“Şuşa dərsi” keçirilib
Noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil edilib. Şuşa məktəblərinin uğur təcrübəsinə həsr edilən “Şuşa dərsi”ndə bu təhsil müəssisələrinin uğur sirri, təhsil ənənələri barədə müzakirələr aparılıb. Vaxtilə Şuşada məktəb direktoru, müəllim işləmiş və hazırda fəaliyyətlərini davam etdirən təhsil işçiləri, elm və təhsil xadimləri ilə aparılan müzakirələr vasitəsilə Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa qəza məktəbinin nümunəsində çoxillik təhsil tarixinə işıq tutulub. Əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” başlıqlı xalqa müraciətindən videoçarx təqdim edilib. Açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Qələbəmizin xalqa bəxş etdiyi sevincdən danışıb. Nazir müavini xatırladıb ki, 2020-ci il sentyabrın 27-dən Ali Baş Komandanın rəhbərliyi ilə davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad edib. Azərbaycanın mədəniyyət incisi – Şuşa şəhəri azad ediləndən cəmi bir neçə saat sonra döyüşçülərimiz 72 yaşayış məntəqəsini və 9 strateji yüksəkliyi öz nəzarəti altına almağa nail olub. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsinin rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olduğunu deyən nazir müavini Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allahdən rəhmət, yaralılarımıza isə şəfa diləyib. Qeyd edib ki, Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq. Firudin Qurbanov noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması münasibətilə hamını təbrik edərək vurğulayıb ki, əhalisinə görə Qarabağda ən böyük rayon olan Ağdam siyasi yolla, itkisiz azad olunub. Nazir müavini çıxışına Qarabağın incisi, zəngin təbiət və mədəniyyəti ilə seçilən Şuşanın işğaldan azad edilməsi ilə bağlı dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə davam edib: “Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq. 30 illik həsrətə son qoyulur”. Nazir müavini onu da bildirib ki, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya mədəni irs siyahısına salınması məqsədilə hazırda müvafiq işlərə başlanılıb. Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühitinin böyük rol oynadığını qeyd edən nazir müavini bildirib ki, ötən yüzilliklərdən üzübəri müxtəlif sənət və peşə sahiblərinin, xüsusən görkəmli ziyalıların yetişməsində bir ədəbi mühit kimi Şuşanın böyük rolu olub. Şuşa qəza məktəbinin tarixinə toxunan Firudin Qurbanov deyib ki, bu qəza məktəbi ilə Azərbaycanda dövlət təhsil sisteminin bünövrəsi qoyulub. Şuşa şəhərində dünyəvi məktəbin açılması böyük əlamətdar hadisə idi. Bununla Şimali Azərbaycanda Avropa tipli dünyəvi təhsilin əsası qoyulmuş oldu. Bu məktəb Şuşanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında, Şuşa əhalisinin maariflənməsində mühüm rola malik olub. Eyni zamanda, bu məktəb Azərbaycanın o dövrki inkişafı üçün fəaliyyət göstərən şəxslərin yetişməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Nazir müavini çıxışına bu sözlərlə davam edib:"Hazırda Şuşa rayonu üzrə 21 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə çalışan 480 nəfərə yaxın pedaqoji işçi 4000-dən artıq şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Dövlət tərəfindən Şuşa təhsilinə həmişə böyük diqqət yetirilir. Bu gün də Şuşa məktəbləri, Şuşa müəllimləri harada olmalarından asılı olmayaraq, uşaqların əsl vətəndaş kimi və vətənpərvər böyümələrinə, biliklərə yiyələnmələrinə məsuliyyətlə yanaşırlar. Şuşa məktəbləri, Şuşa müəllimləri doğma torpaqlarımıza qayıdış ruhu ilə yaşayır. Onları yaşamağa və işləməyə ruhlandıran böyük inam, Vətənə məhəbbət, gələcəyimiz olan uşaqlarımıza yüksək bilik verilməsidir". Nazir müavini çıxışının sonunda tədbirdə müzakirə edilən önəmli məsələlər, çıxışlarda səsləndirilən dəyərli fikirlər və irəli sürüləcək təkliflərin seminarın işinə töhfə verəcəyinə və gələcəkdə bununla bağlı keçiriləcək görüşlər, tədbirlər üçün Şuşada təhsilin inkişafının təmin olunmasında faydalı olacağına əminliyini ifadə edib. "Şuşa dərsi”nin moderatoru, T-NETWORK-un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov öz növbəsində T-N-NETWORK olaraq Təhsil Nazirliyinin dəstəyi ilə silsilə olaraq təhsilin inkişafı istiqamətində müzakirələr təşkil etdiklərini vurğulayaraq, belə müzakirələri dəstəkləyən Təhsil Nazirliyinin rəhbərliyinə T-NETWORK komandası adından xüsusi təşəkkür edib. Bildirilib ki, “Şuşa dərsi” Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planının tərkib hissəsidir. Müzakirələrdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Şahlar Əsgərov, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Asif Cahangirov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşada da məktəb direktorları işləmiş, hazırda Şuşa rayonu 5 nömrəli tam orta məktəbin direktoru olan Şükür Nəsibov, Şuşa rayonu 19 nömrəli tam orta məktəbin direktoru Rafael Məmmədov, vaxtilə Şuşada müəllim işləmiş, hazırda isə Şuşa rayonu 6 nömrəli tam orta məktəbdə direktor kimi fəaliyyətini davam etdirən Naimə Əliyeva, eyni adlı məktəbin müəllimi Raisə Fərəcova, Şuşa rayonu 24 nömrəli ümumi orta məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək öz təcrübələrini paylaşıblar. Müzakirələr vasitəsilə "Şuşa məktəblərinin uğur sirri nədir?, Şuşadakı məktəblər hansı ənənələri ilə seçilib?, Hazırda bu ənənələrdən hansılar davam etdirilir?, Bu günün məktəblərinin Şuşa məktəblərindəki təlim-tədris praktikasından öyrənəcəyi nələr var?, Dahilər yetişdirən məktəblərin xüsusiyyətləri nələrdir?, Daha bir Ü. Hacıbəyovun, Firudin bəy Köçərlinin və digər dahi şəxslərin yetişməsi üçün nələr etmək lazımdır?” kimi suallara cavab axtarılıb. Təhsil Nazirliyinin rəsmi "Facebook” səhifəsi üzərindən canlı yayımlanan və təhsil ictimaiyyətinin böyük marağına səbəb olan “Şuşa dərsi”ni 30 minə yaxın insan izləyib.
21/11/2020 16:43
Təhsil naziri Türkiyənin Nişantaşı Universitetinin rektoru ilə görüşüb
Noyabrın 20-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Nişantaşı Universitetinin rektoru Şenay Yalçın ilə görüşüb. Görüş zamanı Emin Əmrullayev 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşdığı bu dövr ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirilməsi nəticəsində 10 məktəblinin həlak olduğu, 16 məktəblinin yaralandığı və 50 təhsil müəssisəsinin dağıntılara məruz qaldığı barədə məlumat verib. Nazir Nişantaşı Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Gəncəni ziyarət etməsini və orada Ermənistanın hücumlarını pisləyən bəyanatı səsləndirməsini yüksək qiymətləndirib. Nişantaşı Universitetinin rektoru Şenay Yalçın Ermənistanın təcavüzünü pislədiyini və Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bir daha ifadə edib. Rektor münaqişədən zərərçəkmiş ailələrdən olan gənclər üçün rəhbərlik etdiyi ali təhsil müəssisəsi tərəfindən təhsil təqaüdlərinin ayrılmasının nəzərdə tutulduğunu vurğulayıb.
20/11/2020 19:30
Təhsil işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Noyabrın 20-də təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin əməkdaşları, məktəbdənkənar təhsil müəssisələrinin rəhbər heyəti, xüsusi nailiyyətləri ilə seçilən idmançılar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün mövcud pandemiya ilə əlaqədar sosial təhlükəsizlik qaydaları gözlənilməklə Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, bütün şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb.
20/11/2020 19:21
Təhsil naziri "Microsoft" korporasiyasının rəhbərləri ilə videokonfrans keçirib
Təhsil naziri Emin Əmrullayev "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito və korporasiyanın Avropa üzrə regional təmsilçiləri ilə videokonfrans keçirib. Videokonfrans zamanı Azərbaycanda qısa müddət ərzində yaradılmış və ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri, layihə çərçivəsində əməkdaşlığın genişləndirilməsi və sistemdə toplanılan məlumatlar əsasında təhsil sahəsində qərarvermənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın distant təhsil sahəsində təcrübəsinin digər ölkələrlə bölüşülməsi də müzakirə mövzusu olub. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yeni qurulacaq təhsil müəssisələrində müasir texnologiyaların tətbiqi, “Microsoft” məzmunun müəllimlərin ixtisasartırılması və hazırlanmasında tətbiqi, süni intellekt və bulud texnologiyalarının tətbiqi, valideynlər üçün distant təhsil üzrə təlimlərin təşkili, “Microsoft” lisenziyalaşdırması üzrə növbəti illərdə şirkətlə əməkdaşlıq mövzuları müzakirə olunub.
20/11/2020 16:59
"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planı təsdiq edilib
Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planı təsdiq edilib. Məqsəd ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsidir. Fəaliyyət Planı 9 əsas istiqaməti əhatə edir. Planda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatların verilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması əks olunur. Fəaliyyət Planında Qarabağ və işğaldan azad olmuş digər bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, şifahi xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası, müxtəlif layihə və tədbirlərin təşkili, vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği əsas yer alır. Həmçinin “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şagirdlərin hərbi idman oyunlarında fəal iştirakının təşviqi, bu oyunlarda hər bir məktəbin öz komandası ilə təmsil olunması, şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədi ilə ərazidəki hərbi hissələrlə əlaqələrin möhkəmləndirilməsi, əsgər və zabitlərlə görüşlərin təşkili də bu istiqamətlər sırasındadır. Plana əsasən, Vətən müharibəsi şəhidlərinin anım günləri keçiriləcək, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlər hazırlanacaq. Bundan əlavə, “Dərs vaxtı” teledərs layihəsi çərçivəsində Vətən müharibəsinə, Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilmiş dərslər, videoçarxlar hazırlanması və telekanallarda yayımlanması nəzərdə tutulur. Xatırladaq ki, görüləcək işlər çərçivəsində noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil ediləcək.
20/11/2020 14:53
"Qarabağın məşhur müəllimləri" – Xudu Məmmədov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Xudu Məmmədovdur. O,1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fərqlənmə diplomu ilə başa vurub və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb. Kristalloqrafiya, kristallokimya, quruluş mineralogiyası, simmetriya nəzəriyyəsi, quruluş təhlili sahələrində dünyada tanınmaqla bərabər, fəlsəfə, mədəniyyətşünaslıq sahələrində tədqiqatları alimə dünya şöhrəti gətirib. "Elmin Vətəni yox, alimin Vətəni olmalıdır” deyən Xudu Məmmədov uşaqların, gənclərin bu ruhda böyüməsini istəyirdi: "Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər” deyirdi. Görkəmli alimin elmimizdə açdığı yol "Xudu məktəbi” adlandırılıb. Xudu Məmmədov ilk dəfə “Bakı kristalloqrafiya məktəbi” yaradıb, onun rəhbərliyi ilə 40-dan çox yüksək səviyyəli alim hazırlanıb, onlardan 30-u namizədlik, 10-u isə doktorluq dissertasiyası müdafiə edib. Xudu Məmmədov həmişə müəllim və müəllimlik sənəti haqqında iftixarla danışıb: “Müəllim yalnız dərs deyən, sadəcə olaraq bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan şəxsiyyət, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə olan, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan canlı bir varlıqdır. O, adi gəncdən tutmuş bütün dünyanın müəllimidir”. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
20/11/2020 12:03
Dərsliklərin təkmilləşdirilməsi üzrə Sinqapur şirkəti ilə əməkdaşlıq
Təhsil Nazirliyi Sinqapurun təhsil sahəsindəki nailiyyətlərini nəzərə alaraq, bu ölkənin “Alston” Nəşriyyat Evi ilə uzunmüddətli əməkdaşlığa imza atıb. Məqsəd təcrübə mübadiləsi etmək, təbiət fənləri üzrə təhsil proqramlarını, habelə dərslik komplektlərini təkmilləşdirməkdir. Layihə Təhsil İnstitutu tərəfindən icra olunacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” təsdiq olunub. Sənədə əsasən V sinifdə “Təbiət” fənninin tədrisi planlaşdırılır. Bu məqsədlə Sinqapur nəşriyyatı ilə birgə layihənin ilkin mərhələsində xarici mütəxəssislərin konsultasiyası əsasında ibtidai təhsil səviyyəsində təbiət elmlərinin tədrisi üzrə kurikulum, təlim və tədris materialları təhlil olunacaq. Həmçinin beynəlxalq təcrübə və 21-ci əsrin tələbləri araşdırılacaq, müvafiq tövsiyələrə əsasən yenilənmə işləri aparılacaq. Təbiət elmləri üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və dərsliklərin hazırlanması məqsədilə azərbaycanlı fənn mütəxəssislərinə distant təlimlər keçiriləcək. Layihə çərçivəsində I-IV sinif “Həyat bilgisi” fənni üzrə təhsil proqramındakı təbiət elmlərinə dair məzmun standartları yenilənəcək və yeni V sinif “Təbiət” fənni üzrə məzmun standartları yazılacaq. Bununla yanaşı, V sinif “Təbiət” fənni üzrə dərslik konsepsiyası və bu konsepsiya əsasında yeni dərslik komplekti hazırlanacaq. Ümumi təhsil sahəsində aparılan beynəlxalq qiymətləndirmə tədqiqatlarına əsasən, Sinqapur dünya ölkələrinə liderlik edən ən yaxşı təhsil sistemlərindən birinə sahibdir. Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS – Trends in International Mathematics and Science Study) 2015-ci il hesabatına əsasən, Sinqapurun IV sinif şagirdləri təbiət elmləri üzrə ortalama 590 bal toplayaraq 47 ölkə arasında birinci yerə, VIII sinif şagirdləri isə ortalama 597 bal toplayaraq 39 ölkə arasında birinci yerə çıxıb. Eyni zamanda Şagird Nailiyyətlərinin Beynəlxalq Qiy-mətləndirilməsi Proqramının (PISA – Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən, təbiət elmləri üzrə Sinqapurun 15 yaşlı şagirdlərinin ortalama müvəffəqiyyəti 551 bal olub ki, bu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzrə iştirakçı ölkələr arasında 2-ci yer deməkdir.
20/11/2020 11:02
"Dərs vaxtı"nın 20 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 20-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
20/11/2020 07:22
Avropa Ali Təhsil Məkanına qoşulmuş ölkələrin növbəti nazirlər konfransı keçirilib
Noyabrın 19-da Avropa Ali Təhsil Məkanına (EHEA) üzv ölkələrin onlayn formatda növbəti nazirlər konfransı keçirilib. Tədbirdə EHEA-ya qoşulmuş 48 ölkənin təhsil nazirləri, o cümlədən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev iştirak və çıxış edib. Emin Əmrullayev çıxışında ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlar və son dövr ərzində bu yöndə əldə olunan uğurlardan söz açıb. İtaliyanın sədrliyi ilə baş tutan tədbirdə EHEA-nın gələcəyi, inkişaf və əməkdaşlıq perspektivləri müzakirə edilib. Qeyd olunub ki, növbəti 10 illikdə EHEA-nın inkişafının üç əsas dəyər və hədəf üzərində qurulması nəzərdə tutulur: ali təhsilin inkluzivliyi (sosial inkluzivlik), innovativlik, əməkdaşlıq və mobillik. Konfrans Bəyannamənin qəbul edlməsi ilə başa çatıb.
19/11/2020 19:09
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More