"Qayıdış" onlayn rəsm müsabiqəsi keçirilir
Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə uşaq-gənclər inkişaf mərkəzləri arasında cari ilin 25 noyabr - 22 dekabr tarixlərini əhatə edən “Qayıdış" onlayn rəsm müsabiqəsinə start verilir. Müsabiqənin keçirilməsində əsas məqsəd Qarabağı gənc nəslə daha yaxından tanıtmaq, Vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhunu, azad olunmuş torpaqlarımızın gözoxşayan təbiətini tərənnüm etmək və istedadlı uşaqların bacarıqlarını aşkar etməkdən ibarətdir. Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş qrupu (6-11 yaş, 11-14 yaş və 14-18 yaş) üzrə keçirilir. Sosial şəbəkə üzərindən keçirilən müsabiqədə aşağıdakı şərtlərə əməl olunmalıdır: - Rəsmlər A3 və ya A4 formatda işlənməlidir; - Rəsmlərin aşağı sağ küncündə dərnək rəhbəri və dərnəyin adı, şagirdin adı, soyadı, ata adı, yaşı, şəhəri və məşğul olduğu müəssisənin adı qeyd olunmalıdır; - Rəsm əsərlərini göndərən zaman şagirdin rəsm əsəri ilə olan foto şəkli göndərilməlidir; - Rəsmlərin işlənmə texnikası sərbəstdir; - Müsabiqəyə Qarabağın səfalı yaylaqlarını, vüqarlı dağlarını, şairanə təbiətini vəsf edən, müzəffər ordumuzun şanlı qələbəsini, igidlərin döyüşdəki ruhunu təcəssüm edən əsərlər qəbul olunur; - Müsabiqədə hər yaş qrupu üzrə 1 iştirakçı 1 rəsmlə iştirak edə bilər. Müsabiqədə iştirak etmək istəyən iştirakçılar özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu uşaq-gənclər inkişaf mərkəzi, şəhər, rayon, əlaqə nömrəsi) və hazırladıqları rəsm əsərlərini grbye@mk.edu.az ünvanına və +994 55 539 55 22 “WhatsApp” telefon nömrəsinə göndərməlidir. Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar. Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar +994 12 568 42 19, +994 55 539 55 22 və +994 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.
26/11/2020 13:54
"Qarabağın məşhur müəllimləri" - Famil Mehdi
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Famil Mehdidir. O, 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Fəal pedaqoji işlə məşğul olan Famil Mehdi Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində müəllim, baş müəllim olub, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləyib. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. Şair, filologiya elmləri doktoru, professor Famil Mehdi demək olar ki, ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf edib. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəlirdi. Famil Mehdi şeirlərini tәrcümeyi-halı kimi qələmə verirdi. “Şeirlərim mənim inamımdır, mübarizәmdir, mәğrurluğumdur, hünәrimdir, canıyananlığımdır, hәm dә qorxaqlığımdır, zəifliyimdir, arxasızlığımdır, kimsәsizliyimdir” söyləyirdi. Hər zaman iradəli olmağı tövsiyə edən Famil Mehdinin fikrincə, insan prinsipiallıq göstәrsә, özündә cәsarәt tapsa, hәtta ölümә dә qalib gәlә bilәr. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
26/11/2020 12:24
Tələbələrin nəzərinə!
Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 1-dək davam etdirir. Cari tədris (2020/2021-ci) ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələrdən, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrdən xahiş olunur ki, qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərin edilməsini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər. Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib. Hazırda müraciətlərin qəbulu və emalı prosesi davam edir.
26/11/2020 11:30
"Dərs vaxtı"nın 26 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 26-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
26/11/2020 08:23
Son 3 il üzrə direktor vəzifəsinə işə qəbul müsabiqəsinə elektron sənəd qəbulunun nəticələri
Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 2018-ci il üzrə 2059 namizəd, 2019-cu il üzrə 2274 namizəd, 2020-ci il üzrə 2479 namizəd iştirakını təsdiq edib. Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra 2018-ci ildə 1568, 2019-cu ildə 2057, 2020-ci ildə 2256 namizədin elektron ərizəsi qəbul olunub. Son 3 il ərzində keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 30-39 yaş aralığında olan namizədlər üstünlük təşkil edib. Belə ki, 2018-ci ildə 920 nəfər, 2019-cu ildə 1013 nəfər, 2020-ci ildə 1163 nəfər həmin yaş aralığında olan şəxslərdir. Müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçmiş namizədlər arasında 2018-ci il üzrə 16 nəfər, 2019-cu il üzrə 17 nəfər, 2020-ci il üzrə 25 nəfər xaricdə təhsil almış şəxslərdir. 2018-ci il üzrə müsabiqədə elektron qeydiyyatdan keçən namizədlərin 1125 nəfərini kişilər, 934 nəfərini qadınlar, 2019-cu il üzrə namizədlərin 1139 nəfərini kişilər, 1135 nəfərini qadınlar, 2020-ci il üzrə isə namizədlərin 1126 nəfərini kişilər, 1353 nəfərini qadınlar təşkil edib. 2020-ci il üzrə elan olunan müsabiqə zamanı vakansiya və müraciət edən namizəd sayına nisbətdə ən yüksək rəqabətli rayon Ağstafa rayonudur. Belə ki, Ağstafa rayonu üzrə 1 vakant direktor vəzifəsinə 19 namizəd müraciət edib. Ən aşağı rəqabətli rayonlar isə Xocavənd, Xızı, Şabran, Daşkəsən və Ağdaş rayonlarıdır.
25/11/2020 16:07
"Qarabağın məşhur müəllimləri" - Məmməd Aslan
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Məmməd Aslandır. O, 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. 1962-ci ildə ali təhsilini tamamlayaraq təyinatla doğulduğu Kəlbəcər rayonuna göndərilib. Əmək fəaliyyətinə rayonunun Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlayıb. Ədəbiyyatımıza möhürünü vurmuş istedadlı söz adamı olan Məmməd Aslanın şeirlərində Kəlbəcərin bütün təbiət gözəllikləri əks olunub. Dostları onu Kəlbəcərin özü adlandırırdı. Sözünün əvvəli də, axırı da Kəlbəcər idi Məmməd Aslanın. "Heç yuxumdan çıxmır, gözlərimin önündən getmir. Kəlbəcər mənim üçün bir özgə dünya, bir özgə aləm, bir özgə həsrətdir. Kəlbəcər mənim üçün abır-həya, ismət örnəyi kimi qalıb"- deyirdi. Şair bir şeirində "O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər...", deyə yazmışdı. Amma bu gün o Kəlbəcər qayıtdı, 27 il sonra işğaldan azad edildi Kəlbəcər... Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
25/11/2020 12:43
"Dərs vaxtı"nın 25 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 25-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
25/11/2020 08:15
İnformatika fənni üzrə 12-ci Beynəlxalq payız turnirində növbəti uğur
Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci Beynəlxalq payız turniri təşkil edilib. 17 ölkə və 403 iştirakçının yarışdığı turnir onlayn formada keçirilib. Artıq ikinci dəfədir ki sözügedən yarışda iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Belə ki, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov bu turnirdə bürünc medal qazanıb. Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom" şirkətinin dəstəyi ilə hayata keçirilir.
24/11/2020 12:16
"Qarabağın məşhur müəllimləri" – Soltan Hacıbəyov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Soltan Hacıbəyovdur. Bəstəkar, dirijor, pedaqoq Soltan Hacıbəyov 1919-cu ildə Şuşa şəhərində anadan olub. Soltan Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, musiqi ictimai xadimi kimi daxil olub. Onun bəstəkar kimi yetişməsində, formalaşmasında xalq musiqisi ilə bərabər, atasının əmisi oğlu, dahi Üzeyir Hacıbəyovun böyük xidməti olub. O, 1930-cu ildə Bakıya köçərək məhz Üzeyir Hacıbəyovun ailəsində yaşayaraq təhsil alıb. Soltan Hacıbəyov 1948-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olaraq çalışıb. 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının əvvəl bədii rəhbəri, sonra direktoru olub. 1969-cu ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışıb. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
24/11/2020 11:54
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More