Cari ildə kvalifikasiyaların tanınması sahəsində təkmilləşdirilmələr aparılıb
Cari ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınma ilə bağlı 3000-ə qədər müraciətin icraatı yekunlaşdırılıb, başqa sözlə, 20000-ə qədər sənədin ekspertizası həyata keçirilib. İl ərzində daxil olmuş müraciətlərin 80 faizinin icrası müsbət qərarla yekunlaşıb. Son dövrdə xarici kvalifikasiyaların tanınması istiqamətində görülmüş işlər çərçivəsində digər dövlət qurumlarının məlumat bazaları ilə qarşılıqlı inteqrasiya təmin olunub. Həmçinin, elektron ərizə sistemi funksionallıq və istifadəçi rahatlığı baxımından təkmilləşdirilib, vətəndaşlar üçün müxtəlif növ elektron arayışların əldə olunması imkanı yaradılıb, xarici ali təhsil müəssisələrinə və aidiyyəti qurumlara göndərilən sorğuların sayı minimuma endirilib. Qeyd olunan tədbirlərin əsas nəticəsi olaraq, tanınma ilə bağlı daxil olmuş müraciətlərin icra müddəti əvvəlki dövrlə müqayisədə 3 dəfəyə qədər azalıb. Əlavə olaraq, Agentlik son dövrdə mütəmadi olaraq ekspert bazasını gücləndirib və aidiyyəti sahədə fəaliyyət göstərən Avropanın qabaqcıl qurumları ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirib. Görülən işlərin davamı olaraq, növbəti ildən ali təhsil pilləsi (bakalavriat və magistratura səviyyələri) ilə yanaşı, ali təhsil pilləsinə daxil olmaq hüququ verən təhsil sənədlərinin (attestat, subbakalavr və s.) də tanınmasının həyata keçirilməsi və vətəndaşların rahatlığı baxımından bir çox yeniliklərin tətbiqinə başlanılması nəzərdə tutulur. Cari ildə ilk dəfə olaraq vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması həyata keçirilib. Sentyabr ayında Gəncə şəhərində “quru inşaat” ixtisası üzrə pilot qaydada qiymətləndirmə prosesi həyata keçirilib və müsabiqə qalibləri müvafiq modul üzrə sertifikatlarla təltif olunub. Hazırda bir sıra digər modullar üzrə imtahanlar həyata keçirilməkdədir (Cari ildə 20 nəfər “bərbər” ixtisası üzrə bilik imtahanından keçib). Növbəti ilin əvvəlindən başlayaraq bu sahədə vətəndaşlara göstərilən xidmətin keyfiyyəinin yüksəldilməsi, ekspert bazasının təkmilləşdirilməsi və prosesin elektronlaşdırılması istiqamətində müvafiq işlərin görülməsinə başlanılacaq. Agentlik tərəfindən qeyd olunan sahələr üzrə proseslərin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər növbəti dövrdə də davam etdiriləcək.
28/12/2020 10:00
2020-ci təqvim ili rəqəmlərdə - Yüksək texniki peşə təhsili
2020-ci tədris ilindən etibarən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2 ixtisas üzrə yüksək texniki peşə - subbakalavr səviyyəsi üzrə tədrisə başlanılıb.
28/12/2020 08:40
"Dərs vaxtı"nın 28 dekabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 28-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
28/12/2020 07:52
Təhsil işçilərinin həmrəylik görüşü keçirilib
Dekabrın 26-da Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsil işçilərinin həmrəylik görüşü” keçirilib. Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan görüş müxtəlif ölkələrin təhsil müəssisələrində çalışan həmvətənlərimizin beynəlxalq təhsil təcrübəsini öyrənmək və bölüşmək məqsədi daşıyıb. Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. “T-network”-un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun və “T-network” koordinatoru Cəfər Mənsiminin moderatorluğu ilə baş tutan görüşdə həmvətənlərimizin yaşadığı ölkədəki məktəb adət-ənənəsi, valideyn, müəllim, şagird əməkdaşlığı istiqamətindəki yanaşmalar, idarəçilik baxışı, təhsilin inkişafı istiqamətində atılan addımlar, ölkəmizlə müqayisədə müşahidə edilən fərqlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycandan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Latviyadan Riqa Klassik Gimnaziyasının direktoru, Latviya Elm və Təhsil Nazirliyinin Məşvərət Şurasının sədri Roman Əliyev, Estoniyadan pedaqoq, “Maraq” məktəbinin yaradıcısıcı və rəhbəri Sənəm Əliyeva, Özbəkistadan “British School of Tashkent”in fizika müəllimi Ceyhun Cabbarov, Küveytdən “Universal American School”un riyaziyyat müəllimi Mərdan Əliyev, Türkiyədən “Al-Basheer İnternational school”un ingilis dili müəllimi Kəmalə Qasımova, Amerikadan “Tringle Math and Science Academy”nin imtahan koordinatoru Əkbər Aslanov iştirak ediblər. Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan görüşdə sosial şəbəkə istifadəçilərinin sualları da cavablandırılıb.
28/12/2020 07:48
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə
Təhsil Nazirliyinin SABAH qruplarında 2020-2021-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən namizədlər yanvarın 6-dək müraciət formasını doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çox iki fənn üçün müraciət edə bilər. Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/-1-18 daxil olaraq əldə edə bilərsiniz.
28/12/2020 07:45
Təhsil nazirindən təqaüddə olan könüllü müəllimlərə təşəkkür
Təhsil naziri Emin Əmrullayev təqaüddə olmalarına baxmayaraq, "Dərs vaxtı" layihəsində könüllü iştirak edən müəllimlərimiz - Nüşabə Məmmədova və Qita Veyseyskayaya təşəkkür məktubu ünvanlayıb. Nazir bu barədə rəsmi "Facebook" səhifəsində belə qeyd edir: "Bildiyimiz kimi, başa çatmasına bir neçə gün qalan 2020-ci il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Könüllülər ili" elan edilmişdi. Pandemiya şəraiti olmasına baxmayaraq, ölkəmizdə müxtəlif sahələrdə könüllülük hərəkatı geniş vüsət aldı. Bu sırada Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan müəllimlərimiz kimi arxa cəbhədə övladlarımıza könüllü dərs deyən pedaqoqlarımız da oldu. Bu ilin martından teledərslərin hazırlanması prosesinə könüllü qatılan, gənclərə örnək olan müəllimlərdən ikisi barədə danışmaq istərdim. Müəllimlərimiz Nüşabə Məmmədova və Qita Veyseyskaya təqaüddə olmalarına baxmayaraq, könüllü şəkildə teledərslər vasitəsilə şagirdlərimizə dərs deyiblər. Özü də bu işi sevə-sevə, ürəklə, yüksək keyfiyyətlə görüblər. Çətin vaxtlarda hər iki müəllimimiz sözün əsl mənasında fədakarlıq nümayiş etdiriblər. Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunan hörmətli müəllimlərimizə dəyərli əməkləri, göstərdikləri səylər üçün bir daha dərin təşəkkürümü bildirirəm".
26/12/2020 10:40
"İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı" mövzusunda videokonfrans
Dekabrın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans keçirilib. YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dayanıqlı inkişaf məqsədlərində, işğaldan azad edilmiş ərazilərin quruculuğunda gənclərin iştirakı vacib amildir. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov bildirib ki, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır və bu prosesdə Azərbaycan gəncliyi də fəal iştirak etməlidir. Milli Məclisin deputatı Nigar Arpadari vurğulayıb ki, işğaldan azad edilmiş rayonların zəngin resursları, yaradılacaq yeni infrastruktur həmin ərazilərdə yaşayan insanların, o cümlədən gənclərin rifahına öz müsbət təsirini göstərəcək. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə işğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır. Nazir müavini məlumat verib ki, işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Firudin Qurbanov çıxışında 17 dayanıqlı inkişaf məqsədindən biri olan “Ədalətli, keyfiyyətli və hamını əhatə edən təhsilin təmin edilməsi, hamı üçün bütün ömrü boyu oxumaq imkanlarının dəstəklənməsi” məqsədilə bağlı müəyyənləşdirilmiş hədəflər üzrə əldə edilmiş nailiyyətlər barədə də məlumat verib. Qeyd edib ki, Azərbaycanda təhsil sistemində aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində 15 və yuxarı yaşda olan əhalinin savadlılıq səviyyəsi, ibtidai təhsilə nail olma səviyyəsi, ibtidai təhsili başa vurma səviyyəsi, təhsilini I sinifdən başlamaqla V sinifə qədər başa vurmuş şagirdlərin xüsusi çəkisi, demək olar ki, 100 faizə çatdırılıb. Nazir müavini əlavə edib ki, növbəti illərdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə bağlı “Azərbaycan təhsilinin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq işlər davam etdiriləcək. Strategiyanın məqsədi ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev isə deyib ki, gənclərimiz cəmiyyətimizin aparıcı qüvvəsi olaraq işğaldan azad edilmiş ərazilərimizin bərpasında da fəal iştirak edəcəklər. Eyni zamanda, həmin ərazilərimizdə yaşayışın bərpa olunması, həyatın canlanması gənclərin dayanıqlı və fərdi inkişafına əhəmiyyətli təsirini göstərəcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da çıxış edərək işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri istiqamətində tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, bu istiqamətdə təmsil etdiyi qurumun üzərinə düşən vəzifələrdən bəhs edib, bu məqsədlə layihələrin nəzərdə tutulduğunu söyləyib. Sonda videokonfrans iştirakçılarının sualları cavablandırılıb.
26/12/2020 09:32
Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans
Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə dekabrın 25-də “Azərbaycanın ədəbi, mədəni və ictimai-siyasi həyatının fədaisi: Əbdürrəhim bəy Haqverdiyev - 150” mövzusunda videokonfrans keçirilib. Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Milli Komissiyanın baş katibi Elnur Sultanov Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin YUNESKO tərəfindən 2020-2021-ci illər üzrə görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylərinin qeyd olunması siyahısına daxil edildiyini bildirib. Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən Şuşada erməni vandalizminin qurbanı olmuş digər tarixi-mədəni irs nümunələrimiz, abidələrlə birlikdə görkəmli ədibin evinin də bərpa ediləcəyini və orada yazıçının ev-muzeyinin yaradılacağını bildirib. 2021-ci ildə nazirlik tərəfindən ədibə həsr olunan sənədli filmin ictimaiyyətə təqdim olunacağını da diqqətə çatdırıb. Sonra Haqverdiyevin Şuşadakı evinin qalıqlarını əks etdirən videogörüntü nümayiş olunub. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Ə.bəy Haqverdiyevin yaradıcılığında maarif, elm və mədəniyyət məsələlərinin xüsusi yer tutduğunu diqqətə çatdırıb. Bildirib ki, ədib daha çox publisistik yazılarında dövrün bu problemlərinə toxunub. İstər müəllimlik fəaliyyəti, istərsə də ictimai vəzifələrdə olarkən ədib maarifin, elmin və mədəniyyətin inkişafına öz töhfələrini verib. Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi barədə söz açan Firudin Qurbanov məlumat verib ki, layihə çərçivəsində Əbdürrəhim bəy Haqverdiyev haqqında məlumatlandırma aparılıb. 18 dekabr 2020-ci il tarixində Misirin “Aldiplomasy” informasiya portalında nazirliyin bu layihəsi çərçivəsində Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş məqalə yayılıb. Eləcə də, “Avto FM” radiosunda “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Əbdürrəhim bəy Haqverdiyev haqqında məlumatlar təqdim edilib. Nazir müavini, “Azərbaycan müəllimi” qəzetində Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi ilə əlaqədar keçirilmiş onlayn konfranslara dair yazıların dərc edildiyini, ümumi təhsil müəssisələrində ədibin yubileyinə həsr olunmuş “açıq dərs”lər, “dəyirmi masa”ların keçirildiyini, rəsm, foto sərgilərinin təşkil edildiyini, ali təhsil müəssisələrində çalışan alimlərin ədibə həsr olunmuş məqalələr dərc etdiyini və nazirlik tərəfindən görülən digər işləri xatırladıb. Əlavə edib ki, cari ilin dekabr ayında Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən Əbdürrəhim bəy Haqverdiyevın anadan olmasının 150 illiyi münasibətilə “Keçmiş günlər” adlı yaradıcılıq müsabiqəsinə start verilib və hazırda müsabiqə davam edir. Nazir müavini çıxışında Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən mütəfəkkirlərinin yubileylərinin YUNESKO çərçivəsində qeyd edilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü vurğulayıb. Sonda çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbi Əlaqələr və Tərcümə Mərkəzinin rəhbəri Səlim Babullaoğlu öz fikirlərini bölüşüb, ədibin diplomat kimi fəaliyyəti barədə söz açılıb. Diqqətə çatdırılıb ki, yazıçının Sankt-Peterburqda yaşadığı ev aşkarlanıb və hazırda Rusiyadakı səfirliyimiz həmin binaya xatirə lövhəsinin vurulması ilə bağlı iş aparır.
26/12/2020 09:11
"Qarabağ Azərbaycandır!" onlayn əl işləri müsabiqəsinə yekun vurulub
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 15 noyabr-10 dekabr tarixlərində keçirilən “Qarabağ Azərbaycandır!” adlı onlayn əl işləri müsabiqəsinə yekun vurulub. Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, ordumuzun şanlı qələbəsini, tarixi abidələrimizi, qəhrəmanların döyüşçü ruhunu təcəssüm etdirən əl işləri yaratmaqla onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarət olub. 3 yaş qrupu (6-9 yaş,10-13 yaş,14-17 yaş) üzrə 2 mərhələdə keçirilən müsabiqədə iştirak edən Mərkəzin 50-ə yaxın dərnək üzvü hazırladıqları əl işlərinin videogörüntülərini müsabiqənin Təşkilat komitəsinə təqdim edib. Münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə I, II, III yerlərin qalibləri müəyyən olunub. Qaliblər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif edilib.
26/12/2020 09:01
Həftənin təhsil icmalı (21-25.12.2020)
25/12/2020 18:54
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More