"Dərs vaxtı"nın 22 oktyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 22 oktyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq. "Dərs vaxtı"nı izləməyi unutmayın!
21/10/2020 21:22
“Təhsilə yeni baxış” adlı onlayn müzakirə
Oktyabrın 21-də Təhsil Nazirliyinin təşəbbüsü və Təhsil İnstitutun tərəfdaşlığı ilə “Təhsilə yeni baxış” adlı onlayn müzakirə keçirilib. Müzakirə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun mətbuatda dərc edilən və geniş maraq doğuran eyniadlı məqaləsinin tezisləri ətrafında aparılıb. Təhsil nazirinin müşaviri Elnur Nəsibov müzakirəni açaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qələbələri münasibəti ilə iştirakçıları təbrik edib. Elnur Nəsibov bildirib ki, professor Şahlar Əsgərovun “Təhsilə yeni baxış” adlı məqaləsində qeyd edilən əsas tezislərdən biri vətənpərvərlikdir. Bu tezis Prezident İlham Əliyevin Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbulunda da xüsusilə önə çəkilib və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində təkmilləşdirmə işlərinin aparılması tapşırıq kimi qarşıya qoyulub. Daha sonra çıxış edən Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, direktor müavini Anar Nağıyev tariximizin şərəfli səlnaməsinin yazıldığı vaxtda təhsillə bağlı vacib məsələlərin müzakirəsinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Anar Nağıyev Şahlar Əsgərovun “Təhsilə yeni baxış”ının əhatə etdiyi tezislərinin fəlsəfi və praktiki baxımdan müzakirəsinin vacibliyini qeyd edib. Məqalənin müəllifi Şahlar Əsgərov müzakirənin təhsilə olan dəyərin göstəricisi olduğunu bildirərək təşkilatçılara təşəkkür edib. Şahlar Əsgərov qeyd edib ki, təhsilin ali məqsədi savadlı, bilikli şəxsiyyətlər yox, kamil insan yetişdirmək olmalıdır. Bunun üçün təhsilə baxış dəyişməli, təhsilin paradiqması yenilənməlidir. Təhsil düzgün qərarlar qəbul etmək səriştəsi formalaşdırmalı, təhsil prosesinin iştirakçıları cəmiyyətin və bəşəriyyətin inkişafına töhfə kimi dəyərləndirilməlidir. Müharibə zamanı ordu komandirləri hansı dərəcədə önəm daşıyırsa, əmin-amanlıq dövründə də təhsil generalları (məktəb direktorları) həmin önəmi daşımalıdırlar. Təhsilin məzmununa baxışın dəyişilməsinin vacibliyini vurğulayan Şahlar Əsgərov qeyd edib ki, vətənpərvərliyin açarı təhsilin məzmunundadır. Müzakirələrdə Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, şöbə müdirləri Piralı Əliyev, Akif Abbasov, Hümeyir Əhmədov, İntiqam Cəbrayılov, Təhsil Nazirliyi yanında İctimai şuranın katibi İlqar Orucov, təhsil eksperti Qoşqar Məhərrəmov, təhsilin idarə olunması ixtisası üzrə mütəxəssis Cəfər Mənsimi və digərləri çıxış ediblər. Çıxışçılar təhsillə bağlı yazılan məqalənin nazirlik tərəfindən müzakirəyə çıxarılmasını təhsilə yeni yanaşmanın bir aspekti kimi dəyərləndiriblər.
21/10/2020 18:09
Təhsil naziri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb
Oktyabrın 21-də Təhsil naziri Emin Əmrullayev Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə onlayn formatda görüşüb. Görüşdə Azərbaycan Respublikası və Yaponiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Ölkələr arasında tələbə-müəllim mübadiləsi, təhsildə İKT və start-up istiqamətləri üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetində Yapon mərkəzinin və yapon dilinin tədrisindən məmnunluq ifadə edilib, universitetlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Təhsil naziri Azərbaycanın müxtəlif şəhər və rayonlarında dinc əhaliyə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 6 nəfər məktəblinin həlak olması, 17 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-a qədər təhsil müəssisəsinə zərərin dəyməsi ilə bağlı məlumatı səfirin diqqətinə çatdırıb. Səfir, öz növbəsində, insan itkisinə görə narahatçılığını ifadə edib.
21/10/2020 17:46
"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır
Təhsil Nazirliyi "Qarabağın məşhur müəllimləri" adlı yeni layihəyə start verir. Layihə çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunacaq. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.
21/10/2020 15:06
Direktorların işə qəbulu üzrə imtahan proqramı
Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçən 2256 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb. Test imtahanı mərhələsinə hazırlaşan namizədlər imtahan proqramı ilə tanış ola bilərlər. İmtahan mərhələsi keçirilməzdən öncə müsabiqəyə elektron qeydiyyatın yenidən elan edilməsi nəzərdə tutulub. Müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə əvvəlcədən məlumat veriləcək. Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu cari ilin 28 sentyabr – 5 oktyabr tarixlərində həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron qeydiyyatdan keçib, 2479 namizəd elektron ərizəsini təsdiqləyib. Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!
21/10/2020 12:25
"Dərs vaxtı"nın 21 oktyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 21-i üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
20/10/2020 21:49
“Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin İcrasına Dəstək” layihəsinin konfransı
Oktyabrın 20-də Avropa İttifaqı (Aİ) ilə birgə icra olunan, təhsil və təlim sisteminin keyfiyyətini artırmaq məqsədinə xidmət edən “Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin İcrasına Dəstək” (MKÇ) layihəsinin onlayn formatda yekun konfransı keçirilib. Tədbirdə Təhsil naziri Emin Əmrullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Texniki yardım qrupunun rəhbəri Trevor Kuk, baş ekspert İlkin Nəzərov və digər şəxslər iştirak ediblər. Təhsil naziri Emin Əmrullayev konfransı giriş sözü ilə açaraq, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda apardığı uğurlu əməliyyatları qeyd edib. Nazir təəssüf hissi ilə Ermənistanın təcavüzü nəticəsində məktəblilərin həlak olduğunu və yaralandığını, məktəblərin mütəmadi atəşə məruz qaldığını bildirib. Təhsil naziri hərbi vəziyyət rejimi, eləcə də “COVİD 19” pandemiyasının məhdudiyyətləri çərçivəsində təhsilin təşkili və təhsil sisteminin qarşısında duran vəzifələrdən danışıb. Nazir daha sonra iqtisadiyyatın inkişafı və diversifikasiyası baxımından səriştə əsaslı kadr hazırlığı prosesində işəgötürənlərlə təhsilverənlər arasında əməkdaşlığın möhkəmləndirilməsinin, peşə təhsilinə diqqətin artırılmasının, qeyri-formal və informal təhsilin tanınmasının əhəmiyyətindən bəhs edib. Emin Əmrullayev son illərdə Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə həyata keçirdiyi səriştə əsaslı və bacarıqların inkişafına hədəflənmiş “Peşə təmayül siniflər” və “STEAM” layihələri barədə danışıb. Təhsil naziri ölkəmizdə MKÇ-nin geniş şəkildə icrasını təmin etmək məqsədilə sözügedən layihə çərçivəsində müvafiq hüquqi-normativ-institusional bazanın yaradılması, qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması, səriştə əsaslı peşələr üzrə pilot təlimlərin keçirilməsi, müvafiq tədris resurslarının hazırlanması və keyfiyyətin təminatı sahəsində aparılmış işləri yüksək qiymətləndirib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun zəfər yürüşünün ölkədə ümumxalq Qələbə əhval-ruhiyyəsi yaratdığını vurğulayıb. Nazir Ermənistanın mülki əhaliyə qarşı terror həyata keçirməklə beynəlxalq humanitar normaları kobud şəkildə pozduğunu da qeyd edib. O, çıxışında bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, habelə iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun yeni dəyər yaradan sahələrinin tərəqqisinə nail olunub. Bu proseslər əmək bazarında rəqabətqabiliyyətli və yüksək ixtisaslı kadrlara olan tələbatı artırır və bununla əlaqədar peşə təhsili və təlimi sisteminin bu tələbata uyğun qurulmasının vacibliyini şərtləndirir. Nazir bildirib ki, əmək bazarında aparılmış sorğu əsasında iqtisadiyyatın prioritet sahələri üzrə 300 peşə və kvalifikasiya standartı hazırlanıb. Bu ilin sonunadək həmin standartlar təsdiqlənərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər portalı üzərindən fəaliyyət göstərəcək “Peşə və Kvalifikasiya standartlarının Reyestri”ndə yerləşdiriləcək. Sahil Babayev deyib ki, peşə və kvalifikasiya standartlarının tətbiqi təhsil proqramlarının dəyişən əmək bazarının tələblərinə uyğunlaşdırılmasında əsas rola malikdir. Növbəti il daha 350 peşə və kvalifikasiya standartının hazırlanması üçün artıq müvafiq işlərə başlanılıb. Həmçinin nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin 4 Regional Peşə Təhsili Mərkəzinin olduğunu və onların sayının 2030-cu ilədək 10-a çatdırılacağını bildirib. Nazir “Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində görülmüş işlərin əmək bazarı və təhsil sistemi üçün əhəmiyyətini diqqətə çatdırıb. Nazirliyin mütəxəssislərinin də yaxından iştirak etdiyi layihə üzrə 24 peşə və 24 kvalifikasiya standartının, müvafiq olaraq kurikulumların hazırlandığını deyib. Sahil Babayev layihədə əməyi olan bütün iştirakçılara təşəkkürünü bildirib. Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışında sürətlə inkişaf edən cəmiyyətdə ömürboyu təhsilə çıxış imkanlarının çevik, alternativ yollar, qeyri-formal və informal təhsilin tanınması yolu ilə yaxşılaşdırılması üçün böyük tələbatın olduğunu bildirib. Avropa İttifaqının Azərbaycanda tələbəyönümlü və səriştə əsaslı təhsil sisteminin Avropa İttifaqı standartlarına yaxınlaşdırılmasını dəstəklədiyini vurğulayıb. K.Yankauskas layihənin fəaliyyətlərinin Milli Kvalifikasiyalar Çərçivəsində nəzərdə tutulan məqsədlərin-təhsilalanlar, işəgötürənlər və təhsil təminatçıları üçün asan qavranılması, kvalifikasiyalara etimadın gücləndirilməsi, əvvəlki təhsilin tanınması və kreditlərin köçürülməsi yolu ilə ömürboyu təhsilin dəstəklənməsi kimi məqsədləri əhatə etdiyini deyib. Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov layihə çərçivəsində keçirilmiş pilot layihələrin nəticələrinə dair çıxış edib, layihənin texniki yardım qrupunun rəhbəri Trevor Kuk və layihənin baş eksperti İlkin Nəzərov layihə fəaliyyətləri və əldə olunmuş nəticələr, qanunvericilik, institusional tərəfdaşlıq və maraqlı tərəflərin cəlb olunması fəaliyyəti ilə bağlı təqdimat ediblər. Konfransın sonunda Təhsil naziri Emin Əmrullayev layihədə əməyi olanlara, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə, beynəlxalq ekspertlərə təşəkkürünü bildirib.
20/10/2020 12:28
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More