• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib

Pandemiya dövründə davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”də tədris və təlim-tərbiyə prosesinin təşkilinə nəzarət gücləndirilib. Belə ki, onlayn dərslərin təşkilinə və müəllimlərin dərs saatlarına nəzarət etmək məqsədi ilə məktəb rəhbərliyi və yerli təhsili idarəetmə orqanları üçün yeni imkanlar yaradılıb. Platformada məktəb üzrə bütün sinifləri görmək səlahiyyətinə malik olan direktor və direktor müavinləri siniflər üzrə məsafədən təşkil olunmuş dərslərə, davamiyyətə nəzarət edir, icmallaşdırılmış məlumatların toplanılması və təhlilini həyata keçirilirlər. Həmçinin platformada xüsusi yaradılmış qruplar üzrə müəllimlərlə birgə keçirilən pedaqoji şuralarda pandemiya dövründə dərslərin onlayn formada təşkil edilməsinin vacibliyi diqqətə çatdırılır. Qeyd edək ki, yeni nəzarət mexanizmi həm də ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları təqdim edir.

"Azərbaycanı tanıyaq" adlı virtual dərslər

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə 23 noyabr tarixindən “Azərbaycanı tanıyaq” adlı virtual dərslərə start verilib. Layihənin məqsədi gənc nəsildə vətənə məhəbbət hissinin daha da artırılması, Azərbaycanın mədəni irsi, tarixi, mədəniyyəti və turizminin dünya ölkələrinə tanıdılması, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin bu sahədə təbliğatlarının genişləndirilməsi, diasporlarla iş əlaqələrinin gücləndirilməsindən ibarətdir.  Mövcud pandemiya ilə əlaqədar virtual təşkil olunan layihə çərçivəsində “Diyarşünaslıq”, “Ekoturizm”, “Azərbaycan mədəniyyəti”, “Milli rəqslər”, “Milli musiqi alətləri”, “Azərbaycan mətbəxi”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Sənətkarlıq” (xalçaçılıq, qurama, toxuma, dizayn), “Azərbaycan muğamı” daxil olmaqla 10 fərqli istiqamət üzrə dərslər keçirilir. Vebinar və virtual dərslər Azərbaycanın şanlı qələbəsi, işğaldan azad olunmuş şəhər və kəndlərin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərə tanıdılması, hərbi-vətənpərvərlik ruhunun təbliğinə həsr olunub. Virtual dərslər respublikanın tanınmış müəllimləri, peşəkar təlimçilər tərəfindən xüsusi hazırlanmış proqram üzrə 7-11 və  12-16 yaş kateqoriyalarında Azərbaycan və ingilis dillərində tədris olunur. Proqramda Amerika Birləşmiş Ştatları, Kanada, Fransa, Türkiyə, Pakistan, Macarıstan, Tayland, Finlandiya, Şotlandiya və digər ölkələrdə yaşayan azərbaycanlı uşaq və gənclər iştirak edir.

"Dərs vaxtı" - Ən yaxşılardan öyrənmək üçün unikal imkan

Əziz şagirdlər, həftəiçi 5 gün "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramını izləməyə davam edin. Bununla siz həm dərslərinizdən geri qalmır, həm də ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan əldə etmiş olursunuz.  Teledərslərin "Mədəniyyət" telekanalında yayım vaxtına uyğun dərs cədvəli hər gün Təhsil Nazirliyi tərəfindən təqdim edilir. Saat 14:00-dan etibarən isə teledərslər həmin cədvələ uyğun ardıcıllıqla "ARB Günəş" telekanalında təkrar yayımlanır.  "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda videodərslər portalından da (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. 

"Qarabağ Azərbaycandır!" şahmat üzrə onlayn beynəlxalq turnir

5-6 dekabr 2020-ci il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” şahmat üzrə onlayn beynəlxalq turniri keçiriləcək. 17 yaşadək şahmatçılar arasında seçmə və final olmaqla 2 mərhələ üzrə təşkil olunacaq yarışda ölkə məktəbliləri ilə yanaşı xarici ölkələrin şahmatçıları mübarizə aparacaq. Yarışın final mərhələsində seçmə mərhələdə ilk 30 yeri tutan və finala birbaşa qatılmaq hüququ olan 2400-dən yuxarı reytinqli şahmatçılar mübarizə aparacaq. Yarışların "Youtube" üzərindən canlı yayımı nəzərdə tutulub. Turnirin əsasnaməsinə uyğun olaraq qaliblərə diplom və pul mükafatı təqdim olunacaq. Qeyd edək ki, onlayn platforma üzərindən təşkil olunan “Qarabağ Azərbaycandır!” şahmat üzrə onlayn beynəlxalq turnirinin keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qeyd edilməsi, dünyada koronavirus (COVİD-19) pandemiyasının geniş yayılması ilə əlaqədar tətbiq olunan karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarətdir. Turnirə dair müvafiq məlumatlarla qeyd olunan linklər vasitəsilə tanış ola bilərsiniz:   Turnirin internet səhifəsi: www.tehsilchess.az/karabakh2020   Turnirin əsasnaməsi: AZE: https://www.tehsilchess.az/wp-content/uploads/2020/04/AZ-Karabakh-is-Azerbaijan-Regulation.pdf ENG: https://www.tehsilchess.az/wp-content/uploads/2020/04/EN-Karabakh-is-Azerbaijan-Regulation.pdf RUS: https://www.tehsilchess.az/wp-content/uploads/2020/04/RU-Karabakh-is-Azerbaijan-Regulation.pdf   Turnir haqqında videotəqdimatlar: AZE: https://youtu.be/yHdbgos0DjM ENG: https://youtu.be/z6yenl7UJy0 RUS: https://youtu.be/T330nPTgEH4  

Nostrifikasiya arayışları necə əldə edilməli

Təhsildə Keyfiyyət Təminatı Agentliyi cari ilin noyabr ayından etibarən tanınma (nostrifikasiya) üzrə müraciət edən vətəndaşlara müraciətinin statusundan asılı olaraq müvafiq arayışları elektron qaydada əldə etmək imkanı yaradır. Aparılan təkmilləşdirmə işləri nəticəsində artıq vətəndaşların sözügedən arayışları elektron sistem vasitəsilə əldə etmələri mümkündür. Belə ki, vətəndaşlar şəxsi kabinetlərinə daxil olaraq E-ərizə bölməsini seçməklə, generasiya olunmuş elektron arayışları PDF formatda əldə edə bilərlər: Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək. Müsahibəyə dəvət olunmaya dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız müsahibəyə dəvət olunduqları halda sistem vasitəsi ilə əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcəkdir. Qeyd edək ki, bundan öncə vətəndaşlar yuxarıda göstərilən hər iki arayış növünü imzalı və möhürlü kağız daşıyıcıda əldə etmək üçün rəsmi şəkildə Agentliyə müraciət etməli olurdu.   E-arayışların əldə olunması barədə videotəlimat  

"Qarabağın məşhur müəllimləri" - Xan Şuşinski

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Xan Şuşinskidir. Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Şuşa şəhərində anadan olub.    Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib. 1973-1979-cu illərdə Xan Şuşinski A.Zeynallı adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.      İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub.  Xan çıxışlarının birində üzünü gənc xanəndələrə tutaraq vəsiyyətini edib: "Mən muğamı ulu ustadlardan öyrənə-öyrənə, illərin çətin sınağından min bir əziyyətlə keçirərək, yad nəfəslərdən qoruyaraq gənc nəsillərə, bu günümüzə gətirib çıxardım. Sizdən də bir təvəqqem var, bu ərməğanı qoruyun, gələcək nəsillərə olduğu kimi çatdırın".   Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

2021-ci il yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu davam edir

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyənlərin 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir.  Müraciətlər üçün son tarix 15 dekabr 2020-ci ildir.       Proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.       Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə dpinfo@edu.gov.az ünvanına müraciət edə bilərlər.

"Dərs vaxtı"nın 27 noyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 27-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Peşə təhsili üzrə teledərslərin 27 noyabr cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 27 noyabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Təhsil Nazirliyi akademik məzuniyyətlə bağlı qaydalarda dəyişiklik edib

Təhsil Nazirliyinin Kollegiyası qismən səfərbərliklə əlaqədar  hərbi xidmətə cəlb olunan tələbələrin təhsilində yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədilə akademik məzuniyyətin verilməsi qaydalarında dəyişiklik edib. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”dakı dəyişikliyə əsasən, tələbələrə verilən akademik məzuniyyət hallarının əhatə dairəsi genişlənib. Belə ki, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə buraxılacaqlar. Qərar noyabrın 24-dən qüvvəyə minib. Qeyd edək ki, qüvvədə olan  əvvəlki Qaydalara əsasən, akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilirdi: – müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə; – ailə vəziyyətinə görə – 2 il müddətinədək; – səhhətinə görə – həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə; – sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə; – müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə – proqramda göstərilən müddətə. Bununla bağlı hər hansı sual yarandıqda vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt”inə müraciət edə bilər.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır