• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Həftənin təhsil icmalı

SABAH qruplarında distant təhsil davam etdirilir

Pandemiya dövründə davamlı və keyfiyyətli təhsilin təmin edilməsi məqsədi ilə 2020-2021-ci tədris ilinin payız semestrində Təhsil Nazirliyinin SABAH qruplarında tədris prosesi distant formada təşkil olunub. Hazırda SABAH qruplarında ümumilikdə 2400-dən çox tələbə və 600-ə yaxın müəllimin qoşulduğu distant təhsil platformasında tədris aparılır. Tələbələrin dərsə davamiyyətinin orta göstəricisi 95 faiz təşkil edir. SABAH qruplarında mövcud olan 32 ixtisasdan 28-i üzrə bütün fənlər, mədəniyyət və incəsənət yönümlü ixtisaslarda bütün nəzəri və bir çox mümkün praktik fənlər “Microsoft Teams” platforması vasitəsilə onlayn keçirilir. “Microsoft Teams” onlayn mühazirə, seminar, interaktiv müzakirə, qiymətləndirmənin aparılması üçün daha təkmil imkanlar yaradır, həmçinin dərslərin videoyazılarının yaddaşda saxlanılmasının mümkünlüyü tələbələrə ehtiyac yarandıqda məlumatı təkrar dinləmək üçün də şərait yaratmış olur.  

