“2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”ı çərçivəsində Təhsil Nazirliyinin internetdən istifadə məsələləri üzrə Şurası yaradılıb.
Qurumun əsas məqsədi təhsil ocaqlarında zərərli informasiyaya çıxışı məhdudlaşdırmaqdır. Şuranın fəaliyyətini Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi əlaqələndirəcək. Şuranın tərkibinə valideyn, müəllim, mədəniyyətşünas, habelə Dövlət Proqramının reallaşdırılmasında Təhsil Nazirliyinin tərəfdaşları olan “Mədəd” humanitar təşkilatı, ULTRA şirkəti, Azedunet təşkilatı, Microsoft Azərbaycan şirkəti, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları daxildir. Qurumun əsas fəaliyyət istiqamətləri təhsildə məzmunun filtrasiyası və tədris ocaqlarında təhsil alan məktəblilərin və tələbələrin zərərli informasiyaya çıxışını məhdudlaşdırmaq üzrə tövsiyələr və praktik təkliflər hazırlamaqdır. Bu prosesi təmin etmək üçün şura Böyük Britaniyanın, ABŞ-ın, Rusiyanın və Estoniyanın təcrübəsindən geniş istifadə edəcək. Qeyd edək ki, hazırda ABŞ-da geniş tətbiq olunan veb-senz Filtrasiya Şurası tərəfindən nəzərdən keçirilir. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt”inə yanvarın 5-dən bugünədək 79 müraciət daxil olub. Onlardan 25-i anonim, digərləri ünvanlıdır. Araşdırmalar zamanı bir sıra müraciətlərin də anonim olduğu aşkarlanıb.
79 müraciətdən 36-sı ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı olub. Onlardan 24-ü dövlət, 12-si özəl ali və orta ixtisas təhsili müəssisələrinə aiddir. Ali və orta ixtisas təhsili müəssisələrinə dair müraciətlərin 15-i anonim xarakterlidir. Müraciətlər məzmunca şikayət, təklif və sorğu xarakterli olub. Bütün müraciətlər araşdırılıb, sorğular cavablandırılıb, təkliflər isə müraciətlər ümumiləşdirilərkən təhlil olunaraq nəzərə alınacaq. Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyası dövründə “Qaynar xətt”ə daxil olan müraciətlər və görülmüş tədbirlər barədə məlumatlar cari ilin fevralında ictimaiyyətə çatdırılacaq.
08/07/2015 16:52
Bu günlərdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Orta məktəblərdə qanunsuz miqrasiya və insan alverinin qarşısının alınması üzrə təhsil” layihəsi çərçivəsində Milli idarəetmə komitəsinin birinci iclası keçirilib.
İştirakçılar Milli idarəetmə komitəsinin əsasnaməsi və təşkilati işlərlə tanış olub, eləcə də layihənin uğurla həyata keçirilməsi üçün səmərəli əməkdaşlığı və qarşıda duran növbəti tədbirləri müzakirə ediblər. İclasda Təhsil və Daxili İşlər nazirliklərinin əməkdaşları, QHT nümayəndələri və bu sahə ilə məşğul olan digər şəxslər iştirak edib.
08/07/2015 16:52
Yanvarın 27-də Təhsil Nazirliyində Türkiyə Respublikası Milli təhsil nazirinin müavini Sadəttin Sabazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ölkəmizdə texniki-peşə təhsili sahəsindəki islahatlara yardım, təcrübə mübadiləsinin aparılması və peşə təhsili müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması məsələləri müzakirə olunub. Onu da qeyd edək ki, bu görüş Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında imzalanmış protokola əsasən təşkil olunub. Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində qurulan əməkdaşlığın əhəmiyyətli nəticələrini diqqətə çatdıran nazir peşə təhsili üzrə də əlaqələrin qurulmasına böyük önəm verdiyini açıqlayıb. Azərbaycanda son illər texniki-peşə təhsilinin inkişafı istiqamətində atılan müsbət addımlar, bu sahə üzrə ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramı barədə qonaqlara məlumat verən təhsil naziri aparılan digər islahatlardan da söz açıb. Sonra çıxış edən Sadəttin Sabaz bu görüşdən məmnunluq duyduğunu bildirib və peşə təhsili sahəsi üzrə qarşılıqlı əlaqələrin yaradılmasında lazımi dəstək göstərməyə hazır olduqlarını qeyd edib. S.Sabaz öz çıxışında Türkiyənin milli təhsil sistemi, onun strukturu, peşə təhsili müəssisələrinin mövcud vəziyyəti barədə iştirakçılara məlumat verib. Eyni zamanda qonaq ölkəmizin bir neçə peşə təhsili müəssisəsində olduqlarını da diqqətə çatdırıb və bir sıra təkliflərini bildirib. Görüşdə nümayəndə heyətinin digər üzvləri rəhbəri olduqları müəssisələr haqqında təqdimat-məruzə ilə çıxış ediblər.
08/07/2015 16:52
Hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsil alır.
Onlardan 895 nəfəri dövlət hesabına oxuyur . Onu da qeyd edək ki, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində xarici ölkələrə təhsil almağa göndərilənlərin sayının 8 il ərzində 5000 nəfərə çatdırılması nəzərdə tutulur. Proqrama əsasən 2 il ərzində 199 gənc dünyanın 14 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura və doktorantura pillələrində iqtisadiyyat, tibb, ekologiya, kənd təsərrüfatı, İKT, sənaye və digər sahələr üzrə təhsil almağa göndərilib. Bu ölkələr ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Yaponiya, Cənubi Koreya, İsveç, Niderland, İspaniya, Kanada və digərləridir. Bu gün ölkəmizin ali məktəblərində təhsil alan 7111 nəfər əcnəbi tələbə dünyanın 40 ölkəsini təmsil edir.
08/07/2015 16:52
1-3 oktyabr tarixlərində Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində Bakıda “Azərbaycan-Almaniya Ali Təhsil günləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfrans zamanı Almaniya və Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər müzakirə ediləcək, həmçinin tibb, kənd təsərrüfatı, texniki elmlər sahəsində əlaqələrə həsr olunmuş, Boloniya prosesi çərçivəsində birgə proqramların hazırlanması ilə bağlı məruzə və çıxışlara yer veriləcək. Onu da qeyd edək ki, oktyabrın ilk günündə qeyd olunan tədbir çərçivəsində “Kapellhaus” - Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası da keçiriləcək.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin aprel və may aylarında 69 müraciət daxil olub.
Müraciətlərdən 5-i sorğu xarakterlidir. Qeyd edək ki, müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 28, Gəncə şəhər ümumtəhsil məktəblərindən 5, Abşeron rayonundan 6, Yardımlı rayonundan 3 müraciət daxil olub. Müraciətlərdən 6-sı ali təhsil müəssisələrinə aiddir. Onların 3-ü Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədardır. Bu müraciətlərdə diplom alınması, diplomun səhv yazılması, tələbələrin akademik borclarının ləğvi və s. məsələlərdən bəhs edilir. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərdən 3-ü (Gəncə şəhəri üzrə 2, Abşeron rayonu üzrə 1) Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan təhsil prosesinin təşkili, xaricdə təhsil, müəllimlərin ezamiyyə xərclərinin ödənilməsi, IX və XI siniflərin buraxılış imtahanları, təhsil sənədlərinin alınması və digər məsələlərlə bağlı bütün müraciətlər araşdırılıb, uyğun tədbirlər görülüb və vətəndaşlara müvafiq cavablar verilib.
08/07/2015 16:52
2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üçün keçirilən müsabiqənin nəticələri məlum olub.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.01.2008-ci il tarixli Kollegiya qərarına, Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin «Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi» altkomponentinin icra planına əsasən 2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul Təhsil Nazirliyi tərəfindən yeni mexanizm tətbiq edilməklə iki mərhələdə həyata keçirilib. Məlumat üçün qeyd edək ki, ilk növbədə Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant yerlər (365 yer) müəyyənləşdirilib, elektron ərizə forması, hər bir müəllimin müvafiq göstəriciləri və onların qiymətləndirilmə meyarları hazırlanıb, müəllimlərin işə qəbulu üzrə yeni reqlamentlər təsdiq olunub. Eyni zamanda müəllimlərin işə qəbulu üzrə Müsabiqə Komissiyası yaradılıb. Nazirliyin internet saytında açılan «Müəllimlərin işə qəbulu üzrə müsabiqə» səhifəsində Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant yerlər, elektron ərizə forması və müəllimlərin işə qəbulu ilə bağlı reqlamentlər yerləşdirilib. Reqlamentlərə uyğun olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində müxtəlif ixtisaslar üzrə vakant yerlərə 2 147 müəllim elektron ərizə verib. Ən çox ərizə ingilis dili (570 nəfər), ibtidai sinif (467 nəfər), Azərbaycan dili və ədəbiyyat (235 nəfər), riyaziyyat (189 nəfər) ixtisasları üzrə daxil olub. Müsabiqənin birinci mərhələsində təqdim olunmuş elektron ərizələrdəki məlumatlara və şəxsi işlərdə olan təsdiqləyici sənədlərə əsasən müəllimlərin göstəriciləri xüsusi meyarlar əsasında qiymətləndirilib. Bu mərhələdə ixtisası, sənədləri reqlamentlərə uyğun gəlməyən namizədlər müsabiqədən kənarlaşdırılıb. Müsabiqənin sentyabrın 10-u, 11-i, 16-sı və 18-də keçirilən ikinci mərhələsində 1044 nəfər iştirak edib. İxtisaslardan və iştirakçıların sayından asılı olaraq namizədlərlə müsahibə və ya test yoxlaması aparılıb. İki mərhələnin nəticəsi əsasında müəyyənləşdirilən keçid balını toplayan müəllimlər ixtisasları üzrə seçdikləri məktəblərə işə qəbul olunublar. Onu da qeyd etmək lazımdır ki, nəticələr hər bir fənn üzrə müsabiqə keçiriləndən bir saat sonra namizədlərə elan edilib. Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilməsi nəzərdə tutulan müəllimlərin təsdiq olunmuş siyahısı Nazirliyin internet saytında və Azərbaycan təhsil portalında yerləşdirilib, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə Nazirliyin müvafiq məktubları göndərilib. Onu da qeyd edək ki, yaxın vaxtlarda Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə yeni müsabiqə elan ediləcəkdir. 2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üçün keçirilən müsabiqənin nəticələri
08/07/2015 16:52
Sentyabrın 25-də Avropa Liseyində Təhsil Nazirliyinin və “İntel” Korporasiyasının birgə həyata keçirdiyi “1 şagird – 1 kompüter” layihəsi çərçivəsində məktəblilərə 100 noutbukun verilməsi mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Misir Mərdanov iştirak edib. Nazir layihənin ölkəmizin təhsil sistemi üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, aşağı sinif şagirdlərinə noutbukların verilməsi onların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə daha effektiv təhsil almalarına yaxından kömək edəcək. Sonra nazir liseydə “Elektron məktəb” layihəsi çərçivəsində yaradılmış və artıq istifadə edilən elektron jurnallar ilə yaxından tanış olub. Mərasimdə liseyin 5-6-cı sinif şagirdlərinin bu noutbuklardan həm məktəbdə, həm də evdə istifadə edə biləcəkləri barədə məlumat verilib. Onu da qeyd edək ki, “1 şagird-1 kompüter” layihəsi “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Cari ildə mövcud layihəyə uyğun olaraq, Elitar Gimnaziyaya, Avropa Liseyinə, 23 və 6 saylı orta məktəblərə 400 noutbukun verilməsi planlaşdırılır. Noutbukların 300-ü Təhsil Nazirliyi, 100-ü isə “İntel” Korporasiyası tərəfindən veriləcək. Artıq Elitar Gimnaziya şagirdlərinə yeni noutbuklar verilib. 2010-cü ilin sonunadək bu layihə çərçivəsində Azərbaycan məktəblilərinə Təhsil Nazirliyi 3000, “İntel” 1000 noutbuk təqdim edəcək.
08/07/2015 16:52
Sentyabrın 25-də «Landmark» otelinin Rotunda zalında Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin (MTTYM) 5 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimi açan MTTYM-in idarə heyətinin sədri, Bakıdakı Britaniya Məktəbinin direktoru David Draper qonaqları səmimi salamlayıb. Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir ilk növbədə mərkəzin bütün əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə təbrik edib, onlara öz işlərində yeni-yeni uğurlar arzulayıb. Misir Mərdanov öz çıxışında qeyri-hökumət təşkilatlarının fəaliyyətinin ölkənin inkişafındakı əhəmiyyətindən bəhs edib. Artıq ölkəmizdə təhsillə bağlı bir neçə belə qurumun olduğunu bildirən nazir onların bütün layihələrinin Təhsil Nazirliyi ilə birgə həyata keçirildiyini vurğulayıb. Təhsil naziri Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin ölkədə dərslik siyasətinin formalaşması, inklüziv təhsil, xüsusən də məktəb liderlərinin hazırlanması üzrə çoxsaylı layihələr həyata keçirdiyini və bu fəaliyyətin nəticələrinin həmin sahələrin inkişafında böyük əhəmiyyət kəsb edəcəyinə inandığını qeyd edib. Tədbirdə Misir Mərdanov təşkilatın bir qrup əməkdaşının Təhsil Nazirliyinin «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı və fəxri fərmanları ilə təltif edildiyini bildirərək Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində çalışanlara gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər qazanmağı arzulayıb. Mərasimdə mərkəzin 5 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib və MTTYM-in icraçı direktoru Ülviyyə Mikayılovanın bununla bağlı təqdimatı olub. Sonra tədbir iştirakçılarına uşaq xorunun ifasında konsert proqramı təqdim olunub. Tədbirin sonunda canlı debat keçirilib və müzakirə olunan məsələnin nəticələri səsvermə yolu ilə müəyyən edilib.
08/07/2015 16:52
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
4 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
4 il əvvəl -
Bildiriş
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
4 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More