Milli Elmlər Akademiyasının təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Akademiya şəhərciyi”ndə "Bakı Elm Festivalı"na start verilib.
Ölkəmizdə ilk dəfə olaraq keçirilən elm festivalının açılış mərasimində çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə 2 gün davam edəcək tədbirin elmi nailiyyətlərin təbliğində önəmli yer tutacağını qeyd edib. Akademiya rəhbəri elmin inkişafı və qarşıda duran vəzifələr barədə də məlumat verib. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxışında elmin çox böyük və əhəmiyyətli sahə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün özəl sektorun elmin inkişafına böyük ehtiyacı var, özəl sektor elm ocaqlarından yüksək qabiliyyətli savadlı kadrlar gözləyir. Təhsil naziri Mikayıl Cabbarovun tədbir iştirakçılarına salamlarını çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Elm Festivalının “Sənaye ili”ndə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. O, qeyd edib ki, festivalın əsas missiyası müasir elmi biliklərin təbliğ olunması, gənclərin elmi fəaliyyətə cəlb edilməsi, tədqiqatlara maraqlarının artırılması, elmlə cəmiyyət arasında dialoqun yaradılmasıdır. Müasir dövrdə texnologiyaların həyatımızda əhəmiyyətli yer tutduğunu vurğulayan nazir müavini yüksək intellektə malik insanlara tələbatın sürətlə artdığını qeyd edib. Firudin Qurbanov bildirib ki, təhsil sistemi elmin kadr potensialının gücləndirilməsində fəal iştirak edir. Təhsil sistemi həm istehsalın, həm də elm sferasının kadr potensialının yaranmasında əsas həlqədir. 2 gün davam edəcək festivalın birinci günündə proqrama daxil olan istiqamətlərdə Azərbaycan tarixi, Arxeologiya və Etnoqrafiya muzeylərinə ümumilikdə 8 elmi ekskursiya təşkil olunub. Həmçinin AMEA-nın bir sıra strukturlarında, eləcə də, ali təhsil müəssisələrində, paytaxtın 6, 23 və 132-134 nömrəli orta məktəblərində festivalın proqramı çərçivəsində tədbirlər təşkil edilib. Festivalın ikinci günündə ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı müzakirələr və əyləncəli elmi şouların nümayişi nəzərdə tutulub.
08/07/2015 16:52
Bakıda Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə layihəsi olan “Liderlik və idarəetmə” təlimi başlayıb.
Təlimin keçirilməsində məqsəd ilk peşə-ixtisas təhsili müəssisələri üçün müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək və onların bacarıqlarını təkmilləşdirməkdən ibarətdir. “Liderlik və idarəetmə” təliminin başlanması münasibətilə keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib. Qeyri-neft sektoruna xüsusi önəm verildiyini bildirən nazir müavini bu sahənin inkişafında peşə təhsilinin böyük əhəmiyyəti olduğunu deyib. F.Qurbanov “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Stategiyası”nda peşə təhsilinə böyük yer ayrıldığını qeyd edib. Nazir müavini bu təlimin peşə təhsilinin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb. “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin ölkəmizdəki nümayəndəsi Henninq Tvesten, “Allianz Consult” MMC-nin eksperti Anar Məmmədov təlim barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan kadrlar üçün keçirdiyi “Liderlik və idarəetmə” təliminin iştirakçıları müsabiqə əsasında müəyyənləşdirilib. İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəlaiyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək. Təlimlər iki qrup olmaqla bir nəfər beynəlxalq və bir nəfər yerli ekspert tərəfindən idarə olunacaq. 3 ay davam edəcək təlimlərdən sonra iştirakçılar Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərənlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hazırda ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq. Hazırda direktor vəzifəsində çalışmayan şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.
08/07/2015 16:52
Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Yaponiyada işgüzar səfərdədir.
Səfərin məqsədi YUNESKO və Yaponiya höküməti tərəfindən “Davamlı İnkişaf və Təhsil” mövzusunda təşkil edilmiş konfransda iştirak etməkdir. Konfrans son 10 il ərzində BMT tərəfindən dünyanın müxtəlif ölkələrində davamlı inkişafa nail olmaq istiqamətində təhsil sahəsində həyata keçirilmiş müxtəlif layihələrin nəticələrinin və növbəti 10 il ərzində bu sahədə görüləcək işlərin müzakirəsinə həsr edilib. Tədbir çərçivəsində nazir müavini davamlı inkişaf və təhsil sahəsində Azərbaycan hökumətinin həyata keçirdiyi dövlət proqramları, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, o cümlədən Heydər Əliyev Fondu tərəfindən müvafiq istiqamətlərdə həyata keçirilmiş layihələr haqqında məlumat verib. Tədbirin ekspertlər səviyyəsində keçirilmiş müzakirələrində Təhsil Nazirliyinin məsul əməkdaşları müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi şahmat üzrə Respublika çempionatının final mərhələsi başa çatıb.
Noyabrın 1-də başlayan və 8 gün davam edən yarış Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində keçirilib. Çempionatda 37 şəhər və rayonu təmsil edən 164 şahmatçı 2015-ci ildə keçiriləcək məktəblilərin Dünya və Avropa çempionatlarına vəsiqələr uğrunda mübarizə aparıblar. 6 yaş qrupunda “İsveçrə sistemi” ilə keçirilən yarışlarda hər yaş qrupu üzrə I yeri tutan şahmatçılar 2015-ci ilin 6-15 may tarixlərində Tailandda keçiriləcək Dünya, II yeri tutan şahmatçılar isə 2015-ci ilin 24 iyun-03 iyul tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək Avropa çempionatında iştirak etmək hüququ qazanıblar. Beləliklə, Respublika çempionatının final mərhələsində Dünya və Avropa çempionatlarında iştirak edəcək 12 şahmatçımız müəyyənləşib (cədvəl). Final mərhələsinin nəticələrinə görə, I, II və III yeri tutan idmançılar “Təhsil” Respublika İdman Mərkəzinin diplom və medalları ilə təltif olunub. Yarışda fərqlənən hakimlərə isə ”Təhsil” RİM-in “Nümunəvi hakimliyə görə” fərmanı təqdim edilib.
08/07/2015 16:52
Noyabrın 12-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışına start veriləcək.
Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği məqsədi daşıyır. Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyəsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edəcək. Qeyd edək ki, hər ali məktəb bir komanda ilə təmsil olunacaq. Ümumilikdə, yarışa 44 komanda, 264 tələbə qatılacaq. Üç turdan ibarət yarışda səsləndiriləcək suallar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixi, Heydər Əliyev Muzeyindəki məlumat və eksponatlar, video və foto materiallar əsasında tərtib olunub. Qeyd edək ki, yarış ərəfəsində bütün komandalar Heydər Əliyev Mərkəzini ziyarət edərək, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar, foto və video materiallar əsasında araşdırma aparıblar. Bilik yarışının yekunlarına görə, I, II və III yeri tutan komandalar mükafatlandırılacaqlar.
08/07/2015 16:52
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalına ictimaiyyətin marağı getdikcə artır.
Bu günə qədər saytdan istifadə edənlərin ümumi sayı 11374 nəfər, o cümlədən Bakı şəhəri üzrə 4163 nəfər, Sumqayıt şəhəri üzrə 1050 nəfər, Gəncə şəhəri üzrə 421 nəfər olub. Portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur. Aşağıdakı cədvəl fənlər üzrə elektron dərsliklərin müxtəlif formatda yüklənmə statistikasını əks etdirir: S Dərsliyin adı E-pub Oflayn Onlayn Cəmi 1 Biologiya 6-cı sinif 349 341 1116 1806 2 Azərbaycan dili 6-cı sinif 418 406 1358 2182 3 Fizika 6-cı sinif 166 159 545 870 4 Coğrafiya 6-cı sinif 121 148 465 734 5 Azərbaycan tarixi 6-cı sinif 222 235 583 1040 6 Ümumi tarix 6-cı sinif 131 137 390 658 7 Həyat bilgisi 6-cı sinif 63 64 276 403 8 İngilis dili 6-cı sinif 217 314 870 1401 9 Riyaziyyat 6-cı sinif 367 369 1155 1891 10 İnformatika 6-cı sinif 79 70 240 389 Hazırda yalnız 6-cı sinif Azərbaycan bölməsi üzrə elektron dərsliklər saytda yerləşdirilib. Daha çox Azərbaycan dili (2182 nəfər), riyaziyyat (1891), biologiya (1806) və ingilis dili (1401) elektron dərsliklərindən istifadə olunub. Qeyd edək ki, cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcəkdir.
08/07/2015 16:52
Noyabrın 12-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı ümumrespublika bilik yarışı keçirilib.
Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği məqsədi daşıyır. Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyəsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər ali məktəb bir komanda ilə təmsil olunub. Ümumilikdə, yarışda 44 komanda olmaqla 264 tələbə iştirak edib. Yarışdan əvvəl ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı nitqinin videolenti nümayiş etdirilib. Daha sonra tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli qeyd edib ki, bu bilik yarışı formatına və məzmununa görə fərqlənir. Yarış həm ulu öndər Heydər Əliyevin fəaliyyətini, həm də Azərbaycanın əsas tarixi hadisələrini əhatə edir. 12 noyabrın Azərbaycanda Konstitusiya günü olduğunu xatırladan A.Kərimli vurğulayıb ki, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider bu Konstitusiyanın qəbulunda, onun layihəsinin hazırlanmasında lap əvvəldən iştirak edib, bu işə gərgin əmək sərf edib, onun ərsəyə gəlməsində və dünyada qəbul edilən konstitusiyalar içərisində mükəmməl hüquqi sənəd olmasında böyük rol oynayıb. Münsiflər heyətinin üzvləri - Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, təhsil nazirinin müşaviri Hüseyn Əliyev, AMEA-nın Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri Ədalət Qasımov da bu yarışın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıblar. Daha sonra tələbələrin yarışa hazırlığını əks etdirən qısa videoçarx nümayiş etdirilib. Qeyd edək ki, yarış ərəfəsində bütün komandalar Heydər Əliyev Mərkəzini ziyarət edərək, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar, foto və video materiallar əsasında araşdırma aparıblar. Üç turdan ibarət və gərgin mübarizə şəraitində keçən yarışın qalibi 35 xal qazanan Bakı Slavyan Universiteti olub. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası 32 xalla ikinci, Lənkəran Dövlət Universiteti isə 31 xalla üçüncü yeri tutub. Sonda qalib gələn komandalar mükafatlandırılıb. Bütün iştirakçı komandalara isə sertifikatlar verilib.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Uşaq-Gənclər İdman məktəblərinin əməkdaşları arasında Milli Dirçəliş Gününə həsr olunmuş mini futbol turnirinə start verilib.
Bakı şəhərindəki 12 saylı ümumi təhsil məktəbində keçirilən turnir noyabrın 15-dək davam edəcək. Turnirin açılış mərasimində gimnastlar və Nizami rayon Gənclər Yaradıcılıq Qrupunun rəqqasları öz bacarıqlarını nümayiş etdiriblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Turnirdə 6 oyunçu və 1 məşqçidən ibarət 8 komanda iştirak edir. Yarışın qalibləri medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
08/07/2015 16:52
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri xanım Najat Vallo-Belkasemin dəvəti ilə 12-13 noyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərinə işçi səfər edib.
Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov fransalı həmkarı xanım Najat Vallo-Belkasem ilə görüşərək Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkənin ali təhsil müəssisələri arasında müəllim və tələbə mübadiləsinin təşviq olunması yolları, ikili diplom proqramlarının təşkili imkanları və digər qarşılıqlı maraq doğuran məsələlərı müzakirə edib. Təhsil naziri Mikayıl Cabbarov həmçinin Fransa Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Fabien Penon, ali təhsil və tədqiqatlar üzrə müşaviri Vənsan Berje və Strasburq Universitetinin prezidenti Alen Beretz ilə görüşlər keçirərək ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıb. Nazir 2012-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan dilinin tədrisi proqramının həyata keçirildiyi Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunu ziyarət edərək İnstitutun prezidenti xanım Manuel Frank və Azərbaycan dili proqramın iştirakçıları olan müəllim və tələbələrlə görüşüb. Bununla yanaşı, təhsil naziri Azərbaycan Mədəniyyət Mərkəzində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fransada təhsil alan tələbələrlə görüşərək onların təhsili və üzləşdikləri problemlərlə maraqlanıb, Azərbaycanda aparılan təhsil islahatları barədə məlumat verib və tələbələrin məzun olduqdan sonra Azərbaycanın inkişafına verə biləcəyi töhfələrə dair fikirlərini bildirib.
08/07/2015 16:52
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Fransaya işçi səfəri çərçivəsində noyabrın 13-də Fransa Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunda (İNALCO) olub.
İnstitutun prezidenti xanım Manuel Frankla görüşdə Fransa-Azərbaycan münasibətlərinin inkişaf etdiyi diqqətə çatdırılıb, son illər institutla Heydər Əliyev Fondu arasında əlaqələrin yaranması, İNALCO-da Azərbaycan dilinin tədrisinə marağın artması yüksək qiymətləndirilib, təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi istiqamətində razılıq əldə olunub. Həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu məsələyə lazımi dəstək veriləcəyi xüsusi vurğulanıb. Görüşdə Fransa kimi inkişaf etmiş bir ölkədə Azərbaycan dilinin tədrisinin böyük əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb. İNALCO-nun prezidenti M.Frank rəhbərlik etdiyi tədris ocağında Azərbaycan dilinə xüsusi marağın olduğunu, son illər tələbələr arasında dilimizi öyrənmək istəyənlərin sayının artdığını söyləyib. O, əvvəlki illərdən fərqli olaraq Azərbaycan dilinin tədrisinə ayrılan saatların sayının artdığını, bu templə yaxın zamanlarda Azərbaycan dili və mədəniyyətinin tədrisi üzrə bakalavr, gələcəkdə isə magistr və doktorant proqramlarının nəzərdən keçiriləcəyini qeyd edib. Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin hərtərəfli şəkildə inkişaf etdiyini, təhsil sahəsində əməkdaşlığın xüsusi önəm daşıdığını, Fransada Azərbaycan dilinə və onun tədrisinə marağın artmasının çox sevindirici və təqdirəlayiq hal olduğunu bildirib. Təhsil naziri Azərbaycan dilinin tədris olunduğu qrupun tələbələri ilə də görüşüb. Azərbaycan dilini tədris edən elmlər doktoru Aygün Eyyubova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2008-ci ilin noyabrında institutda olduğunu və Azərbaycan dilinin tədrisi ilə yaxından maraqlandığını xatırladıb. O, Heydər Əliyev Fondu ilə institut arasında Azərbaycan dilinin tədrisi ilə bağlı müqavilə bağlandığını bildirib. İnstitutun digər müəllimi Aytən Babalıyeva Azərbaycan dilinin tədris olunduğu qrupda müxtəlif xalqların nümayəndələrinin dilimizi həvəslə öyrənmələrindən, tələbələr arasında müsabiqə keçirilməsindən, İNALCO və Azərbaycanın ali təhsil ocaqlarının əməkdaşlığından bəhs edib. Azərbaycan barədə tələbələrə məlumat verən təhsil naziri Mikayıl Cabbarov ölkəmizin inkişafından, Cənubi Qafqazda lider dövlətə çevrilməsindən söhbət açıb, Azərbaycan dilini öyrənən tələbələrlə tanış olmaqdan məmnunluq hissi keçirdiyini bildirib. Görüşdə bəzi tələbələr Azərbaycan dilində çıxış edərək ölkəmizə səfər etdiklərini söyləyib, bu dili öyrənməkdə əsas məqsədlərindən danışıblar. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və institutun rəsmiləri də görüşlərdə iştirak ediblər.
08/07/2015 16:52
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
4 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
4 il əvvəl -
Bildiriş
4 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
4 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More