“Dərs saatı”nın könüllü müəllimləri

Onlar peşəkardır, onlar bacarıqlıdır, ən əsası cəsarətlidir. Kimdir onlar? Onlar pandemiyanın ilk günlərindən başlayaraq televiziyada nümayiş olunan "Dərs vaxtı"nda yüzlərlə dərs keçən müəllimlərimizdir. O, müəllimlərimiz ki, heç nədən çəkinmədən, ehtiyat etmədən, öz sağlamlıqlarını təhlükəyə ataraq, böyük cəsarət göstərərək milyonların qarşısında dərs keçməyə başladılar. Ona görə ki, həmin müəllimlər özlərinə güvənirdilər, peşəkar, səriştəli olduqlarına inanırdılar. Həmin müəllimlərimizi digərlərindən fərqləndirən cəhətlərdən biri də onların ilk günlərdə təmənnasız, heç bir məvacib almadan işləməsi idi. Qeyd edək ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət TV” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində yayımlanan teledərslər  məktəb proqramı əsasında çəkilir. Sentyabrın 1-dən etibarən, teledərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Mədəniyyət TV” kanalında, saat 14:00-dan isə “ARB Günəş” kanalında yayımlanır. Bütün sinifləri əhatə edən teledərslərdə tədris mövzularına dair izah və təlimatlar təqdim olunur. Günün qəhrəmanları ilə həmsöhbət olmaq üçün teledərslərin hazırlandığı məkanda olduq, işçi qrupu və müəllimlərlə söhbətləşdik.   “Layihədə iştirak edən müəllimlərlə ardıcıl olaraq istiqamətləndirici iş aparılır”   Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva bizimlə söhbətində bildirib ki, çəkilişlərdə 100 nəfərə yaxın müəllim iştirak edir. Bununla yanaşı, yeni müəllimlərin də prosesə cəlb edilməsi davam edir. Mərkəzin direktoru yeni cəlb olunan  müəllimlərlə müsahibə keçirildiyini deyib: “Müəllimlərə tapşırıq verilir ki, tədris etdiyi fənn üzrə bir mövzunu 10-12 dəqiqə müddətində təqdim etsinlər. Təqdim olunan dərsdə müəllimin danışığı, izahı, ifadə tərzi, öyrədici tapşırıqlar tərtib etmək bacarıqları qiymətləndirilir. Ümumilikdə, layihədə iştirak edən müəllimlərlə ardıcıl olaraq istiqamətləndirici iş aparılır. Müəllimlər şagirdlərin düşünmə bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif fəaliyyətlər üzərində düşünürlər”. Nəzakət Mehdiyeva teledərslərin 11 sinif və 2 bölmə üzrə hazırlandığını və hər gün 36-38 dərs yayımlandığını da sözlərinə əlavə edib: “İbtidai siniflər üçün teledərslər həftənin 3 günü, yuxarı siniflər üçün isə həftənin 2 günü sinfin dərs yükünə uyğun sayda fənn tədris olunmaqla keçirilir. Teledərs layihəsi üzrə 29 avqust - 14 dekabr 2020-ci il tarixlərində məktəbəqədər, ümumi təhsil və peşə təhsili səviyyələrini əhatə edən 2600 dərs çəkilib. 7 sentyabr - 14 dekabr 2020-ci il tarixlərində efirdə 2400-ə yaxın dərs yayımlanmışdır”. Nəzakət Mehdiyeva teledərs layihəsi çərçivəsində gündəlik dərslərlə yanaşı, inteqrativ dərslər, “Virtual məktəb”də müəllimlərə dəstək, futbol məşğələsi, futzal məşğələsi, “Müəllimdən məktub” və bu kimi digər fəaliyyətlərin də yayımlandığını da sözlərinə əlavə edib: “Bu müddət ərzində, Azərbaycan və rus bölmələrində təhsil alan şagirdlər üçün “Zəfər tarixi”, “Fizikada qrafiklər”, “İşğal olunmuş ərazilər”, “Azərbaycanın milli parkları”, “Harmonik rəqslər” mövzularında inteqrativ dərslər çəkilib, yayımlanmışdır. Teledərs layihəsi çərçivəsində ümumtəhsillə yanaşı, peşə təhsili üzrə də dərslər çəkilir. 15 sentyabrdan bu günə kimi peşə təhsili üzrə 90 dərs çəkilmişdir. Efirdə yayımlanan dərslər “Virtual məktəb”də, Təhsil Nazirliyinin youtube kanalında və “Dərs vaxtı” facebook səhifəsində də yerləşdirilir. Bu da televiziya qarşısında dərsləri izləyə bilməyən şagirdlər üçün alternativ imkan yaradır”.   “Bu iş böyük məsuliyyət tələb edir”   Bakıdakı 6 nömrəli məktəb-liseyin fizika müəllimi Nərgiz İbrahimova pandemiya dövründə bir vətəndaş kimi teledərslərin hazırlanmasında yaxından iştirak etməyi  özünə borc bildiyini deyib: “Layihədə iştirak etdiyim üçün qürur hissi keçirirəm. Çəkilişlərdə qarşıma məqsəd qoydum ki, elə dərslər təşkil edim ki, maksimum canlı dərsə yaxınlaşım. Baxmayaraq ki, bu iş böyük məsuliyyət tələb edir. Keçdiyimiz dərsdən ölkəmizdəki bütün şagirdlər yararlanır və ona görə maksimum diqqətli olmalı olduğumuzu yaxşı başa düşürük. Lakin onu da yaxşı başa düşürük bu çətin vəziyyətdə bir vətəndaş kimi kənarda qala bilməzdik. Gələcək nəslimiz olan şagirdlərə yüksək səviyyədə dərs keçmək, onları istiqamətləndirmək bizim bir müəllim kimi borcumuzdur. Onu da qeyd etmək istərdim ki, biz həm də online şəkildə işlədiyimiz məktəbdə də dərslər keçirik. Şagirdlərimizin təhsilə cəlb olunması qarşımızda qoyduğumuz məqsədlərdəndir”          “Biz bu çətin işin öhdəsindən lazımınca gəlirik”   Aynur Rüstəmova Bakıdakı 20 nömrəli məktəb-liseyin azərbaycan dili və ədəbiyyat müəllimidir. Ötən tədris ilindən teledərslərdə fəal iştirak edən müəllimlərimizdəndir. O, bu günə qədər 100-dən çox teledərs keçdiyini bildirib: “Pandemiya zamanı müəllimlər və layihənin idarə heyəti şagirdləri təhsildən uzaqlaşdırmamaq üçün özünü və ailəsinin sağlamlığını riskə alaraq ölkəmizin təhsili yolunda böyük fədakarlıqla bu layihəyə qoşuldu. Bu, çox məsuliyyətli iş idi. Həm də fədakarlıq tələb edirdi. Bundan əlavə, teleekrana çıxmaq müəllimdən böyük cəsarət tələb edir. Bütün respublikanın qarşısında şagirdlərə dərs keçmək, çox məsuliyyətli işdir.  Hətta savadlı müəllimlər arasında belə, bu addımı atmağa ürək eləməyənlər də oldu. Mən də, demək olar ki, ilk günlərdən bu layihədəyəm. Peşəkar fəaliyyətimdə “Dərs vaxtı” layihəsinin xüsusi yeri olduğunu qeyd edə bilərəm. Bu hamı üçün tamamilə yeni bir təcrübə idi. Şagirdlə canlı təmas olmadan onda dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarını formalaşdırmaq, qrammatik qaydaları öyrətmək müəllimdən yüksək peşəkarlıq tələb edir. Dərsi hazırlayarkən çox çalışıram ki, şagirdlərə verilən informasiya aydın və şagirdlər üçün anlaşılan olsun. İşimiz çətin olsa da, maraqlıdır. Şagirdlərdən və valideynlərdən gələn təşəkkür və minnətdarlığa əsasən düşünürəm ki, biz bu çətin işin öhdəsindən lazımınca gəlirik”.   “Şagirdlərimiz səbirsizliklə “Dərs vaxtı”ını gözləyirlər”    Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi Aytəkin Əsgərova da teledərslər layihəsinin fədakar müəllimlərindən biridir. O, bu layihədə iştirak edən bir müəllim kimi dərslərin keyfiyyətini artırmaq, məzmunu şagirdə dolğun çatdırmaq üçün əlindən gələni etməyə çalışdığını deyib: “Təhsildə yaranmış müvəqqəti fasilə ilə əlaqədar Təhsil Nazirliyi bir sıra layihələri həyata keçirməyə başladı. Bunlardan biri də hamı üçün əlçatan olan teledərs layihəsi idi. Bu uğurlu layihə qısa bir zamanda şagirdləri ekran başına yığa bildi. Artıq şagirdlərimiz səbrsizliklə “Dərs vaxt”ını gözləyirlər.  Düşünürəm ki, biz komanda olaraq bu işin öhdəsindən gəldik. Sözsüz ki, hamımız canlı keçirilən dərslərimiz, məktəbimiz üçün çox darıxırıq. Ümid edirəm ki, qısa zamanda yenə məktəblərimizdən şagirdlərin səsi gələcək”.   “Azərbaycan müəllimi” qəzeti

