Onlayn müsahibəyə müraciət müddəti başa çatıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin onlayn müsahibə mərhələsinə müraciət müddəti başa çatıb. Belə ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olduqdan sonra 6 dekabr saat 23:59-dək elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq ediblər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək. Qeyd edək ki, dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək. Namizədlər aşağıdakı linkə daxil olaraq müsabiqənin Azərbaycan və rus bölməsi üzrə müsahibə proqramları ilə tanış ola bilərlər: https://www.miq.edu.az/movzular Hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə biləcəklər.
07/12/2020 09:27
"Dərs vaxtı"nın 7 dekabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının dekabrın 7-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
07/12/2020 08:18
Təhsil naziri Emin Əmrullayevlə söhbət
Təhsil naziri Emin Əmrullayev “Təhsil” televiziyasının yayımladığı “Təhsil naziri ilə söhbət” verilişinin qonağı olub. Müsahibədə təhsil sahəsi ilə bağlı mühüm məqamlara aydınlıq gətirilib, bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
05/12/2020 16:23
Dərsliklərimiz sinqapurlu mütəxəssislərlə müzakirə edilib
Dekabrın 5-də Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi, “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” adlı onlayn müzakirə təşkil olunub. Azərbaycanlı və sinqapurlu mütəxəssislərin iştirak etdiyi görüşdə dərsliklərin mövcud vəziyyəti və dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib. Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrənilib, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulub. Həmçinin Təhsil Nazirliyinin Sinqapurla əməkdaşlıq çərçivəsində təkmilləşdirilməsi planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılıb. Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev bildirib ki, beynəlxalq qiymətləndirmə proqramlarında ilk sırada olan Sinqapur ilə əməkdaşlıqda özümüzəməxsus məzmun, təcrübə formalaşdırılacaq. Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın təsdiq olunduğunu diqqətə çatdıran Anar Nağıyev qeyd edib ki, bu sənədə əsasən V sinifdə “Təbiət” fənninin tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq. Həmçinin beynəlxalq təcrübə və 21-ci əsrin tələbləri araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlər keçiriləcək. “T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluğu ilə davam edən müzakirələrdə Təhsil Nazirinin müşaviri Elnur Nəsibov, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva, Sinqapurun "Alston" nəşriyyatının icraçı direktoru Wee Chee Sim, "Marshall Cavendish" nəşriyyat evinin Mərkəzi Asiya üzrə bölgə direktoru Khairi Sallehudin Bin Abdullah, fizika müəllimi Yalçın İslamzadə, kimya müəllimi Elmir Manafov, biologiya müəllimi Həsən Həsənov, riyaziyyat müəllimi Vüqar Musayev çıxışlar ediblər. Müzakirə Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən yayımlanıb.
05/12/2020 15:37
Uşaq-gənclər inkişaf mərkəzləri tərəfindən qələbə münasibətilə dəyirmi masaIar təşkil olunub
Təhsil Nazirliyinin dəstəyi, 2 və 3 nömrəli uşaq-gənclər inkişaf mərkəzlərinin təşkilatçılığı ilə “Biz qayıdırıq” və “Qarabağa gedən yol” adlı dəyirmi masalar təşkil olunub. COVİD-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilən görüşlərin məqsədi şanlı ordumuzun qələbəsinin qeyd edilməsi, gənc nəsildə vətənə məhəbbət hissinin daha da artırılmasından ibarət olub. Dəyirmi masalarda Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Ağdam, Füzuli, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Xocalı, Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Naftalan və digər rayonlarda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin rəhbərləri və dərnək üzvləri iştirak edib. Görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət başçısının apardığı uğurlu islahatlar, müharibə dövründə xalqımızın birliyi, igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhu barədə söhbətlər aparılıb, dərnək üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib. “Dəyirmi masa”da həmçinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən II Qarabağ müharibəsində həyata keçirilən “Əziz əsgər”, "Əsgərlərə dəstək" aksiyaları barədə məlumat verilib, Bərdə və Gəncə şəhərində baş verən terror hadisələri ilə bağlı uşaqların 15 xarici dildə müraciət etdiyi “Erməni terroruna yox!”, "Yarımçıq qalmış arzular", "Cəbhəyə məktub", "Cəbhədən zəng", “Gözün aydın, Azərbaycan”, "Qələbə sevincimiz" adlı videoçarxlar nümayiş olunub.
05/12/2020 14:33
Onlayn müsahibələr üçün proqram
Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start veriləcək. Onlayn müsahibələrdə iştirak etmək üçün namizədlərin şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olduqdan sonra 6 dekabr saat 23:59-dək elektron poçt ünvanını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Məlumatlar yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək. Aşağıdakı linkə daxil olaraq müsabiqənin Azərbaycan və rus bölməsi üzrə müsahibə proqramları ilə tanış ola bilərsiniz: https://www.miq.edu.az/movzular Qeyd edək ki, hazırda keçiriləcək onlayn müsahibələrdə müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrində vakant yerlərə işə qəbul olunmuş namizədlər iştirak edə biləcəklər.
04/12/2020 18:05
Sinqapurlu mütəxəssislərlə dərsliklərimiz müzakirə ediləcək
5 dekabr saat 11:00-da “Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” adlı onlayn müzakirə təşkil olunacaq. Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi, “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçiriləcək onlayn görüşdə Azərbaycanlı və sinqapurlu mütəxəssislər iştirak edəcək. Görüşdə dərsliklərin mövcud vəziyyəti və dərsliklərdə Sinqapur təcrübəsi müzakirə ediləcək. Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrəniləcək, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulacaq. Həmçinin Təhsil Nazirliyinin Sinqapurla əməkdaşlıq çərçivəsində hazırlanması planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılacaq. Müzakirələri Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləyə bilərsiniz.
04/12/2020 13:59
Şəhid müəllimlərimizi ehtiramla anırıq!
Azərbaycan müəllimi Vətən müharibəsindən üzüağ, başıuca çıxdı. Həm özü şəhidlik zirvəsinə ucaldı, həm də yetişdirdiyi Vətən övladları bu adı haqq etdilər! Düşmənə dərs keçən müəllimlərimizi ehtiramla anırıq!
04/12/2020 13:46
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub. İnsanlar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, gəmilərdən səs siqnalları verilib. Anım gününün ikonası Şuşanın rəmzi sayılan “Xarı Bülbül”dür. Qeyd edək ki, sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamı ilə elan olunub. Bu gün Azərbaycanın bütün şəhər və rayonlarındakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən müharibəsi şəhidlərinin anma mərasimləri keçiriləcək. Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir. Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin. AZƏRTAC
04/12/2020 12:20
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More