Peşə təhsili üzrə teledərslərin 18 dekabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 18 dekabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
17/12/2020 11:49
İkili diplom proqramı üzrə sənəd qəbulu davam edir
Koreya Respublikasının İnha Universiteti və Bakı Mühəndislik Universiteti arasında bakalavriat pilləsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində inşaat mühəndisliyi və elektrik mühəndisliyi ixtisaslarına 2020-2021-ci tədris ilinin yaz semestri üçün əlavə sənəd qəbulu davam edir. Proqrama son müraciət tarixi 31 dekabr 2020-ci ildir. İkili diplom proqramı ilə bağlı əlavə məlumat və müraciət qaydaları ilə elan vasitəsilə tanış olmaq mümkündür. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 4 ildir. Bu müddətin 3 ilinin Bakı Mühəndislik Universitetində, son 1 ilinin isə İnha Universitetində keçirilməsi nəzərdə tutulur. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.
17/12/2020 11:21
"Dərs vaxtı"nın 17 dekabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 17-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
17/12/2020 08:13
"Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın yeni redaksiyası təsdiq edilib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli 493 nömrəli Qərarına əsasən, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın yeni redaksiyada təsdiq edilməsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətində keyfiyyət təminatı sahəsi üzrə yeni mərhələ kimi qiymətləndirilir. Belə ki, qaydaların yeni redaksiyası təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı ilə bağlı aşağıdakı üstünlükləri yaradacaq: - Azərbaycan Respublikasının təhsil sisteminin inkişafı, beynəlmiləlləşməsi və təhsilin keyfiyyət səviyyəsinin yüksəlməsi təmin olunacaq; - Beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sistemi formalaşacaq; - Ali təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsi zamanı Avropa Ali Təhsil Məkanının keyfiyyət təminatı prinsiplərinin də nəzərə alınması təmin olunacaq; - Dövlət standartlarından əlavə, beynəlxalq təşkilat və ya xarici dövlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramlarının akkreditasiyası mexanizmi formalaşacaq; - Təhsil müəssisəsinin fəaliyyəti ilə yanaşı, təhsil proqramlarının icrasının qiymətləndirilməsi mexanizmi formalaşacaq; -Təhsil müəssisəsinin fəaliyyətinin və ayrı-ayrı təhsil proqramlarının icrasının qiymətləndirilməsi prosesinə təhsil müəssisəsinin fəaliyyətində maraqlı tərəflərin, xüsusən də işəgötürənlərin və təhsilalanların nümayəndələri cəlb ediləcək və onlar arasında keçirilmiş rəy sorğusunun nəticələrinin qiymətləndirilmə zamanı nəzərə alınması təmin olunacaq; - “Təhsil müəssisələrinin akkreditasiyası” dövlət xidmətinin elektronlaşdırılmasına nail olunacaq; - Akkreditasiya sertifikatı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hazırlanan elektron sənəd formasında veriləcək; - Təhsil müəssisələrinin fəaliyyətinə dair hesabatlılıq yalnız akkreditasiya dövrü üzrə (hər 5 ildən bir) deyil, illik əsasda təmin olunacaq.
16/12/2020 18:53
"Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq" platforması təsis edilib
“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşəbbüsü ilə “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfrans keçirilib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov və Avropa Birliyinin Azərbaycan nümayəndə heyətinin rəhbəri Kestutis Jankauskas açılış nitqləri ilə çıxış ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov milli innovasiya sisteminin formalaşmasında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsi istiqamətində son illər Təhsil Nazirliyi tərəfindən müxtəlif qurumların iştirakı ilə həyata keçirilən tədbirlərdən danışıb. COVID-19 pandemiyası dövründə ölkədə təhsilin fasiləsizliyinin təmin edilməsi istiqamətində görülən işləri bir daha diqqətə çatdıran nazir müavini ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb” barədə geniş məlumat verib. Bildirib ki, platformada hazırda ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyondan çox, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Eyni zamanda, peşə, orta-ixtisas və ali təhsil pillələri üzrə məsafədən tədris imkanları təqdim olunur. Hazırda 38 ali təhsil müəssisəsində “Microsoft Teams” və “Cisco Webex” platformalarından ödənişsiz istifadə etməklə onlayn dərslər təşkil olunur. Onlayn dərslərə qoşulmaq üçün lazımi şəraiti olmayan müəllim və tələbələrin faydalanmaları üçün 17 region üzrə 28 məktəbdə 8 internet-kompüter mərkəzləri fəaliyyət göstərir. Nazir müavini deyib ki, Azərbaycan dilli elektron məzmunun yaradılması və tədrisdə innovativ mexanizmlərin tətbiqi istiqamətində Təhsil Nazirliyi tərəfindən www.e-resurs.edu.az, www.e-derslik.edu.az, www.video.edu.az portalları fəaliyyət göstərir. Firudin Qurbanov ölkədə şagirdlərin alqoritmik düşüncə, məntiq, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədi ilə həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi barədə də danışıb. Nazir müavininin sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən Azərbaycanın ən böyük daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsinin əhatə dairəsi genişləndirilməkdədir. Hazırda ümumi olaraq ölkə üzrə 4140 təhsil müəssisəsinin təhsil sisteminin korporativ İntranet və İnternet şəbəkələrinə çıxışı təmin edilib. Firudin Qurbanov qeyd edib ki, ölkədə təhsil sahəsinin idarə olunması və tənzimlənməsində vahid informasiya infrastrukturu formalaşır, təhsilin idarə edilməsində informasiya sistemləri istifadəyə verilir və səmərəli tətbiqinə nail olunur. Bununla yanaşı, Təhsil Nazirliyi tərəfindən hər il təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyəti üçün İKT savadlılığının artırılması istiqamətində İKT-nin tətbiqi üzrə ixtisasartırma və stajkeçmə təlimləri keçirilir. Nazir müavini çıxışının sonunda pandemiya və post-pandemiya dövründə gənclərin rolunun, biliklərinin, araşdırma qabiliyyətlərinin artması və müxtəlif sahələrdə qlobal fəaliyyətə gənclərin cəlb edilməsinin əsas məqsədlərdən biri olduğuna diqqət çəkib. Daha sonra "İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC-nin direktoru Rauf Cabarov “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının (Milli Koalisiya) yaradılması, prinsipləri, məqsədləri və perspektivləri mövzusunda təqdimat edib. Konfransda “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının əsası qoyulub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan Tərəfdaşlıq Platforması təşəbbüsünə Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək veriblər. Eləcə də, özəl tərəfdaşlar “Microsoft Azərbaycan” və “Azercell” şirkətləri bu tərəfdaşlığa dəstəklərini bildiriblər. Qeyd edək ki, “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması rəqəmli bacarıqlar istiqamətində fəaliyyət göstərən bütün maraqlı qurumlar və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, görülən işlərin əlaqələndirilməsi və eyni zamanda, rəqəmli bacarıqlar üzrə dövlət – özəl tərəfdaşlığının inkişafı məqsədilə yaradılır. Bu tərəfdaşlığa rəqəmli bacarıqlar sahəsi üzrə məşğul olan istənilən qurum qoşula bilər.
16/12/2020 15:52
"Qarabağın məşhur müəllimləri" – Xarrat Qulu
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Şuşada musiqi məktəbinin yaradıcısı, məşhur musiqişünas Xarrat Qulu Məhəmməd oğludur. 1823-cü ildə Şuşada anadan olub. Xarrat Qulunun təşkil etdiyi musiqi məktəbində 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. O, bir müəllim kimi öz məktəbinə gözəl səsi olan gəncləri cəlb edərək onlara muğamatı oxumaq qaydalarını öyrədərdi. Xarrat Qulunun musiqi məktəbi Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra ustad sənətkarlar yetişdirib. Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu və məşhur tarzən Sadıqcan həmin məktəbin yetirmələridir. Xarrat Qulunun məktəbinə Qarabağ muğam ifaçılığı məktəbinin inkişaf tarixində mühüm bir mərhələ kimi baxmaq olar. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
16/12/2020 15:10
"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə yekun vurulub
6 noyabr-11 dekabr tarixlərində keçirilən "Qızıl hərflərlə yazılan tarix!" respublika rəsm müsabiqəsinə yekun vurulub. Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə onlayn platformada və 3 yaş qrupu üzrə təşkil edilən müsabiqədə respublika üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak ediblər. Müsabiqəyə ümumilikdə 470 rəsm işi təqdim edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə qiymətləndirmə aparılaraq I, II və III yerlərin qalibləri müəyyən edilib. Qaliblər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd uşaqlarda vətənpərvərlik ruhunu tərbiyə etmək, vətənə sevgi və məhəbbət hissini aşılamaq, təsviri sənət üzrə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarət olub.
16/12/2020 14:34
"Vətən uğrunda" medalı ilə təltif edilən şəhid müəllimlərimiz
Dekabrın 15-də ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilən hərbi qulluqçular sırasında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək şəhid olan müəllimlərimiz də var. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16/12/2020 14:08
Sosial vloq müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dekabrın 15-də Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM), “EkoSfera” SEM-in birgə təşkilatçılığı ilə “BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım” layihəsi çərçivəsində onlayn platformada “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinar, “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsi və “Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi həyata keçirilib. COVID-19 pandemiyası ilə əlaqədar onlayn keçirilən tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Proqram Məsələləri üzrə müşaviri Çingiz Məmmədov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, WWF Azərbaycan ofisinin direktoru Elşad Əsgərov, KİV nümayəndələri, münsiflər heyəti və qeyd olunan müsabiqə qalibləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov BMT-nin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (UNEP) Yaradılması Günü ilə əlaqədar keçirilən müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasiminin açılışı münasibətilə hamını Təhsil Nazirliyi adından təbrik edərək iştirakçılara ən xoş arzularını çatdırıb. Nazir müavini çıxışında ekologiyanın insanlar üçün ən böyük nemət olduğunu, müasir dövrdə ekoloji problemlərin artmasına qarşı tədbirlər görülməsi, təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi məsələsinin ölkəmizdə prioritet istiqamətlər arasında ön sıralara çıxarıldığını vurğulayıb. Qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və bu baxımdan uşaq və gənclərin ətraf mühitin mühafizəsi və kütləvi ekoloji tədbirlərə cəlb olunması, onlara təbii ehtiyatların səmərəli istifadəsi, tullantıların utilizə edilməsi haqqında əlavə biliklərin verilməsi xüsusi əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, respublikamızın şəhər və rayonlarında yaşıllaşdırma işləri yüksək səviyyədə həyata keçirilir. Firudin Qurbanov iqlim dəyişmələri və əhalinin sağlamlığı mövzusundan bəhs edərək bildirib ki, suyun səmərəli istifadəsi davamlı inkişafa dəstək verməklə eyni zamanda ciddi qlobal risklərdən qoruyan əsas faktordur. Nazir müavini çıxışında həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda 100 illik ağacların kəsildiyini, meşələrin yandırıldığını, mədəni abidələrin məhv edildiyini qeyd edərək bundan sonra bu ərazilərin ölkəmiz tərəfindən bərpa ediləcəyini və işğaldan azad olunan torpaqlarda ekoloji vəziyyətin bərpa olunmasında hər bir uşaq və gəncin aktiv iştirak edəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini sonda müsabiqə qaliblərini bir daha təbrik edib, hər birinə ölkəmizdə ətraf mühitin qorunmasında bundan sonra da aktiv iştirak etməyi arzulayıb. Daha sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavini xanım Çaru Bist salamlama nitqi ilə çıxış ediblər. Qeyd edək ki, cari ilin 25 aprel-30 sentyabr tarixlərində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsi üzrə Bakı şəhəri və respublikanın regionlarından 3 yaş qrupu üzrə (8-11, 12-15, 16-19 yaş qrupları) Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin ekoklub üzvlərindən ibarət 1705 iştirakçı müraciət edib, ümumilikdə 250 video vloq final mərhələyə vəsiqə qazanıb, 12 yer üzrə 29 qalib seçilib. 18 iyul-12 sentyabr tarixlərində keçirilən “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda maarifləndirmə proqramı çərçivəsində 2000 məktəblinin iştirakı ilə 10 vebinar keçirilib. Sosial şəbəkələrdə yayımlanan vebinarlara 10 000-ə yaxın baxış olub. İştirakçıların videoçarxlar və esse müsabiqəsinə göndərilən işlər arasında I, II, III yerlər üzrə 20 qalib müəyyən olunub. “Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsi 7 sentyabr - Beynəlxalq “Mavi Səma üçün Təmiz Hava” gününə həsr olunub. Müsabiqəyə ümumilikdə 2 nominasiya üzrə 72 fotoşəkil təqdim olunub və 6 qalib seçilib. Qaliblər diplom və qiymətli hədiyyələrlə, digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.
16/12/2020 09:47
Böyük Britaniyanın “King`s College London” ali təhsil müəssisəsi təqaüd proqramı elan edir
Böyük Britaniyanın “King`s College London” ali təhsil müəssisəsi 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Magistratura səviyyəsi üzrə elan olunan “The Alexandros Petersen Scholarship” təqaüd proqramının müddəti 1 ildir. Proqramda iştirak etmək istəyənlər üçün 18 dekabr 2020-ci il son müraciət tarixidir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
16/12/2020 09:18
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More