STEAM - gələcəyin təhsil modeli

Artıq bir neçə müddətdir ki, ölkəmizdə STEAM layihəsinin tətbiqinə başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən STEAM layihəsinin məqsədi XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıqetmə həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə edə bilmə qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsidir.   Layihə mərkəz də daxil olmaqla 45 region üzrə 147 məktəbdə tətbiq edilir   Layihənin rəhbəri İqrar Nəzərov bizimlə söhbətində bildirib ki, STEAM-ın tətbiqinə başlandığı ilk günlərdən layihə həm təhsilverənlərin, həm də təhsilalanların böyük marağına səbəb olmuşdur. O, bu baxımdan layihənin əhatə dairəsinin genişləndirilməsinə zəmin yarandığını sözlərinə əlavə edib: “Hazırda STEAM layihəsinin tətbiqi mərkəzlə yanaşı, 45 region üzrə 147 ümumtəhsil məktəbində 25000-dən çox şagird və 800 müəllim olmaqla uğurla davam etdirilir. Lakin qeyd etmək lazımdır ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq layihənin tam şəkildə həyata keçirilməsində bəzi çətinliklər yaranmışdır. Belə ki, mövcud vəziyyətlə əlaqədar olaraq tədris prosesinin distant formada aparılması layihəyə əsaslanan STEAM dərslərində əyaniliyin tam yerinə yetirilməməsini yaranan çətinlik kimi qeyd edə bilərik. Problemlərin aradan qaldırılması və distant formalı tədris prosesində yüksək şagird nailiyyətlərinin əldə olunması məqsədilə STEAM məzmunlu teledərslər və videoçarxlar hazırlanaraq müxtəlif sosial şəbəkə səhifələri vasitəsilə izləyicilərə təqdim olundu. Özünütəcrid dövründə təhsilalanlarda elmə marağın artırılması və sosial aktivliyin yüksəldilməsi məqsədilə müxtəlif müsabiqələrin keçirilməsi, qalib iştirakçıların layihələrində əks olunan ideyalarının reallaşdırılmasında istifadə edə biləcəkləri müxtəlif innovativ texnologiya avadanlıqları ilə mükafatlandırılması izləyicilər tərəfindən təqdirəlayiq hal kimi qarşılanmışdır. Qeyd olunanlarla yanaşı, nəzərə çatdırmaq lazımdır ki, bu dövr ərzində həyata keçirilən fəaliyyət zamanı pandemiya qaydalarına tam şəkildə əməl olunmuşdur”.   700 nəfərdən çox müəllim distant təlimlərə cəlb olunub   İqrar Nəzərov pandemiya dövrünün davam etməsinə baxmayaraq layihənin fəaliyyət planının uğurla həyata keçirildiyini deyir: “Bu dövr ərzində 700-dən çox müəllim distant təlimlərə cəlb olunmuş və müsbət nəticə əldə  edən təhsil işçiləri sertifikatlarla təmin edilmişdir. Qeyd etmək lazımdır ki, təlim prosesinin distant keçirilməsinə baxmayaraq əyaniliyin təmin edilməsi məqsədilə iştirakçılara bəzi avadanlıqlar çatdırılmışdır. Bu dövr ərzində STEAM tədris prosesinin növbəti siniflər üzrə uğurla davam etdirilməsi məqsədilə layihə mütəxəssisləri tərəfindən Azərbaycan və rus dillərində fənn kurikulumu hazırlanaraq müəllimlərin istifadəsinə verilmişdir. Bütün yaş qruplarının (STEAM Kids, Junior, Senior) istifadəsi üçün nəzərdə tutulan Şirvan şəhər Kimya-biologiya təmayüllü Respublika liseyinin nəzdində regional STEAM Mərkəzinin yaradılması da məhz bu dövrdə həyata keçirilən fəaliyyətlərdəndir.”.   “STEAM-çılar minlərlə üz sipərləri hazırlayıb”   Layihə rəhbəri onu da qeyd edib ki, STEAM-ın əsas məqsədlərindən biri də təhsilalanlarda cəmiyyətin qarşılaşdığı problemlərin həlli istiqamətində bilik və bacarıqların formalaşdırılmasıdır: “Pandemiya dövrünü nəzərə alaraq virusa yoluxma təhlükəsi ilə daha çox üz-üzə qalan fəaliyyət sahələrinin əməkdaşlarına (tibb işçiləri, polislər və s.) 3D printerlər vasitəsilə çap edilərək minlərlə üz sipərləri verilib. Düşünürəm ki, üz sipərlərinin hazırlanması qeyd olunan məzmunlu fəaliyyətə bir nümunədir”. Qeyd olunanları və STEAM-a artan marağı nəzərə alaraq layihənin bundan sonra da sürətlə inkişaf edərək əhatə dairəsini genişləndirəcəyini, nəticədə cəmiyyətin tələblərinə uyğun, yaradıcı yeni nəslin formalaşmasına öz töhfəsini verəcəyini deyə bilərik.   "Azərbaycan müəllimi" qəzeti                                       

Məsafədən təhsilə dəstək çağırışına "Azercell"dən reaksiya

Ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb”də tədris prosesi davam edir. Təhsilin fasiləsizliyini və davamlılığını təmin edən platformada müəllim və şagirdlər üçün açıq qeydiyyat, video və audio dərslərin təşkili, tədris cədvəllərinin tənzimlənməsi, qrup işlərinin təşkili, ev tapşırıqlarının təyinatı, qiymətləndirmə, dərsdənkənar tədbirlər, mərkəzləşdirilmiş idarəetmə və nəzarət mexanizmləri kimi bir çox imkanlar təqdim olunur. “Microsoft Teams” üzərində qurulmuş platformada hazırda ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyondan çox, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Eyni zamanda, “Microsoft Teams” 40 ali təhsil və 26 orta-ixtisas təhsili müəssisələrində məsafədən təhsil aləti kimi istifadə olunur. Layihənin əhatə dairəsinə daxil olan bütün ailələr üçün bərabər texnoloji imkanların yaradılması məqsədi ilə Təhsil Nazirliyi özəl qurumları mümkün dəstəyi göstərməyə dəvət etmişdir. Nazirliyin dəstək çağırışlarına qoşulan “Azercell” şirkəti pandemiya dönəmində “Microsoft Teams” platforması vasitəsilə distant təhsil alan şagird və tələbələr üçün, eləcə də distant iş rejimində çalışan müəllimlər üçün güzəştli internet paketi təqdim edib. Abunəçilər gündə 0.70 AZN ödəyərək 10 GB həcmində və ayda 9.90 AZN ödəyərək 100 GB həcmində internet paketi sifariş etmək imkanı qazanır. Ətraflı məlumatla "Azercell" şirkətinin rəsmi vebsaytından (https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/tehsil_paketi/) tanış olmaq mümkündür. Qeyd edək ki, “Azercell” şirkəti daha öncə də bu təşəbbüsə qoşularaq “Virtual məktəb”də qeydiyyatdan keçmiş və “Azercell” abunəçisi olan 30 min müəllimə 2 ay müddəti ərzində 5GB internet paketi hədiyyə edib.

"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına yekun vurulub

23 noyabr-16 dekabr tarixlərində Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximiz” adlı onlayn respublika intellektual yarışmasına yekun vurulub. COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda və 3 mərhələ üzrə təşkil edilən yarışmada Bakı şəhəri və respublikanın digər bölgələrində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərindən 51 dərnək üzvü iştirak edib. Yarışmanın nəticələrinə əsasən, 16 məktəbli yarım final mərhələsində iştirak hüququ qazanıb. Final mərhələsinə vəsiqə qazanan 3 dərnək üzvü arasında aparılan mübarizənin nəticələrinə əsasən, I, II və III yerlərin qalibləri müəyyən edilib. Qaliblər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom, medal və hədiyyələri, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar. Qeyd edək ki, intellektual yarışmanın keçirilməsində məqsəd uşaq və gənclərin ölkəmizin qazandığı qələbəyə, Zəfər tarixinə aid bilik səviyyəsini daha da artırmaq, onların intellektual qabiliyyətlərini inkişaf etdirmək, işğaldan azad olunmuş torpaqlarımızın tarixi abidələrini təbliğ etməkdən ibarət olub.

"Dərs vaxtı"nın 18 dekabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 18-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

"Virtual məktəb"də fənlər üzrə milli qiymətləndirməyə dair videotəlimat

19 dekabr saat 14:00-dan başlayaraq “Virtual məktəb”də fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmə təşkil olunacaq. Milli qiymətləndirmənin IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə təşkili nəzərdə tutulur. Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən tapşırıqlara cavab vermək lazımdır. Qiymətləndirmə prosesində: - IV sinif şagirdlərinə tədris dili üzrə 15, riyaziyyat üzrə 15 və ingilis dili üzrə 10 sual olmaqla, ümumilikdə 40 tapşırıq (qiymətləndirmənin müddəti – 1 saat 20 dəqiqə); - VI sinif şagirdlərinə tədris dili üzrə 20, riyaziyyat üzrə 20 və ingilis dili üzrə 20 sual olmaqla, ümumilikdə 60 tapşırıq (qiymətləndirmənin müddəti – 2 saat); - IX sinif şagirdlərinə tədris dili üzrə 30, riyaziyyat üzrə 30 və ingilis dili üzrə 30 sual olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunacaq (qiymətləndirmənin müddəti – 3 saat). Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na əsasən, Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq ümumi təhsil pilləsində müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmələr təşkil olunur. Sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir. Əsas məqsədi şagirdlərin təlim nəticələrinə təsir edə bilən amilləri öyrənməklə təhsilin vəziyyəti haqqında məlumat toplamaq, perspektivləri, gələcək fəaliyyəti müəyyənləşdirmək olan milli qiymətləndirmə sistemli araşdırmanın tələblərinə cavab verən tədqiqatdır. Milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir.  

II Qarabağ müharibəsində yaralanmış qazilərlə görüş keçirilib

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə II Qarabağ müharibəsində yaralanmış əsgər qazilərlə onlayn görüş keçirilib. Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub. Görüşdə Vətən müharibəsi qaziləri ilə yanaşı 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, pedaqoji heyəti və dərnək üzvləri iştirak edib. Qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər, dərnək üzvlərini maraqlandıran sualları cavablandırıblar. Bundan əlavə, Mərkəzin əməkdaşları müalicə alan qaziləri ziyarət edərək onlara mənəvi dəstək olublar.

"Qarabağın məşhur müəllimləri" – Əşrəf Abbasov

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq Əşrəf Abbasovdur. 1920-ci ildə Şuşa şəhərində anadan olub. Görkəmli bəstəkar, musiqişünas, pedaqoq, professor, Xalq artisti Əşrəf Abbasov Azərbaycan incəsənət tarixinə unudulmaz musiqi xadimi kimi daxil olub, müxtəlif janrlarda maraqlı əsərlər yaradıb. Əşrəf Abbasov 1947-1948-ci illərdə A. Zeynallı adına Musiqi Texnikumunun (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci) direktoru olub. 50 ilə yaxın Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq kafedrasının müəllimi, 1953-1957-ci illərdə konservatoriyanın rektoru, 1957-1972-ci illərdə bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb. Konservatoriyanın nəzdində onillik musiqi məktəbində musiqi nəzəriyyəsi dərsləri üzrə müəllimlik fəaliyyəti göstərib. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır