• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Oktyabrın 14-də təhsil naziri Misir Mərdanov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotemlə görüşüb.

Qonağı səmimi salamlayan nazir öncə Azərbaycanla İsrail arasında mövcud olan əlaqələrdən, ikitərəfli münasibətlərdəki irəliləyişdən söz açıb, ölkəmizdə yəhudi xalqına və dilinə böyük hörmətlə yanaşıldığını qonağın nəzərinə çatdırıb. Son illər Azərbaycanda təhsil sahəsi üzrə aparılan islahatlar, dövlətimizin bu sahəyə ayırdığı diqqət və qayğı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə gördüyü işlər barəsində səfirə məlumat verən nazir Dünya Bankı və bir sıra digər beynəlxalq qurumlarla həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Nazir Azərbaycanla İsrail arasında təhsil sahəsi üzrə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini və İsrailin təhsil sistemi, bu ölkənin Təhsil Nazirliyi ilə sıx əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib. Universitetlər və məktəblərarası əlaqələrin yaradılması, birgə elmi-tədqiqat işlərinin və müvafiq təcrübə mübadiləsinin aparılması, eləcə də bu istiqamətdə bir sıra digər təkliflərlə çıxış edən Misir Mərdanov təhsil sahəsində davamlı əməkdaşlığın tərəfdarı olduğunu bildirib. Sonra təhsil naziri ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən azərbaycanlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanması barədə məlumat verib. Misir Mərdanov çıxışının sonunda səfir Mixael Lavon Lotemin fəaliyyəti dövründə Azərbaycan-İsrail təhsil əlaqələri sahəsində müsbət irəliləyişlər olacağına inamını ifadə edib. İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotem səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Təhsil nazirinin iki ölkənin təhsil əlaqələrinin inkişaf etdirilməsi fikrini yüksək dəyərləndirən və onunla həmrəy olduğunu bildirən səfir müvafiq istiqamətdə lazımi işlərin aparılmasının vacibliyini önə çəkib. Səfir öz çıxışında Azərbaycanın təhsil nazirinin İsrailə səfər etməsi məsələsinə də toxunub. İsrail universitetləri, ali təhsil müəssisələri haqqında nazirə ətraflı məlumat verən səfir bu tədris ocaqlarının beynəlxalq əməkdaşlığından, onların İsraildə fəaliyyət göstərən və təhsil sahəsinə aidiyyəti olan şirkətlərlə əlaqələrindən danışıb. Qonaq, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin İsraildə mühəndislik, tibb, informasiya-kommunikasiya texnologiyaları və başqa ixtisaslar üzrə təhsil alması təklifini irəli sürüb. Təhsil naziri Misir Mərdanov da öz növbəsində bu təklifi dəstəklədiyini qeyd edib və müvafiq istiqamətdə müəyyən işlər aparılmasının zəruriliyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Oktyabrın 19-da Təhsil Nazirliyində “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin 2008-2009 tədris ilində 1-ci siniflərdə yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı apardığı sosioloji sorğunun nəticələrinə dair təqdimat mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, tanınmış alimlər, dərslikləri çap edən nəşriyyatların, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, ayrı - ayrı fənlər üzrə elmi-metodik şuraların üzvləri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və valideynlər iştirak ediblər . Qeyd edək ki, sorğunun təşkilində əsas məqsəd 2008-2009-cu tədris ilində 1-ci siniflərdə istifadə edilmiş kurikulumların və dərsliklərin keyfiyyətində müsbət və ya mənfi cəhətlərin aşkar edilməsi, eyni zamanda bu sahədə tətbiq edilmiş yeni dərslik siyasətinin səmərəliliyinin qiymətləndirilməsi və gələcəkdə reallaşdırılması üçün optimal mexanizmin işlənərək sınaqdan keçirilməsidir. Ölkəmizdə dərslik siyasətinin daim prioritet sahələrdən biri olduğunu bildirən təhsil naziri Misir Mərdanov Milli Kurikuluma əsasən hazırlanaraq ötən dərs ilində 1-ci siniflərdə tətbiq olunan dərsliklərdən bəhs edib. Nazir əlavə edib ki, bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılıb, axtarışlar və müzakirələr aparılıb, dünya təcrübəsi yaxından öyrənilib. Ötən müddət ərzində bu məsələnin geniş ictimaiyyətin müzakirə obyektinə çevrildiyini və daim diqqət mərkəzində olduğunu qeyd edən Misir Mərdanov bir sıra irad və təkliflərə münasibətini bildirib və dərsliklərin hazırlanması ilə bağlı fikirlərini diqqətə çatdırıb. Sonra “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzinin sorğu ilə bağlı elmi rəhbəri Şahin Zülfüqarov və Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadənin təqdimatları olub. Tədbirdə iştirakçıların təqdimatla bağlı sualları cavablandırılıb.

Oktyabrın 19-da “Təhsil” Respublika İdman Mərkəzində futbol məktəbinin və futbol meydançasının açılış mərasimi olub.

Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və veteran futbolçular iştirak ediblər.  “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda idman və xüsusilə futbol hər zaman dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini nəzərə çatdıran C. Hümbətov “Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair dövlət Proqramı”nın respublikamızda bu sahənin hərtərəfli tərəqqisinə xüsusi təkan verdiyini vurğulayıb.  Azərbaycan idmanının inkişaf yolunda olduğunu bildirən təhsil naziri Misir Mərdanov futbol məktəbinin və stadionun açılışı münasibətilə məktəbliləri və məşqçi-müəllimləri təbrik edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyən nazir idmançılarımızın mötəbər beynəlxalq yarışlarda ölkəmizin şərəfini layiqincə qoruduqlarını diqqətə çatdırıb. Təhsil naziri yeniyetmə futbolçuların dünya arenasında öz sözlərini deyəcəklərinə, layiqli qələbələr qazanacaqlarına əminliyini ifadə edib. Daha sonra çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev azərbaycanlı idmançıların dünya və Avropa birinciliklərində və yüksək səviyyəli beyəlxalq turnirlərdə, eləcə də Olimpiya Oyunlarında daim öz uğurlarını artırdıqlarını, ölkəmizdə möhtəşəm çempionat və kubok turnirlərinin keçirildiyini qeyd ediblər.

2009-2010-cu dərs ilində respublikanın ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçiriləcək buraxılış imtahanlarına hazırlıq məqsədi ilə ölkənin şəhər və rayonlarında şagird, valideyn, məktəb direktoru və fənn müəllimlərini əhatə edən təlimati işlərə başlanılıb.

Hər iki təhsil kursu üzrə cari dərs ili ərzində bir dəfə yoxlama imtahanının keçirilməsi nəzərdə tutulub. Dərs ilinin II yarımilində (fevral-mart aylarında) keçiriləcək yoxlama imtahanı şagirdləri buraxılış imtahanlarına təlimati cəhətdən hazırlamaqla bərabər, onlara öz biliklərini yoxlamaq imkanı verir, eyni zamanda attestata yazılacaq yekun qiymətə öz təsirini göstərir. Əsas təhsil kursu üzrə yoxlama və buraxılış imtahanları ana dili və riyaziyyat, orta təhsil kursu üzrə isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, cografiya və xarici dil fənlərindən aparılacaq. İmtahanlara lazımi səviyyədə hazırlaşmaq məqsədi ilə IX siniflər üçün yeni test bankı yaradılıb, XI siniflər üçün isə mövcud test bankı təkmilləşdirilərək yeniləşdirilib. Hər iki siniflər üzrə tərtib edilmiş test bankının cari dərs ilinin II yarımilinədək şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Əsas və orta təhsil kursları üzrə imtahanlar səhər saat 10.00-da başlayacaq. IX siniflərdə imtahanlar 1 saat 30 dəqiqə, XI siniflərdə isə 3 saat davam edəcək. İmtahana 30 dəqiqə gecikən şagirdlər imtahana buraxılmayacaqlar. İmtahan müddəti ərzində IX sinif şagirdləri 50 suala, XI sinif şagirdləri 120 suala cavab verəcəklər. 50 sualın 25-i ana dilinə (1-25), qalan 25-i isə riyaziyyat fənninə (26-42 cəbr, 43-50 həndəsə) aid olacaqdır. Orta təhsil kursu üzrə imtahan sualları 1-dən 120-dək nömrələnməklə fənlər üzrə aşağıdakı ardıcıllıqla sıralanıb: ana dili və ədəbiyyat- 1-25, riyaziyyat- 26-50, Azərbaycan tarixi -51-65, fizika -66-75, kimya- 76-85, biologiya- 86-95, coğrafiya -96-105 və xarici dil -106-120. Xarici dil fənni üzrə cavablar hansı xarici dilin seçilməsindən asılı olmayaraq, 106-120-ci nömrələrlə qeyd olunur. Xarici dil fənlərinə aid cavab maketləri fərqli olduqları üçün hər bir şagirdin məktəbdə öyrəndiyi xarici dilin suallarına cavab verməsi zəruridir. Hər bir test sualına 5 cavab (distraktor) verilir. Şagirdlər cavab kartında hər suala düzgün hesab etdikləri cavaba uyğun dairəni qaralamalıdır. Şagird iki və daha artıq dairə qaralayarsa, həmin sualın cavabı səhv hesab edilir. Yoxlama imtahanının fənlər üzrə nəticələri jurnala yazılır və ikinci yarımilin qiymətləri çıxarılarkən nəzərə alınır. Şagird üzrlü səbəbdən yoxlama imtahanında iştirak etmədiyi halda, buraxılış imtahanlarına qədər lazımi sənədləri məktəb rəhbərliyinə təqdim etməlidir. Əks halda, "ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar"ın imtahanlarda üzrsüz səbəbdən iştirak etməyən şagirdlərə şamil edilən I.13 bəndinə əsasən attestata yazılacaq qiymətlər çıxarılarkən yoxlama imtahanının nəticəsi (0) götürüləcəkdir. Əsas təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə şəhadətnaməyə yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, VIII və IX (X) siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir. Orta təhsil kursu üzrə imtahan aparılan fənlər üzrə attestata yazılacaq summativ (yekun) qiymət fənn üzrə mikrosummativ (yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri) və makrosummativ (buraxılış imtahanı) qiymətlər əsasında hesablanır, bu zaman əsas üstünlük yoxlama və buraxılış imtahanlarının nəticələrinə verilir. Hər bir fənn üzrə sualların 20%-dən 50%-nə qədər düz cavab verən şagird 3, 50%-dən 80%-nə qədər düz cavab verən şagird 4, 80%-dən 100%-ə qədər düz cavab verən şagird 5 ilə qiymətləndirilir. Məsələn, 25 sualdan ən azı 5, ən çoxu 12 suala düz cavab verən şagird 3, ən azı 13, ən çoxu 19 suala cavab verən şagird 4, ən azı 20 və daha artıq suala düz cavab verən şagird 5 qiymət alır. Ötən dərs ilində imtahanlara buraxılmayan və ya buraxılış imtahanlarından qeyri-kafi qiymət alan XI sinif, peşə liseylərinin III kurs şagirdləri 2010-cu ilin aprel ayının 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edə bilərlər. Təkrar imtahan verən şəxslər yalnız "2" aldığı fəndən imtahan verəcəklər. Yoxlama və buraxılış imtahanları üçün tərtib olunan test bankına aid nümunələr və onların təhlilləri növbəti məqalələrdə veriləcəkdir.

Oktyabrın 20-də təhsil naziri Misir Mərdanov Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutunun Beynəlxalq Təhsil Mübadiləsi Departamentinin direktoru Çunq Nam Jonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Misir Mərdanov Koreya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafından, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra bu sahədə daha yüksək irəliləyişlərin olduğundan söz açıb. Misir Mərdanov təhsil sahəsindəki səmərəli əməkdaşlığın qarşılıqlı münasibətlərdə əhəmiyyətini nəzərə çatdırıb, Koreya Respublikasının Azərbaycanın təhsil sahəsində yeni texnologiyaların tətbiq olunması istiqamətində yaxından kömək göstərdiyini bildirib. Nazir ölkəmizin iki universitetində Koreya dilinin tədris olunduğunu, Koreya ali məktəblərində də Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən işlər aparıldığını vurğulayıb. Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işləri qonaqların diqqətinə çatdıraraq qeyd edib ki, cari ildə Dövlət Proqramının xətti ilə dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 300-ə çatıb. Koreya Respublikasının ali məktəblərində 60-dan çox tələbənin təhsil aldığını deyən Misir Mərdanov onlardan 25 nəfərinin Azərbaycan Prezidentinin təqaüdünə layiq görüldüyünü bildirib. Nazir çıxışının sonunda Bakıda Koreya universitetləri sərgisinin açılmasının mühüm əhəmiyyəti olacağına inamını ifadə edib. Nümayəndə heyətinin rəhbəri Çunq Nam Jo səmimi qəbul üçün nazirə təşəkkür edib. Təmsil etdiyi ölkənin təhsil sahəsində əlaqələrinin daha da inkişaf etdirilməsinə xüsusi önəm verdiyini açıqlayan qonaq bu istiqamətdə lazımi kömək göstərməyə hazır olduqlarını qeyd edib. Çunq Nam Jo Azərbaycan gənclərinin Koreya universitetlərində təhsil almasını yüksək dəyərləndirib, ölkələrarası tələbə mübadiləsinin önəmliliyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri Koreya universitetlərinin təhsil sərgisində 13 ali məktəbin iştirak etdiyini bildirib. Sonra görüşdə iştirak edən Koreya universitetlərinin əməkdaşları təmsil olunduqları ali təhsil müəssisəsi haqqında məlumat veriblər. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Oktyabrın 20-də “Hyatt-Regency” otelində Koreya universitetlərinin təhsil sərgisi keçirilib.

Sərginin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov öncə qonaqları salamlayıb və bildirib ki, sərginin keçirilməsində əsas məqsəd Koreyanın qabaqcıl universitetlərini Azərbaycanda tanıtdırmaq, iki ölkənin təhsil sahəsindəki əlaqələrini inkişaf etdirməkdir. Təhsil naziri son illər Koreya ilə Azərbaycan arasında təhsil sahəsində qurulan əməkdaşlıqdan, azərbaycanlı tələbələrin Koreya universitetlərində təhsil almasından, habelə müvafiq sahədə atılan addımlardan söz açıb. Nazir qeyd edib ki, sərgi Koreyada təhsil almaq arzusunda olan azərbaycanlı gənclər üçün əlverişli imkan yaradacaq. Misir Mərdanov sərginin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirib və bu tədbirin iki ölkənin təhsil sahəsi üzrə əlaqələrinin genişləndirilməsində müsbət rol oynayacağına inamını ifadə edib. Tədbirdə Koreya Respublikasının ölkəmizdəki səfiri Lyu Kvanq Çul çıxış edərək, iki ölkə arasındakı əlaqələri xüsusi qeyd edib, eləcə də sərginin keçirilməsini yüksək dəyərləndirib. Məlumat üçün bildirək ki, Koreyanın 13 ali təhsil müəssisəsinin iştirak etdiyi sərgidə müvafiq ölkənin təhsil sisteminə və burada fəaliyyət göstərən universitetlərə dair ətraflı məlumat verilib.

Oktyabrın 24-də Təhsil Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Kollegiya iclasında «Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model» mövzusunda məsələ müzakirə olunub. Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələrin və şöbələrin, bölgələrdəki ixtisasartırma təhsili verən müəssisələrin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları və KİV təmsilçiləri iştirak ediblər. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov kollegiya iclasında «Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model» mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda fəaliyyət göstərən ixtisasartırma təhsili müəssisələri, bu sahədə görülən işlər, beynəlxalq təşkilatlarla həyata keçirilən birgə layihələrdən bəhs olunub, 2009-cu ilin may ayında ixtisasartırma təhsilinin vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eləcə də bu sahədəki mövcud problemlər və onların aradan qaldırılması üçün əhəmiyyətli olan dünya təcrübəsindən söz açılıb. Daha sonra Misir Mərdanov ixtisasartırma təhsili üzrə təklif olunan yeni modelin əsas xüsusiyyətləri, ixtisasartırma təhsili proqramlarının qurulduğu modullar, onların mahiyyəti, tətbiqi üçün hazırlanan sənədlər və bununla bağlı görülən işlər barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, bu sənədlərdən biri-«Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə» layihəsi müvafiq müəssisə və təşkilatlara rəyə göndərilib və verilən rəylər nəzərə alınıb. Monitorda yeni modelin mövcud ixtisasartırma sistemi ilə müqayisəli təhlilinə aid slaydlar nümayiş etdirilib. Məruzə-təqdimatdan sonra müzakirə olunan məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilib və müvafiq problemlərin aradan qaldırılması məqsədilə təkliflər verilib.

Oktyabrın 24-də Təhsil Nazirliyində “2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və cari dərs ilində qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ötən dərs ilində ilk dəfə ölkəmizin bütün ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirildiyini və nəticələrin qənaətbəxş olduğunu qeyd edib. İmtahanların mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilməsinin əhəmiyyətinə toxunan nazir bildirib ki, burada əsas məqsəd təhsil işçilərinin, məktəb rəhbərlərinin müəllim, şagird və valideynlərlə əlaqəsini möhkəmlətmək, məktəbin və müəllimin nüfuzunu qaldırmaqdır. Nazir mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanlar zamanı nəzarətçilərin fəaliyyətində ciddi nöqsanlara yol verildiyini, imtahanlara şagirdlər tərəfindən mobil telefon gətirilməsini, bəzi yerlərdən şagirdlər barədə baza məlumatların vaxtında çatdırılmamasını, variantlar, test tapşırıqları ilə bağlı problemlər yarandığını diqqətə çatdırıb, onların aradan qaldırılması məqsədilə tapşırıq və tövsiyələrini verib. Təhsil naziri 2009-2010-cu dərs ilində IX siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi barədə qərar qəbul olunduğunu kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, gələn il XI sinfi bitirənlər 8, IX sinif şagirdləri isə 2 fəndən imtahan verəcək. Nazir bununla əlaqədar təhsil işçilərinin qarşısında mühüm vəzifələr durduğunu bildirib, məktəb rəhbərləri və təhsil şöbə müdirlərinin qeyd olunan məsələyə daha məsuliyyətlə yanaşmasının vacibliyini vurğulayıb. Nazir öz çıxışında mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imatahanlarının daha da təkmilləşdirilməsinin təmin edilməsi ilə bağlı atılacaq addımlardan da danışıb. Kollegiya iclasında Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva 2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və qarşıda duran vəzifələr mövzusunda təqdimat edib. T. Hacıyeva təqdimatında buraxılış imtahanlarının müxtəlif parametrlər üzrə aparılmış təhlilləri ilə kollegiya iştirakçılarını tanış edib, imtahanların nəticələrinə əsasən reytinq cədvəlində ən yüksək və ən aşağı 50 yer tutan məktəblərin adlarını açıqlayıb. Təqdimatda imtahanlarda yol verilən nöqsanlardan danışılıb, habelə qarşıda duran vəzifələrdən bəhs olunub.

Oktyabrın 28-də Azərbaycan Müəllimlər İnstitutunda 2009-cu il - “Uşaq ili” çərçivəsində “Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı açaraq qonaqları salamlayıb və sözü təhsil nazirinin müavini Elmar Qasımova verib. Elmar Qasımov keçirilən konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib və hazırda qlobal bəlaya çevrilən narkomaniyanın geniş yayılmasından, onun müasir dövrdə ciddi problemə çevrilməsindən bəhs edib. E.Qasımov mövcud problemə qarşı mübarizə aparılması işində təhsil müəssisələrinin rolunu diqqətə çatdıraraq, gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, onların digər zərərli vərdişlərdən xilas olması üçün müxtəlif elmi-kütləvi tədbirlərə cəlb edilməsinin, ali məktəblərdə də bu istiqamətdə müvafiq iş aparılmasının vacibliyini vurğulayıb. Problemin aradan qaldırılması yollarından danışan nazir müavini yeniyetmələrə yaş dövrləri ilə əlaqədar təhsil müəssisələrində və ailədə daha artıq diqqət göstərilməsi məsələsinə də toxunub. Sonra Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri Ruhəngiz Rzayeva “Narkomanlığın profilaktikasında yeni pedaqoji üsulların tətbiqi” mövzusunda məruzə edib. Tədbirdə Milli Məclisin üzvü Fuad Muradov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Araz Əliquliyev, Gənclər və İdman Nazirliyinin idarə rəisi Fərhad Hacıyev və başqaları bu qlobal bəlanın qarşısının alınmasında dövlət orqanlarının, təhsil ocaqlarının gördüyü işlərdən, pedaqoji kollektivlərin və valideynlərin qarşısında duran vəzifələrdən danışıblar. Konfransda yeniyetmə və gənclər arasında narkotik maddələrə, narkotiklərə qarşı kütləvi təbliğat işinin aparılması və orta məktəblərdə müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin təsir gücünün artırılması yollarından söhbət açılıb, konkret təkliflər irəli sürülüb.

Bu günlərdə “Hyatt-Regency” otelində “Dünyaya Baxış” təşkilatının Azərbaycandakı fəaliyyətinin 15 illiyi münasibəti ilə tədbir keçirilib.

Təhsil nazirinin müavini Elmar Qasımov mərasimdə çıxış edərək “Dünyaya baxış” təşkilatının ölkəmizdə gördüyü işlərdən danışıb və bu qurumu yubiley münasibətilə təbrik edib. Tədbirdə “Dünyaya Baxış” təşkilatının rəhbərliyi, Təhsil Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Sonda iştirakçılara təşkilatın 15 illik fəaliyyətini əks etdirən qısa film təqdim olunub. Qeyd edək ki, “Dünyaya Baxış” təşkilatı 1994-cü ildən qaçqın və köçkünlərə ərzaq yardımı etməklə fəaliyyətə başlayıb. Bu təşkilat sığınacaqların tikilməsi və bərpası, icmaların təşkil olunması, mikro-maliyyə, təhsil müəssisələrinin təmir və tikintisi, inklüziv təhsil, eləcə də digər inkişafyönümlü layihələrlə işini davam etdirməkdədir. “Dünyaya Baxış” təşkilatı müxtəlif istiqamətlər üzrə 7 layihə həyata keçirir. Həmin layihələrdən ikisi təhsil sahəsində Dövlət Proqramlarının icrasına yardım etmək məqsədini daşıyır və Təhsil Nazirliyi ilə birgə həyata keçirilir.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır