"Virtual məktəb"də fənlər üzrə qiymətləndirmə təşkil olunacaq
19 dekabr saat 14:00-dan başlayaraq “Virtual məktəb”də fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmə təşkil olunacaq. Milli qiymətləndirmənin IV, VI və IX siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə təşkili nəzərdə tutulur. Qiymətləndirmədə iştirak etmək üçün “Virtual məktəb” platformasında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən tapşırıqlara cavab vermək lazımdır. Qiymətləndirmə prosesində: - IV sinif şagirdlərinə tədris dili üzrə 15, riyaziyyat üzrə 15 və ingilis dili üzrə 10 sual olmaqla, ümumilikdə 40 tapşırıq (qiymətləndirmənin müddəti – 1 saat 20 dəqiqə); - VI sinif şagirdlərinə tədris dili üzrə 20, riyaziyyat üzrə 20 və ingilis dili üzrə 20 sual olmaqla, ümumilikdə 60 tapşırıq (qiymətləndirmənin müddəti – 2 saat); - IX sinif şagirdlərinə tədris dili üzrə 30, riyaziyyat üzrə 30 və ingilis dili üzrə 30 sual olmaqla, ümumilikdə 90 tapşırıq təqdim olunacaq (qiymətləndirmənin müddəti – 3 saat). Qeyd edək ki, sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir.
14/12/2020 16:05
5 868 088 dərs "Virtual məktəb"də
Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Belə ki, 5-11 dekabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 366 295, müəllimlərin sayı 126 305, aktiv istifadəçi sayı 1 009 881, həftə ərzində platformada keçirilmiş dərslərin sayı 5 868 088 təşkil edib.
14/12/2020 14:55
Peşə təhsili üzrə teledərslərin 15 dekabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 15 dekabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
14/12/2020 14:29
Təhsil Nazirliyi yanında İctimai Şuranın onlayn iclası keçirilib
Təhsil Nazirliyi yanında İctimai Şuranın TIMSS 2019 beynəlxalq qiymətləndirməsinin nəticələrinin müzakirəsinə həsr olunmuş onlayn iclası baş tutub. Təhsil nazirinin müşaviri Elnur Nəsibov bildirib ki, dünya üzrə TIMSS 2019 beynəlxalq qiymətləndirməsində 64 ölkədən 580 000-dən çox şagird, 310 000 valideyn, 52 000 müəllim, 19 000 məktəb iştirak edib. 194 məktəb, 5300 şagird, təxminən 5300 valideyn, 310 müəllimlə TIMSS 2019 beynəlxalq qiymətləndirməsində iştirak edən ölkəmiz bu tədqiqatda yalnız IV sinif şagirdləri ilə təmsil olunub. Riyaziyyat üzrə tədqiqat nəticələri ilə ölkəmizin tarixi nəticə əldə etdiyini qeyd edən Elnur Nəsibov deyib ki, azərbaycanlı şagirdlər 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. TIMSS 2019-cu il beynəlxalq qiymətləndirilməsində ölkəmizin göstəriciləri barədə təqdimatla çıxış edən Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin aparıcı mütəxəssisi Aygün Qurbanlının sözlərinə görə, riyaziyyat üzrə nailiyyətimiz TIMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artımla 463 baldan 515 bala yüksəlib. Bu nəticə ilə Azərbaycan regionda ən yüksək nəticə göstərən ölkə sayılır. Təbiət fənnləri üzrə isə ölkəmiz 427 balla 50-ci yerdə mövqe tutub. Həmçinin, “mükəmməl” və “yüksək” qiymətləndirmə oriyentirinə (benchmark) çatan şagirdlərimizin sayında əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2011-ci ildə 21 faiz şagirdimiz riyaziyyat üzrə “mükəmməl” və “yüksək” qiymətləndirmə nailiyyəti göstərmişdirsə, 2019-cu ildə bu nəticə 36 faiz olub. İclasda iştirak edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov,sədr müavini Nadir İsrafilov, məsul katib İlqar Orucov, Təhsil İnsitutunun direktor əvəzi Anar Nağıyev, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, şura üzvlərindən Asif Cahangirov, Ülviyyə Mikayılova, Elmina Kazımzadə, Mayis Əliyev çıxış edərək mövzu ilə bağlı fikirlərini ifadə ediblər. Bildirilib ki, beynəlxalq qiymətləndirmənin nəticələrinə əsasən, azərbaycanlı şagirdlərin Cənubi Qafqazda ən yüksək nəticə ilə Fransa, İspaniya, Yeni Zelandiya kimi inkişaf etmiş ölkələrdən olan həmyaşıdlarından yüksək göstəriciləri böyük uğurdur. Bundan sonra da beynəlxalq qiymətləndirmələrdə nailiyyətlər qazanılması məqsədilə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Sonda İctimai şuranın sədr müavini Nadir İsrafilov “Təhsil strategiyası: yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.
14/12/2020 12:38
51-ci Beynəlxalq Fizika Olimpiadasında qazanılan uğur
7-14 dekabr 2020-ci il tarixlərində 51-ci Beynəlxalq Fizika Olimpiadası (Beynəlxalq Virtual Fizika olimpiadası) təşkil edilib. 47 ölkə və 235 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz onlayn qaydada qoşulublar. Nəzəri və praktiki turlardan ibarət olan olimpiadada Azərbaycanı təmsil edən şagirdlər uğurla iştirak ediblər. Belə ki, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Murad Bəşirov bürünc medala, həmin gimnaziyanın XI sinif şagirdi Sirac Yəhyazadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Ayhan Süleymanzadə isə olimpiadanın “Həvəsləndirici mükafat” sertifikatına layiq görülüblər.
14/12/2020 11:22
Onlayn müsahibələrə start verilir
Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır. Müsahibə mərhələsi “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Onlayn müsahibədə iştirak edəcək namizədlərin elektron poçt ünvanına Təhsil Nazirliyi tərəfindən videomüsahibəyə qoşulmaq üçün müvafiq link göndəriləcək. Namizədlər həmin linkə daxil olaraq müsahibəyə kompüter və ya mobil telefon vasitəsilə qoşula bilərlər. Qeyd edək ki, hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə bilərlər. Onlayn müsahibəyə dair videotəlimatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=tTXd4FJHO1k&feature=emb_title Onlayn müsahibələrdə iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!
14/12/2020 10:23
"Dərs vaxtı"nın 14 dekabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 14-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
13/12/2020 18:25
"Dərs vaxtı" izləyicilərinin nəzərinə!
Dekabrın 14-də "Mədəniyyət" telekanalında profilaktika işləri həyata keçiriləcəyindən "Dərs vaxtı" proqramının yayım vaxtında dəyişiklik edilib. Həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq. "Dərs vaxtı" proqramının müvafiq cədvəli "Dərs vaxtı"nın "Facebook" səhifəsində paylaşılacaq. Qeyd edək ki, "Mədəniyyət" və "ARB Günəş" tekekanallarında yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
13/12/2020 13:33
Təhsil naziri "Məktəblinin dostu" layihəsinin əməkdaşları ilə görüşüb
Dekabrın 11-də təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əməkdaşları ilə videogörüş keçirib. Layihənin 4 yaşı münasibətilə təşkil edilən görüşdə təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, millət vəkili Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, layihənin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əhəmiyyətindən, eləcə də təhsilin idarəedilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Daha sonra layihə barədə videoçarx nümayiş olunub. Təhsil nazirinin müşaviri Rüstəm Ağayev layihənin 4 illik fəaliyyəti ərzində görülən işlərdən söz açıb. Görüşdə layihə ilə əlaqədar rəy və təkliflər səsləndirilib, icra edilmiş təşəbbüslərə dair müzakirələr aparılıb. Qeyd edək ki, 2016-cı ilin dekabr ayından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Layihə ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir.
11/12/2020 17:42
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More