Sentyabrın 29-da təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq Çul ilə görüşüb.
Görüşdə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində görülən işlər və perspektiv məsələlər müzakirə olunub. Qonağı səmimi salamlayan Misir Mərdanov Azərbaycanla Koreya arasında son illər inkişaf edən əlaqələrdən, təhsil sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. İki ölkə arasında tələbə mübadiləsi aparılmasının əhəmiyyətini bildirən nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 23, ümumilikdə isə 60-dan artıq azərbaycanlı gəncin hazırda Koreya universitetlərində təhsil aldığını diqqətə çatdırıb. Nazir həmçinin Cənubi Koreyanın “DAEWOO” Şirkətinin Azərbaycanda Peşə Təlimi Mərkəzinin yaradılması istiqamətində atdığı addımlardan da söz açıb və bu sahədə konkret nəticəyə nail olunacağına inamını ifadə edib. Misir Mərdanov Azərbaycanda öz missiyasını başa vuran səfir Lyu Kvanq Çulun ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətindəki səmərəli fəaliyyətini yüksək dəyərləndirib və həyata keçirilən layihələrə göstərdiyi dəstəyə görə ona təşəkkürünü bildirib. Lyu Kvanq Çul səmimi qəbula görə nazirə minnətdarlıq edib. Ölkələr arasında elm və təhsil sahəsində sıx əlaqələrin qurulmasına xüsusi önəm verdiyini açıqlayan səfir koreyalı gənclərin Azərbaycan universitetlərində təhsil almaq marağından və tələbə mübadiləsi aparılmasının ikitərəfli əlaqələrin daha da inkişafında müsbət rolundan danışıb. Sonra qonaq Koreyanın Hankuk Xarici Dillər Universitetində fəaliyyət göstərən türk dili kafedrasında yeni açılan Azərbaycan dili bölməsi və bu dilin tədrisi barədə nazirə məlumat verib. Görüşdə tərəflər mövcud istiqamət üzrə əməkdaşlığın davam etdirilməsinin labüdlüyünü qeyd ediblər.
08/07/2015 16:52
Sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində Bilgəh və Şüvəlan qəsəbələrində yerləşən 11 nömrəli xüsusi internat məktəbin, Yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün Respublika yardımçı internat məktəbin nəzdində yaradılan günərzi inkişaf və reabilitasiya mərkəzlərinin açılış mərasimi olub.
Mərasimlərdə təhsil naziri Misir Mərdanov, Sabunçu və Əzizbəyov rayonlarının icra hakimiyyətlərinin başçıları, YUNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri, Nazirlər Kabinetinin, Bakı Şəhər İcra Hakimiyyətinin, bəzi beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra nazir və onu müşayiət edən rəsmi şəxslər günərzi inkişaf və reabilitasiya mərkəzlərində uşaqlar üçün yaradılan şəraitlə tanış olub, oyun və yataq otaqlarına baxıblar. Təhsil naziri hər iki mərkəzin açılmasını dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və qayğı mərkəzlərinin yaradılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirib. Nazir yaradılan şəraitdən razı qaldığını söyləyib, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdikləri diqqətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edib. Misir Mərdanov yeni mərkəzlərin yaradılmasına yaxından kömək göstərdiklərinə görə beynəlxalq təşkilatlara, xüsusən də “Uşaqların Xilası” təşkilatına minnətdarlığını bildirib, gələcəkdə Bərdə və Göyçayda da belə mərkəzlərin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, mərkəzlərin binası Təhsil Nazirliyi tərəfindən tikilib, Dövlət Proqramına ayrılan vəsait hesabına inkişafetdirici təlim materialları, müvafiq inventar və avadanlıqlarla təchiz edilib. Mərkəzlərin yaradılmasında əsas məqsəd uşaqların müvafiq müəssisələrə düşməsinin qarşısının alınmasıdır. Mərkəzlərə Əzizbəyov və Sabunçu rayonu ərazisində yaşayan, risk qrupuna daxil olan aztəminatlı, sağlamlıq imkanlar məhdud olan uşaqlar cəlb ediləcək. Əzizbəyov rayonu ərazisindəki mərkəz 40 nəfər, Sabunçu rayonu ərazisindəki mərkəz isə 70 nəfər məktəbəqədər və məktəbyaşlı, sağlamlıq imkanları məhdud uşağa xidmət edəcək. Mərkəzlərdə psixoloq, loqoped, inkişaf terapiyası (yəni, uşaqlara özünəxidmət bacarıqlarının aşılanmasını öyrədən xüsusi pedaqoq) xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Müəssisələrdə günərzi qayğı xidmətlərinin yaradılması və fəaliyyətin səmərəli təşkili üçün müəssisələrin işçi heyətinə inkluziv təhsil və sosial iş üzrə müxtəlif mövzularda treninqlər keçirilib. Mərkəzlərin fəaliyyətlərinin əsas istiqaməti sağlamlıq imkanları məhdud uşaqların həyati bilik və bacarıqlara yiyələnmələrinə, oyunlar vasitəsilə onların əqli və fiziki inkişafına nail olmaqdan, keçirilən reabilitasiya proqramlarına valideynləri cəlb etməkdən, valideynlərə uşaqların hüquqları ilə bağlı hüquqi müvəkkillik xidmətləri göstərməkdən və digər müvafiq xidmətlərdən ibarət olacaqdır. Gün ərzində 10-12 saat fəaliyyət göstərəcək mərkəzlərdə fərdi qayğı planına müvafiq olaraq uşaqla iş aparılacaqdır. Məlumat üçün bildirək ki, göstərilən qayğı nəticəsində hər bir uşağın cəmiyyətə inteqrasiyasını və sosial adaptasiyasını qarşıya qoyan mərkəzlərdə məktəbyaşlı uşaqların (1-8-ci siniflər) dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkili də nəzərdə tutulub. Uşaqların günün sonunda evlərinə aparılması məqsədlə Təhsil Nazirliyi tərəfindən mərkəzlərə mini avtobus verilib.
08/07/2015 16:52
Oktyabrın 1-də Təhsil Nazirliyində Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi üzrə Maliyyələşdirmə Sazişinin imzalanmasına həsr olunmuş mərasim keçirilib.
Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq bildirib ki, layihənin əsas məqsədi prioritet sektorlarda, xüsusilə infrastruktur sektorunda investisiya layihələrinin hazırlanması, icra keyfiyyətinin və səmərəliliyinin artırılmasından ibarətdir. Nazir qeyd edib ki, layihə həm layihə idarəetməsi üzrə müasir metodologiyalar sahəsində təlimlərin keçirilməsini, həm də yol, su təchizatı və kanalizasiya xidmətləri sektorları kimi seçilmiş sahələrdə xüsusi texniki təhsilin təmin edilməsini nəzərdə tutur. Təhsil naziri layihədə fəaliyyət istiqamətlərinin əsasını təşkil edən müvafiq sektorlar üzrə mütəxəssislərin seçilməsi, treninq proqramlarının hazırlanması, treninqlərin keçirilməsi, bacarıqların qiymətləndirilməsi, müvafiq dövrdə inkişafın izlənilməsi barədə danışıb, ümumi dəyəri 10 milyon ABŞ dolları olan bu layihənin 4 komponentdən ibarət olması, onun iki ay sınaq müddəti olmaqla 2010-2013-cü illəri əhatə etməsi haqqında məlumat verib. Misir Mərdanov bildirib ki, həmin vəsaitdən 8 milyon ABŞ dolları Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycan Respublikasına verdiyi uzunmüddətli kreditin, 2 milyon ABŞ dolları isə Azərbaycan Hökumətinin payına düşür. Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Əsəd Ələm öncə təmsil olunduğu qurumla Təhsil Nazirliyi arasında yüksək əlaqələrin qurulmasından, birgə reallaşdırılan tədbirlərdən söz açıb. Qonaq, həmçinin imzalanacaq layihənin mahiyyəti, onun əhatə etdiyi əsas sahələrdən də danışıb, nəzərdə tutulan tədbirlərin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu diqqətə çatdırıb. Sonda təhsil naziri Misir Mərdanov və Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Əsəd Ələm Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında Dövlət İnvestisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi üzrə Maliyyələşdirmə Sazişini imzalayıblar.
08/07/2015 16:52
Oktyabrın 1-də təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının Şimal bölgəsi üzrə Baş Direktoru Anet Julius və Almaniya universitetlərinin nümayəndələri ilə görüşüb.
Görüşdə təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Nazir Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini qeyd edərək bildirib ki, təhsil sahəsi üzrə səmərəli əlaqələrin qurulmasında Alman Akademik Mübadilə Xidmətinin (DAAD) gördüyü işlər böyük önəm daşıyır. Almaniya ilə ölkəmiz arasında təhsil əlaqələrinin tarixindən söz açan nazir Zigen və Köln Tətbiqi Elmlər universitetləri ilə mövcud olan əməkdaşlığı buna misal göstərib. Azərbaycanlı gənclərin Almaniya universitetlərində təhsil alması üçün DAAD-ın hər il 70-dən çox təqaüd ayırdığını vurğulayan təhsil naziri bu rəqəmin daha da artırılması arzusunu ifadə edib və alman dilinin orta məktəblərdə tədrisi, universitetlərdə yaradılan alman dili mərkəzlərinin artırılması məsələsinə toxunub. DAAD-ın Şimal bölgəsi üzrə Baş Direktoru Anet Julius oktyabrın 1-dən 3-dək Bakıda keçirilən “Azərbaycan-Almaniya Ali Təhsil Günləri” çərçivəsindəki tədbirlərin mühüm əhəmiyyət daşıdığını və ikitərəfli təhsil əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib. Almaniya ali təhsil sistemi və burada fəaliyyət göstərən çoxsaylı ali təhsil müəssisələri, müvafiq istiqamətdə həyata keçirilən islahatlar barədə məlumat verən qonaq təmsil etdiyi təşkilatın beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini açıqlayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. DAAD-ın Bakı İnformasiya Mərkəzi üzrə direktoru Andrey Hötze görüşdə iştirak edib.
08/07/2015 16:52
Oktyabrın 1-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində Almaniya universitetlərinin Təhsil Yarmarkası çərçivəsində sərgi keçirilib.
Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov ölkələrimiz arasında mövcud olan çoxtərəfli əlaqələrin son illər daha da inkişaf etdiyi nəzərə çatdırıb və bu sərginin keçirilməsini respublikamızın təhsil həyatında mühüm hadisə kimi dəyərləndirib. Nazir sərgidə Almaniyanın 22 ali məktəbinin 30-a yaxın nümayəndəsi ilə birgə həmin ölkədə təhsil alan azərbaycanlı tələbələrin bir qisminin də iştirak etdiyini bildirib. Təhsil naziri Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycanda həyata keçirdiyi layihələrdən, təşkilatın ayırdığı təqaüdlərdən söz açaraq bu istiqamətdə görülən işlərdən danışıb. Nazir çıxışının sonunda Köln Universitetinin professoru Rza Talibinin əlaqələrin inkişaf etdirilməsi sahəsindəki xidmətlərini xüsusi qeyd edib və iştirakçılara uğurlar arzulayıb. Alman Akademik Mübadilə Xidməti təşkilatının Şimal bölgəsi üzrə Baş Direktoru Anet Julius və Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Per Stankina çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən bəhs ediblər.
08/07/2015 16:52
Oktyabrın 2-də Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris korpusunda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən «Azərbaycan-Almaniya ali təhsil günləri» çərçivəsində «Azərbaycan və Alman universitetləri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlər» mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə təhsil sahəsində əməkdaşlıq sayəsində reallaşan «Azərbaycan-Almaniya ali təhsil günləri» mövzusunda keçirilən beynəlxalq konfransın məqsədlərindən söz açıb. Nazir bildirib ki, 3 gün davam edəcək konfransda Almaniyanın 22 universitetindən 30-dan çox nümayəndə iştirak edir. Bu ilin aprel ayında Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının dəvəti ilə Almaniyada olarkən «Azərbaycan-Almaniya ali təhsil günləri»nin keçirilməsinin qərara alındığını söyləyən Misir Mərdanov Alman Akademik Mübadilə Xidmətinin fəaliyyəti, gördüyü işlər barədə məlumat verərək deyib ki, bu təşkilatdan dəstək alan bir çox tələbə, müəllim, tədqiqatçı və alim xaricdə olduqca dəyərli təcrübə əldə etmək imkanı qazanıblar. Açılış mərasimində çıxış edən DAAD-ın Şimal bölməsinin Baş direktoru xanım Anet Julius, Almaniyanın Azərbaycandakı səfiri Kristofer Stankina beynəlxalq konfransın işinə uğurlar arzulayıblar. Sonra plenar iclas keçirilib. Köln Tətbiqi Elmlər İnstitutunun TEMPUS üzrə koordinatoru professor Rza Talebinin «Köln Tətbiqi Elmlər İnstitutu ilə Azərbaycan universitetləri arasında 1992-2009-cu illər ərzində uğurlu əməkdaşlığın nəticələri», ADNA-nın professoru Ramiz Hümbətovun «TEMPUS proqramı çərçivəsində müasir biliklərin və tədris texnologiyalarının Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) yayılması (uğurlar, yanaşmalar və çətinliklər)» mövzularında məruzələri dinlənilib. Beynəlxalq konfrans öz işini davam etdirir.
08/07/2015 16:52
Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllim gününə həsr olunmuş mərasim keçirilib.
Öncə rəhbər təhsil işçiləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş müəllimlər Fəxri Xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara cansağlığı, gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. Ölkəmizdə təhsil sahəsinə olan dövlət qayğısından söz açan nazir əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin hazırda dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edib. Misir Mərdanov ölkə Prezidentinin bir qrup təhsil işçisinin təltif olunması haqqındakı son Sərəncamlarını müvafiq sahəyə olan diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndirib. Təhsil naziri bildirib ki, son illər ölkə Prezidentinin Sərəncamı ilə 1300-dək müəllim Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə müxtəlif təltiflərə layiq görülüb. Nazir həmçinin Heydər Əliyev Fondunun müvafiq sahənin inkişafı üçün gördüyü mühüm tədbirləri də xüsusi qeyd edib. Misir Mərdanov Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən təltif olunan təhsil işçiləri haqqında məlumat verərək bildirib ki, 72 nəfər “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 2 nəfər “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adlarına, 58 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Sonra Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilib. Tədbirdə təltif olunan təhsil işçiləri onların əməyinə verilən belə yüksək qiymət üçün dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
08/07/2015 16:52
Oktyabrın 9-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Prezidentinin imzaladığı “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Təhsil nazirinin müavini Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Müvafiq sahəyə dövlət tərəfindən xüsusi diqqət yetirildiyini qeyd edən nazir müavini ümummilli liderimiz Heydər Əliyevin idmanın inkişafı üzrə verdiyi sərəncamlardan, göstərdiyi yüksək qayğıdan, habelə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu ənənənin uğurla davam etdirilməsindən söz açıb. Azərbaycanda sevilən idman növlərindən olan şahmatın zəngin tarixi haqqında danışan E.Qasımov şahmatçılarımızın qazandıqları nailiyyətləri məhz müvafiq dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Nazir müavini əlavə edib ki, 1992-ci ildən başlayaraq dünya və Avropa birinciliklərində, eləcə də yüksək kateqoriyalı turnirlərdə 72-dən artıq medal qazanılıb, onlardan da 26-sı qızıl medaldır. Hazırda Azərbaycanda 21 beynəlxalq qrossmeyster, 12 beynəlxalq dərəcəli idman ustası olduğu barədə məlumat verən Elmar Qasımov daha sonra nəzərə çatdırıb ki, dünya reytinq cədvəlində iki şahmatçımız - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov daim birinci onluqdadırlar. Nazir müavini “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın şahmatçılar üçün yeni qələbələr qazanmağa zəmin yaratdığını vurğulayaraq bildirib ki, bu sənəd qəbul edildikdən sonra şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir avadanlıqlar və kompüterlərlə təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilib. Nazir müavini son dövrlərdə yeni açılan şahmat məktəbləri haqqında da məlumat verib. E.Qasımov görülən işlərlə yanaşı mövcud problemlərə, şahmat məktəblərində çalışan məşqçi müəllimlərin ixtisasartırma kurslarından keçmələri, bu sahə üzrə Azərbaycan dilində metodiki vəsaitin azlığı və digər mühüm məsələlərə də toxunub, müvafiq şəxslərə tapşırıqlar verib. Tədbirdə iştirak edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov son dövrlərdə ölkəmizdə idmanın daha sürətlə inkişafı, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər və dövlətimizin bu sahəyə xüsusi diqqət göstərdiyini qeyd edib. M. Rəhimov uşaq-gənclər şahmat məktəbləri yetirmələrinin uğurları, onların turnir və yarışlarda əldə etdikləri nəticələri nəzərə çatdırıb. Sonda bir neçə uşaq-gənclər şahmat məktəbinin rəhbərləri mövcud vəziyyətdən söhbət açıb, müvafiq sahəyə dair təkliflərlə çıxış ediblər.
08/07/2015 16:52
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun yaradılacaq Şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq olunmasını, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını və qiymətləndirilməsini həyata keçirməkdən ibarət olacaqdır. Qeyd edək ki, elektron tədris resurslarının Azərbaycanın təhsil sistemində geniş istifadəsi nəzərdə tutulur. Milli Təhsil Portalında yerləşdiriləcək elektron tədris resurslarından Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) qoşulan bütün məktəblər istifadə edə biləcəkdir. Yaradılan elektron tədris resurslarının qiymətləndirilməsi “Təhsil haqqında” Qanunun, Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumunu) və digər müvafiq sənədlərin tələblərinə uyğun həyata keçiriləcəkdir.
08/07/2015 16:52
Təhsilin informasiyalaşdırılması üzrə Azərbaycanın təcrübəsi oktyabrın 5-dən 9-dək Cenevrədə keçirilən “ITU World Telecom 2009” Forumunda təqdim olunub.
Forum çərçivəsində keçirilən görüşlərdə digər ölkələrin nümayəndələrinə Azərbaycan Təhsil Şəbəkəsinin (AZEDUNET) və Məlumat və Resurs Mərkəzinin yaradılması, “Elektron məktəb” və “Bir şagird– Bir kompüter” layihələri, həmçinin Milli Tədris Portalı da daxil olmaqla Dövlət Proqramının müxtəlif komponentləri haqqında məlumatlar verilib. “ITU World Telecom 2009” çərçivəsində Azərbaycan təhsil sisteminin informasiyalaşdırıması haqqında iki sənədli film və “Elektron Təhsil” jurnalının ingilis dilində olan xüsusi buraxılışı təqdim olunub. Forumda Azərbaycanın Milli Stendində informasiya texnologiyalarının tətbiqi sahəsində ölkənin qabaqcıl təcrübəsi təqdim olunub.
08/07/2015 16:52
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
4 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
4 il əvvəl -
Bildiriş
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
4 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More