də məhz bu bölgə üzrə keçiriləcək. Sonra şimal bölgəsinə daxil olan rayonların ümumtəhsil məktəblərinin XI sinif şagirdləri sınaq imtahanlarına qatılacaqlar. Bu bölgə üzrə yoxlama imtahanı martın 15-də aparılacaq. İmtahanlar ardıcıl olaraq şimal-qərb, qərb və cənub zonalarının rayonlarında keçiriləcək.

Fevralın 7-də akademik Zərifə Əliyeva adına orta məktəbə İKT avadanlıqları təqdim olunub.

Bu münasibətlə keçirilən təqdimat mərasimində təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və paytaxtın bir sıra məktəblərinin direktorları iştirak edib. Məlumat üçün qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli Sərəncamına əsasən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məktəbə 4 noutbuk, 4 proyektor dəsti və 5 elektron lövhə verilib. Məktəbin sinif otaqlarında quraşdırılmış İKT avadanlıq dəstləri vasitəsilə keçirilən dərslərdə iştirak edən nazir şagird və müəllimlərin hazırlıq səviyyəsi, bu avadanlıqlardan necə istifadə etmələri ilə yaxından tanış olub. Misir Mərdanov qeyd edib ki, son illər müasir cəmiyyətdə təhsilin vacib komponentlərinə çevrilmiş İKT ilə təhsil müəssisələrinin təmin olunması sahəsində xeyli iş görülüb və müvafiq Dövlət Proqramı çərçivəsində daha bir sıra mühüm işlərin reallaşdırılması nəzərdə tutulub. Nazir əlavə edib ki, həyata keçirilən layihələrdən biri də “Elektron məktəb” layihəsidir və Bakı şəhərində seçilmiş 10 qabaqcıl məktəbdə bu layihənin icrasına başlanılıb. Misir Mərdanov akademik Zərifə Əliyeva adına məktəbin də həmin məktəblər sırasında olduğunu diqqətə çatdırıb. Eyni zamanda nazir təhsil müəssisəsində quraşdırılmış İKT avadanlıqlarından müəllim və şagirdlərin səmərəli istifadəsi üçün texniki baxımdan hər cür şərait yaradıldığını vurğulayıb.  Onu da qeyd edək ki, hazırda Zərifə Əliyeva adına məktəbdə İKT avadanlıqları ilə bərabər yüksək sürətlə internet və internet bağlantısı vasitəsilə videogörüntünü təmin edən fibrooptik kabel çəkilməkdədir. Bu işlər “Elektron məktəb” layihəsində iştirak edən digər məktəblərdə də həyata keçiriləcək. Həmin məktəblər həm Təhsil Nazirliyi, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə video bağlantılar yaratmaq imkanı əldə edə biləcək. Sonda məktəbin direktoru Məhəbbət Vəliyeva rəhbərlik etdiyi təhsil müəssisəsində aparılan işlər barədə təhsil naziri Misir Mərdanova məlumat verib.

Akademik Zərifə Əliyeva adına məktəbdə “Məktəb liderliyinin inkişafı” mövzusunda ikigünlük seminar keçirilib.

Akademik Zərifə Əliyeva adına məktəbdə “Məktəb liderliyinin inkişafı” mövzusunda ikigünlük seminar keçirilib. Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi-Açıq Cəmiyyət İnstitutunun birgə keçirdiyi ikigünlük seminar fevralın 6-dan öz işinə başlayıb. Tədbirdə bir sıra qabaqcıl məktəblərin direktorları iştirak edib. Seminarı Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə açaraq məktəb liderliyinin inkişafı ilə bağlı öz fikir və mülahizələrini iştirakçılarla bölüşüb, məktəb direktorlarının üzərinə düşən vəzifələrə toxunub. Çıxış üçün söz alan ABŞ-ın Cənubi Konnektikut Universitetinin professoru Ketrin Maqno seminarın keçirilməsinin əsas məqsədindən danışıb. Xanım Ketrin məktəb liderliyinin inkişafından, bu sahədə dünya təcrübəsindən söz açıb. Seminarda liderlik nədir, liderlik və idarəetmə, liderliyin növü, liderlik və dəyişiklik, eləcə də digər məsələlər mövzusunda iştirakçılar tərəfindən geniş müzakirələr və fikir mübadiləsi aparılıb. Sonra T.İsmayılov adına “İntellekt” məktəb-liseyin direktoru Ceyran Kuliyeva, Sumqayıt şəhərindəki 11 saylı məktəbin direktoru Ofeliya Babayeva və Bakıdakı 220 saylı məktəbin direktoru Almaz Ələsgərovanın rəhbərlik etdikləri təhsil müəssisələrində gördükləri işlərə həsr olunan təqdimatlar keçirilib. Təqdimatlardan sonra seminar iştirakçıları tərəfindən liderlik yanaşmaları mövzusunda müzakirələr davam etdirilib. Seminarın birinci iş günü iştirakçılara özünü qiymətləndirmənin təhlili mövzusunda tapşırıqlar verilib. Fevralın 7-də seminar öz işini davam etdirib. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov belə bir mövzuda keçirilən seminarın aktuallığına toxunub və məktəb direktorları üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Təhsil naziri “Məktəb liderliyinin inkişafı” mövzusunda geniş məruzə-təqdimatla çıxış edib. Cəmiyyətin inkişafında təhsilin rolundan söz açan nazir seminar iştirakçılarına ilk öncə son illər bu sahədə ölkəmizdə görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə xüsusi diqqət və qayğı göstərildiyini bildirən nazir təhsilə ayrılan büdcə vəsaitinin, onun inkişafına yönəlmiş xərclərin ilbəil artığını qeyd edib. Təhsilin maliyyələşdirilməsinin inkişaf dinamikasını əks etdirən cədvəllər, statistik rəqəmlər iştirakçıların diqqətinə çatdırılıb. Ölkədə təhsillə bağlı 14 inkişafyönümlü Dövlət Proqramının həyata keçirildiyini söyləyən nazir bununla bağlı görülən işlər, həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər, perspektivlər haqqında ətraflı məlumat verib, təhsilin son illər uğurla inkişaf etdiyini, onun məzmununun getdikcə yeniləşdiyini, keyfiyyət göstəricilərinin artması istiqamətində mühüm addımlar atıldığını bildirib. Nazir çıxışında ölkəmizdə geniş vüsət tapmış məktəb tikintisindən və onların müasir avadınlaqlarla təchiz edilməsindən danışıb, İKT ilə təminatı vəziyyətinə toxunaraq bu istiqamətdə görülən işlərdən söz açıb.  Təhsil naziri daha sonra orta ümumtəhsil məktəbləri üçün çap olunan dərsliklərdən, əlavə tədris materiallarından, 2008-2009-cu dərs ilindən etibarən I siniflərdə yeni kurrikulumlarla tədrisə başlanılmasından, şagird nailiyyətlərinin qiymətləndirilməsinin müasir tələblərə cavab verən yeni mexanizminin yaradılmasından, bu sahədə tətbiq edilən yeniliklərdən və digər məsələlərdən ətraflı danışıb. Təhsil müəssisələrində əlverişli mühitin yarandığını qeyd edən nazir təhsil işçilərinin üzərinə düşən vəzifələrə toxunub, təhsilin keyfiyyətinə təsir edən amilləri diqqətə çatdırıb. Təhsil müəssisələrinə rəhbərlik edənlərin öz işlərinə daha məsuliyyətlə yanaşmalarının, yüksək idarəçilik və hərtərəfli dünyagörüşünə malik olmalarının vacibliyinə toxunan nazir bununla bağlı seminar iştirakçılarına bir sıra tövsiyələr verib. Məruzə-təqdimat başa çatdıqdan sonra nazir Misir Mərdanov seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Sentyabrın 14-də təhsil naziri Misir Mərdanov Dünya Bankının Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin tapşırıq qrupunun rəhbəri Elizabet Vanq ilə görüşüb.

Qonaqları salamlayan nazir Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı əməkdaşlığın səmərəli nəticələr verdiyini, indiyə qədər imzalanan layihələrin nəzərdə tutulan qrafik üzrə uğurla reallaşdırıldığını qeyd edib. Misir Mərdanov artıq imzalanmaq ərəfəsində olan Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin gerçəkləşdirilməsi üçün həyata keçiriləcək zəruri tədbirlərə toxunub, müvafiq məsələlərlə bağlı fikirlərini bildirib. Aparılan danışıqların uğurla başa çatdığını, Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin Dünya Bankının Direktorlar Şurası tərəfindən iyun ayının sonlarında təsdiq edildiyini bildirən Elizabet Vanq layihənin başlanması ilə əlaqədar seminar keçirməyi planlaşdırdıqlarını nəzərə çatdırıb. Layihə çərçivəsində görüləcək işlərdən söhbət açan qonaq qarşıdakı müddət üçün kifayət qədər zəngin tədbirlər proqramının olmasına baxmayaraq nəticənin uğurlu olacağına əminliyini ifadə edib.

Sentyabrın 15-də Bakının Nəsimi rayonundakı elitar gimnaziya əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva elitar gimnaziyaya gəliblər. Məktəblilər Mehriban xanıma gül dəstəsi təqdim ediblər. Dövlətimizin başçısı və xanımı müasir standartlara uyğun şəkildə bərpa edilmiş və yenidən qurulmuş gimnaziya ilə tanış olublar. Təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanda son illər ərzində məktəb binalarının tikintisi və təmiri geniş vüsət alıb və təhsil sisteminin maddi-texniki bazası əsaslı şəkildə möhkəmlənib. Ölkə Prezidentinin tapşırığı ilə bu il iyulun 17-dən təmirinə başlanılmış gimnaziyada tədris üçün hər cür şərait yaradıldığını qeyd edən nazir burada 70-ə yaxın sinif otağının olduğunu nəzərə çatdırıb. 1000 şagird yeri olan gimnaziyada yeni dərs ilində 958 məktəblinin təhsil alacağını söyləyən Misir Mərdanov onların təlim-tərbiyəsi ilə 93 müəllimin məşğul olacağını vurğulayıb. Onu da qeyd edək ki, 2007-2008-ci tədris ilinin yekunlarına görə gimnaziya “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Cari ildə bu məktəbin 76 məzunu respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul imtahanlarında iştirak edib, onlardan 70-i tələbə adını qazanıb. Məktəbin 8 məzunu 600-dən çox bal toplayıb, onlardan biri Prezident təqaüdünə layiq görülüb. Gimnaziya binasının birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti, Azərbaycanın dövlət rəmzləri ilə bağlı xüsusi guşələr yaradılıb. Dövlətimizin başçısı ikinci mərtəbədə ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına baxıb, tədris prosesi, dərs vəsaitləri ilə maraqlanıb. Yeni kompüterlərlə təmin olunub kompüter otağında dərs keçən V sinfin 24 şagirdinə ölkə rəhbəri tərəfindən fərdi noutbuklar hədiyyə edilib. Prezident İlham Əliyev VI sinif şagirdlərinə riyaziyyat fənninin elektron lövhədə tədrisi prosesini izləyib. Müəllimlər otağında yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev pedaqoqları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra gimnaziyanın kitabxanası, kimya kabineti, idman salonu və həyətində yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə ölkədə təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğıya, pedaqoq əməyinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını ifadə edən müəllimlər bildiriblər ki, bütün bunlar tədrisin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır